30 sentyabr 2026 18:38
105

Məktəb: dünyəvi və dini baxış bucağından

Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərar dünyəvi təhsil sistemində vahid geyim formasının tətbiqinin dini inanclara qarşı addım deyil; bu, dövlətçilik prinsiplərinin, sosial bərabərliyin və uşaqların psixoloji sağlamlığının təminatıdır.

Müasir Azərbaycan cəmiyyətində zaman-zaman müxtəlif müstəvilərdə müzakirə edilən, lakin mahiyyəti etibarilə birbaşa gələcəyimizlə — gənc nəslin tərbiyəsi və milli təhsilimizin saflığı ilə bağlı olan bir sıra məsələlər vardır. Bunlardan biri də orta məktəblərdə vahid geyim formasının tətbiqi və dini simvolların, xüsusən baş örtüyünün təhsil mühitinə gətirilməsi ətrafındakı diskussiyalardır. Son günlər ictimaiyyətə təqdim etdiyimiz fiqhi və pedaqoji arqumentlər böyük rezonans doğurdu. Təbii ki, müxtəlif baxışların, hətta emosional yanaşmaların olması gözlənilən idi. Lakin elmi, tarixi və fiqhi gerçəkliklər hisslərə deyil, dəqiq faktlara söykənir. Bu məsələyə həm dövlətçilik, həm pedaqogika, həm də İslam hüququ (fiqh) prizmasından kompleks yanaşmaq, real mənzərəni tam aydınlığı ilə cəmiyyətə çatdırmaq zərurəti yaranmışdır.

Dünyəvi təhsil, vahid mühit və sosial bərabərlik məkanı kimi

Azərbaycan Konstitusiyasına görə, dünyəvi, demokratik dövlətdir. Dünyəvilik dinin rədd edilməsi deyil, dinin dövlət işlərindən, o cümlədən təhsil sistemindən ayrı tutulması, hər bir vətəndaşın vicdan azadlığının təmin edilməsi deməkdir. Məktəb hər bir uşaq üçün bərabər imkanların, vahid qaydaların hökm sürdüyü neytral bir bilik məkanıdır.

Məktəblərdə vahid geyim formasının tətbiq edilməsi sadəcə vizual nizam-intizam məsələsi deyil. Bu, uşaqlar arasındakı sosial-iqtisadi fərqləri ortadan qaldıran, varlı və kasıb təbəqədən olan şagirdləri eyni müstəviyə gətirən, onları "biz" anlayışı ətrafında birləşdirən mühüm psixoloji amildir. Əgər məktəb mühitinə müxtəlif dini, ideoloji və ya sosial simvollar daxil edilərsə, bu, həmin formalaşmaqda olan uşaq psixologiyasında qütbləşməyə, ayrı-seçkiliyə və təcrid olunmaya gətirib çıxara bilər.

Məktəb yaşlı uşaqlar öz dünyagörüşlərini, dərketmə qabiliyyətlərini zamanında tam formalaşdırmayıblar. Bu yaşda uşağın geyim seçimi və ya müəyyən bir dini rəmzə yönəlməsi çox vaxt onun şüurlu qərarı deyil, valideynlərin, ailə mühitinin diktəsi və təsiri olur. Dövlətin və təhsil müəssisəsinin vəzifəsi isə uşağın yetkinlik yaşına çatana qədər obyektiv, neytral və elmi bir mühitdə böyüməsini, dünyagörüşünü müstəqil şəkildə formalaşdırmasını təmin etməkdir.

Dini mövzularda səslənən bir çox tənqidlər, təəssüf ki, İslam hüququnun (fiqhin) təməl prinsiplərini dərindən bilməməkdən və ya Quran ayələrini kontekstdən çıxararaq yozmaqdan qaynaqlanır. İslam fiqhinə görə, bir insanın dini əmrləri (fərzləri) yerinə yetirməklə cavabdeh olması üçün iki əsas şərt var: ağıl və həddi-büluğa (yetkinlik yaşına) çatmaq.

Həddi-büluğa çatmamış uşaqlar üçün dini göstərişlərin, o cümlədən baş örtüyünün tətbiqi fiqh alimlərinin rəyinə görə heç bir halda məcburi hesab olunmur. Məktəbli yaşındakı bir qız uşağının başını örtməsini dinin mütləq şərti kimi qələmə vermək, İslamın mahiyyətindən uzaqlaşıb sırf formal yanaşmaya qapanmaqdır.

Mövzu ilə bağlı tez-tez adı çəkilən "Nur" surəsinin 31-ci və "Əhzab" surəsinin 59-cu ayələrinin əsas qayəsini anlamaq üçün onların nazilolma səbəblərinə baxmaq lazımdır. Həmin ayələr Mədinə cəmiyyətində yəhudi və xristian qadınların mövcud olduğu sosial mühitdə müsəlman qadınların tanınması, hörmət olunması və onların sosial təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazil olmuşdur. Məqsəd müsəlman qadının cəmiyyətdə təhlükəsizliyini qorumaq və narahat edilməsinin qarşısını almaq idi. Din formal örtükdən daha çox mənəvi əxlaqa, daxili təvazökarlığa və iffətə önəm verir. Uşaq yaşda bu formallığı tətbiq etməyə çalışmaq dindarlıq deyil, dini mahiyyətindən ayırmaqdır.

