30 sentyabr 2026 10:45
144

Azərbaycanın kosmik gələcəyi: insan kapitalından beynəlxalq elmi inteqrasiyaya

Kosmik sənayenin inkişafı müasir dövrdə ölkələrin elmi-texnoloji potensialının mühüm göstəricilərindən biridir. Bu sahədə uğur yalnız qabaqcıl texnologiyalarla deyil, həm də yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin elmə, innovasiyaya cəlb olunması ilə bağlıdır. Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya bu istiqamətdə mühüm fəaliyyət həyata keçirir. Akademiyanın əsas məqsədi gənclərdə kosmosa maraq yaratmaqla yanaşı, bu marağı bilik, praktiki bacarıq və elmi tədqiqata çevirərək Azərbaycanın gələcək kosmik insan kapitalının formalaşmasına töhfə verməkdir.

Akademiyanın beynəlxalq fəaliyyətində mühüm mərhələlərdən biri onun Beynəlxalq Kosmik Təhsil Şurasının – ISEB-in üzvü olmasıdır. Üzv kosmik agentliklərinin yekdil səsverməsi ilə ISEB İdarə Heyətində tamhüquqlu üzv statusu qazanan KOSMİK Akademiya 11 aparıcı kosmik akademiyanı birləşdirən “Space Academy Club”un 12-ci üzvünə çevrilib. Bu üzvlük Azərbaycanın kosmik təhsil və insan kapitalının inkişafı sahəsində əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə tanınması, eləcə də yeni əməkdaşlıq və inkişaf imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan Beynəlxalq Astronavtika Konqresi – BAK 2026 da Azərbaycan gənclərinin beynəlxalq elmi mühitə inteqrasiyası və kosmik sahədə yeni imkanlar qazanması üçün mühüm platformadır.

KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov Azərbaycanda kosmik təhsil və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar və qarşıda duran prioritetlər barədə suallarımızı cavablandırıb.

-“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın əsas missiyası yalnız gənclərdə kosmosa maraq yaratmaq deyil, həm də gələcəyin kosmik mütəxəssislərini formalaşdırmaqdır. Bu baxımdan, Akademiyanın Azərbaycanda kosmik insan kapitalının hazırlanmasında hansı strateji rolu var və qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?

- KOSMİK Akademiyanı yaradarkən qarşımıza qoyduğumuz əsas məqsəd yalnız uşaqlarda və gənclərdə kosmosa maraq yaratmaq deyildi. Bizim daha böyük məqsədimiz Azərbaycanda kosmik insan kapitalının formalaşması üçün davamlı ekosistem yaratmaqdır.

Biz fəaliyyətimizi “maraqdan peşəyə” prinsipi üzərində qururuq. Uşaq məktəbdə kosmosla tanış olur, daha sonra STEAM, mühəndislik və kosmik texnologiyalar üzrə praktiki proqramlara qoşulur, real layihələr üzərində işləyir, universitet mərhələsində elmi tədqiqata keçir, beynəlxalq elmi platformalarda Azərbaycanı təmsil edir və nəticədə kosmik ekosistemin peşəkar iştirakçısına çevrilir.

Bu yanaşmanın ən simvolik nəticələrindən biri “Azərbaycanın Zəfəri” məktəbli peykidir. Zəfərimizin 5-ci ildönümündə Azərbaycan məktəblilərinin hazırladığı peyk orbitə çıxarıldı. Bununla da Azərbaycan məktəbli peyki istehsalında dünyada 9-cu ölkə oldu. Layihə 41 məktəbdən yüzlərlə şagirdi real kosmik texnologiya və mühəndislik prosesinə cəlb etdi. Peykin 2025-ci ilin noyabr ayında SpaceX-in “Falcon 9” raketi ilə orbitə çıxarılması bizim üçün yalnız texnoloji nailiyyət deyil, təhsilin real kosmik missiyaya çevrilməsinin göstəricisi idi.

Bizim üçün əsas prinsip budur: uşağa kosmos haqqında danışmaqla kifayətlənməməli, ona kosmos yaratmaq imkanı verməliyik.

Eyni zamanda, fəaliyyətimizin miqyası sürətlə genişlənir. Cari ilin sonunadək insan kapitalının inkişafına yönəlmiş proqramlarımız üzrə məzunların sayını 22 minə çatdırmağı nəzərdə tuturuq. Mən bu rəqəmə sadəcə iştirakçı statistikası kimi baxmıram. Bu, Azərbaycanın gələcək kosmik, rəqəmsal və yüksək texnologiyalar ekosisteminə istiqamətlənən böyük insan kapitalı bazasıdır.

Qarşıdakı illər üçün əsas hədəfimiz məktəbdən universitetə, universitetdən elmi tədqiqata, tədqiqatdan isə kosmik sənayeyə və karyeraya uzanan vahid milli istedad trayektoriyasını formalaşdırmaqdır.

Çünki ölkənin kosmik gücü yalnız orbitdəki peyklərin sayı ilə ölçülmür. Həmin peykləri yaradan, idarə edən, məlumatlarını emal edən və bu məlumatları iqtisadi, elmi və sosial dəyərə çevirən insanlar da Azərbaycanın kosmik infrastrukturunun bir hissəsidir.

 -Bu il Antalyada keçiriləcək BAK 2026 Azərbaycanın kosmik sektoru üçün mühüm beynəlxalq platformadır. Sizcə, bu konqres Azərbaycan gənclərinə yalnız yeni bilik və əlaqələr qazandırmaqla kifayətlənəcək, yoxsa onların beynəlxalq kosmik layihələrə və tədqiqatlara real inteqrasiyasına da yol aça bilər?

 -Biz BAK 2026-nı Azərbaycan gənclərinin sadəcə iştirak etdiyi beynəlxalq tədbir kimi deyil, Azərbaycanın gənc elmi potensialının qlobal kosmik elmi ictimaiyyətinə inteqrasiyası üçün platforma kimi qiymətləndiririk.

Son illərin dinamikası artıq bu transformasiyanı göstərir. Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə təqdim etdiyi elmi işlərin sayı 2023-cü ildə 214, 2024-cü ildə 345, 2025-ci ildə 632, 2026-cı ildə isə 814 olub. Yəni, cəmi üç il ərzində göstərici təxminən 3,8 dəfə artıb.

Bu rəqəmlərin arxasında daha böyük dəyişiklik dayanır: Azərbaycan gənci beynəlxalq konqresə artıq yalnız dinləyici kimi deyil, elmi bilik istehsal edən tədqiqatçı kimi gedir.

Üstəlik, bu proses konqres təqdimatı ilə yekunlaşmır. Milli Elmi Komanda çərçivəsində hazırlanan elmi işlərin artıq 30 faizi “Scopus” bazasında indekslənən elmi nəşrlərdə dərc olunub. Bu bizim üçün son dərəcə vacib keyfiyyət göstəricisidir. Çünki məqsədimiz gəncin yalnız beynəlxalq konqresdə çıxış etməsi deyil, onun tədqiqatının beynəlxalq elmi dövriyyəyə daxil olmasıdır.

Bu nəticələrin universitetlərimiz üçün də strateji əhəmiyyəti var. Elmi məhsuldarlıq, sitat potensialı və beynəlxalq tədqiqat əməkdaşlığı kimi göstəricilərin güclənməsi universitetlərin qlobal akademik nüfuzuna xidmət edir və “Times Higher Education World University Rankings” və “QS World University Rankings” kimi beynəlxalq reytinq sistemlərində istifadə olunan tədqiqat və beynəlxalq inteqrasiya göstəricilərinə töhfə verə bilər.

Beləliklə, bir tələbənin uğuru artıq yalnız onun şəxsi nailiyyəti deyil. Tələbənin elmi uğuru universitetin elmi portfelinə, universitetin uğuru isə Azərbaycan ali təhsilinin beynəlxalq mövqeyinin güclənməsinə töhfə verir. Ona görə BAK 2026-nın nəticəsini yalnız neçə nəfərin Antalyaya getməsi ilə ölçməyəcəyik. Bizim üçün əsas göstərici orada qurulan əlaqələrin neçə yeni tədqiqata, beynəlxalq əməkdaşlığa, elmi nəşrə və gələcək karyera imkanına çevrilməsidir.

-Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlıqları genişlənir. Bu əməkdaşlıqların gənclər üçün təcrübə, birgə tədqiqat və karyera imkanlarına çevrilməsi istiqamətində hansı konkret mexanizmlər formalaşdırılır?

 -Bizim beynəlxalq əməkdaşlıq fəlsəfəmizi bir cümlə ilə ifadə etmək olar: tərəfdaşlığın dəyəri imzalanmış sənədlə deyil, gənc üçün yaratdığı imkanla ölçülməlidir. 2026-cı ildə bu istiqamətdə KOSMİK Akademiyanın inkişafında çox mühüm institusional mərhələyə çatdıq. ISEB-ə üzv olmaqla dünyanın 12-ci KOSMİK Akademiyasına çevrildik.

International Space Education Board (ISEB) NASA, ESA, JAXA, Kanada Kosmik Agentliyi və KARI kimi dünyanın aparıcı kosmik qurumlarının təmsil olunduğu beynəlxalq kosmik təhsil platformasıdır. KOSMİK Akademiyanın həmin ekosistemin 12-ci üzvünə çevrilməsi Azərbaycan üçün mühüm beynəlxalq tanınmadır.

Lakin bizim üçün üzvlüyün özündən daha vacib olan onun yaratdığı imkanlardır.

Məqsədimiz dünyanın ən qabaqcıl kosmik təhsil təcrübələrini Azərbaycana gətirməklə yanaşı, özümüz yaratdığımız uğurlu modelləri də beynəlxalq müstəviyə çıxarmaqdır. Digər beynəlxalq tərəfdaşlıqlarımız da artıq konkret imkanlara çevrilir. Türkiyə ilə həyata keçirilən proqramlarda məktəblilər aerokosmik mühəndislik mühiti ilə tanış olur, Braziliya Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində peyk və IoT texnologiyaları ilə işləyir.

Biz bunu “partnership-to-opportunity” tərəfdaşlıqdan imkana modeli kimi görürük. Yəni, hər strateji beynəlxalq tərəfdaşlığın sonunda Azərbaycan gənci üçün konkret nəticə yaranmalıdır: təhsil, mentorluq, birgə tədqiqat, beynəlxalq təcrübə, elmi şəbəkə və gələcək karyera imkanı.

 -Kosmik sənayenin inkişafında ən böyük çağırışlardan biri istedadlı gənclərin bu sahədə uzunmüddətli karyera qurmasıdır. KOSMİK Akademiya onları Azərbaycanda formalaşan kosmik ekosistemin davamlı iştirakçılarına çevirmək üçün hansı imkanları yaradır?

 -Məncə, bu, qarşımızda duran ən mühüm strateji məsələlərdən biridir. Gəncdə kosmosa maraq yaratmaq nisbətən asandır. Əsas məsələ həmin marağı 10–15 illik peşəkar inkişaf trayektoriyasına çevirməkdir.Ona görə biz ayrı-ayrı tədbirlər deyil, bir-biri ilə əlaqəli inkişaf sistemi qururuq.

Şagird ilkin kosmik maarifləndirmədən Beynəlxalq Kosmik Olimpiadaya, oradan peyk və mühəndislik layihələrinə, beynəlxalq düşərgə və təcrübə proqramlarına, universitet mərhələsində Milli Elmi Komandaya, daha sonra BAK/IAC və APRSAF kimi beynəlxalq elmi platformalara keçə bilər.

Biz istəyirik ki, hər layihə növbəti imkanın qapısını açsın.Burada bizim üçün çox vacib anlayış “talent retention” yəni, istedadın ekosistemdə saxlanılmasıdır. Azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil alması və beynəlxalq kosmik qurumlarda təcrübə qazanması böyük üstünlükdür. Məqsədimiz həmin beynəlxalq bilik və təcrübənin Azərbaycanla əlaqəsinin itməməsi, əksinə ölkənin elmi və texnoloji inkişafına bağlanmasıdır. Cari ilin sonunadək 22 min strateji insan kapitalı məzununa çatmaq hədəfimiz də məhz bu baxımdan böyük əhəmiyyət daşıyır.

Lakin bizim əsas fəaliyyət göstəricimiz yalnız “neçə nəfər proqramda iştirak etdi” deyil. Daha vacib sual budur:Onlardan neçəsi növbəti mərhələyə keçdi? Neçəsi tədqiqatçı oldu? Neçəsi mühəndisliyə yönəldi? Neçəsi beynəlxalq elmi şəbəkəyə daxil oldu?

Məqsədimiz Azərbaycanda sadəcə kosmosa marağı olan böyük auditoriya yaratmaq deyil. Azərbaycanın gələcək kosmik iqtisadiyyatını formalaşdıracaq peşəkarlar nəsli yetişdirməkdir.

-Antalyada keçiriləcək BAK 2026-dan sonra KOSMİK Akademiyanın qarşısında hansı yeni mərhələ dayanır? Bu platformadan əldə olunacaq bilik, əlaqə və təcrübələrin Azərbaycanda konkret layihələrə, elmi təşəbbüslərə və yeni nəsil kosmik mütəxəssislərin hazırlanmasına çevrilməsi üçün hansı addımlar atılacaq?

 -BAK 2026 bizim üçün yekun deyil. Əksinə, mən onu KOSMİK Akademiyanın növbəti inkişaf mərhələsinin başlanğıcı kimi görürəm.Çox qısa müddət ərzində qurduğumuz model artıq ölçülə bilən nəticələr yaradıb. Zəfərimizin 5-ci ildönümündə “Azərbaycanın Zəfəri” məktəbli peykini orbitə çıxardıq və Azərbaycan bu istiqamətdə dünyada 9-cu ölkə oldu. ISEB-ə qoşulmaqla dünyanın 12-ci KOSMİK Akademiyasına çevrildik. 3G+ modelimizdə qadınların payı 51 faizə çatıb. Cari ilin sonunadək 22 min strateji insan kapitalı məzununa çatmağı nəzərdə tuturuq. Milli Elmi Komandanın elmi işlərinin artıq 30 faizi Scopus bazasında indekslənən nəşrlərdə dərc olunub və yaratdığımız elmi şəbəkə 52 universiteti əhatə edir. Eyni zamanda, Azərbaycanın IAC-a təqdim etdiyi elmi işlərin sayı 214-dən 345-ə, sonra 632-yə və 2026-cı ildə 814-ə yüksəlib.

Mən bunları ayrı-ayrı uğurlar kimi görmürəm. Bunların hamısı bir strategiyanın müxtəlif göstəriciləridir-Azərbaycanın kosmik insan kapitalının sistemli şəkildə formalaşdırılması.

İndi isə növbəti mərhələyə -miqyasdan təsirə keçirik.

Antalyadan qayıtdıqdan sonra uğuru yalnız neçə nəfərin BAK-da iştirak etməsi ilə ölçməyəcəyik. Daha vacib suallar verəcəyik: Neçə elmi iş davamlı tədqiqata çevrildi? Neçə tədqiqat Scopus nəşrinə çevrildi? Neçə beynəlxalq əlaqədən yeni layihə yarandı? Neçə tələbə yeni akademik və karyera imkanına keçdi? Neçə universitet beynəlxalq tədqiqat şəbəkələrinə daha dərindən inteqrasiya olundu?

Bunun universitetlərimiz üçün də multiplikativ təsiri var. Bir gəncin tədqiqatının beynəlxalq nəşrə çevrilməsi onun fərdi uğurundan başlayır, universitetin elmi məhsuldarlığına və beynəlxalq görünürlüğünə keçir və nəticədə Azərbaycan ali təhsilinin qlobal mövqeyinin güclənməsinə xidmət edir. Bu göstəricilər THE və QS kimi beynəlxalq reytinqlərin tədqiqat, sitat və beynəlxalq əməkdaşlıq komponentləri ilə də əlaqəlidir. Mən bunu “IAC-dan Impact-a” keçid adlandırardım.

Növbəti strateji məqsədimiz isə bundan da böyükdür: Azərbaycan yalnız beynəlxalq kosmik təhsil proqramlarından faydalanan ölkə olmamalıdır. Biz öz kosmik təhsil modellərimizi, layihələrimizi və insan kapitalının inkişafı üzrə təcrübəmizi digər ölkələrlə bölüşən beynəlxalq mərkəzə çevrilmək istəyirik.

ISEB üzvlüyü bunun üçün yeni imkan açır. Biz artıq yalnız qlobal kosmik təhsil ekosistemindən öyrənən deyil, öz təcrübəsini həmin ekosistemə təqdim edən tərəfə çevrilirik.

KOSMİK Akademiyanın növbəti inkişaf mərhələsini mən dörd strateji keçidlə ifadə edərdim:

Maraqdan peşəyə.

İştirakdan inteqrasiyaya.

Layihədən ekosistemə.

Milli təcrübədən beynəlxalq modelə.

Bütün bu fəaliyyətlərin sonunda bizim üçün ən böyük nəticə hər hansı bir statistik göstəricidən daha böyükdür: Biz gənclərə sadəcə kosmosu göstərmirik. Biz Azərbaycanın gələcək kosmik nəslini formalaşdırırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”