Bu məsələdə ən çox istismar olunan mövzulardan biri də guya İslam dünyasında hər yerdə məktəblilərin başının bağlı olması barədə yaradılan yanlış təsəvvürdür. Şərq ölkələrinin zəngin təhsil ənənələrinə və ərəb cəmiyyətlərinin daxili dinamikasına bələd olan bir şəxs kimi bu iddiaların əsasının zəif olduğunu qeyd etməliyəm.

Mən uzun illər ərəb Şərqində yaşamışam. İraqda — məşhur Bağdad Universitetində təhsil almışam. Dənizdən dənizə qədər böyük bir coğrafiyada — Suriyada, Əlcəzairdə, Yəməndə çalışmışam, bu ölkələrin təlim-tərbiyə sistemini, ictimai həyatını yaxından müşahidə etmişəm, onlar haqqında ərəb və ingilis dillərində xeyli kitab nəşr etdirmişəm. Buna görə bildirirəm ki, sözügedən ərəb-müsəlman ölkələrində orta məktəb yaşlı qızların kütləvi şəkildə çarşablı geyimdə dərsə getməsi kimi bir məcburi təcrübə yox idi. Əksinə, orta məktəb qızlarının böyük əksəriyyəti məktəbə başıaçıq, dünyəvi vahid formada gedirdilər.

Hətta təhsil aldığım Bağdad Universitetində çox diqqəti cəlb edən və nümunəvi bir mənzərə var idi. Kəndlərdən və ya daha mühafizəkar ailələrdən gələn tələbə qızlar küçədən, avtobusdan universitetin həyətinə daxil olarkən əyinlərindəki çarşabları çıxarırdılar. Universitetin girişində hər bir qız tələbə üçün nəzərdə tutulmuş xüsusi qutular var idi. Onlar çarşablarını səliqə ilə həmin qutulara qoyur, tam dünyəvi, müasir geyimdə auditoriyalara keçirdilər. Bütün dərs prosesi boyunca başıaçıq şəkildə müəllimləri dinləyir, fənləri mənimsəyir, oğlan və qız tələbə yoldaşları ilə bərabərhüquqlu, heç bir dini fərqlilik nümayiş etdirmədən ünsiyyətdə olurdular. Dərs bitdikdən sonra çarşabları geyinib evlərinə dönürdülər.

Bu, nəyi göstərir? Hətta İslam dünyasının mərkəzi sayılan Bağdad kimi bir elmi mərkəzdə belə, təhsil mühiti ilə şəxsi/ailəvi həyatın balansı dəqiqliklə qorunurdu. Təhsil ocağı bilik və bərabərlik məkanı sayılır, fərdi inanclar və geyim seçimləri isə müəssisənin divarlarından kənarda saxlanılırdı. Əgər ərəb-İslam dünyasının aparıcı elmi mərkəzləri bu balansı illər öncə qoruya bilibsə, dünyəvi dövlət olan Azərbaycanda məktəbli formasına dini rəng qatmaq cəhdləri elmi və tarixi baxımdan necə əsaslandırıla bilər?

İslam fiqhində çox mühüm bir hüquqi prinsip var: "Əl-məsləhətül-ammə" — yəni ümumi ictimai maraqların, cəmiyyətin birliyinin və nizamının fərdi istəklərdən üstün tutulması. Eyni zamanda, fiqh alimləri də qəbul edirlər ki, yaşadığın dövlətin ictimai nizamına, qanunlarına və ümumi qaydalarına riayət etmək hər bir vətəndaşın, o cümlədən müsəlmanın mənəvi borcudur.

Əgər dövlətin təhsil siyasəti məktəblilər arasında bərabərliyi, nizam-intizamı, psixoloji rahatlığı və cəmiyyətin qütbləşməməsini vahid geyim formasında görürsə, bu addım dini inanclara qarşı yönəlmiş fəaliyyət deyil. Bu, cəmiyyəti gələcək sosial çatlamalardan qoruyan, uşaqların sağlam mühitdə böyüməsini təmin edən dövlətçilik mexanizmidir.

Uşaqlarımızın təməl haqqı keyfiyyətli təhsil almaq, dünya elminə yiyələnmək, texnologiyanı mənimsəmək və cəmiyyətə faydalı, azad düşüncəli fərd kimi yetişməkdir. Onların kiçik yaşlarda geyim üzərindən ideoloji və ya dini müzakirələrin mərkəzinə çəkilməsi pedaqoji baxımdan yolverilməzdir.

Biz cəmiyyətimizdə ayrılıq, qütbləşmə yaratmamalı, məktəblərimizi sırf elm, bilik və tərbiyə məkanı kimi qorumalıyıq. Vahid məktəbli forması bu qorunmanın ən etibarlı zəmanətidir.

İslam hüququna əsasən, həddi-büluğa çatmamış uşaqların başının örtülməsi dini məcburiyyət (fərz) deyil. Şərq ölkələrinin tarixi təcrübəsi və şəxsi müşahidələrimiz göstərir ki, təhsil mühitini dünyəvi saxlamaq İslam prinsiplərinə zidd deyil, əksinə, cəmiyyətin inkişafı üçün zərurətdir. Fərdi, ailəvi inanclar və geyim seçimləri məktəbdənkənar mühitdə saxlanılmalı, təhsil ocaqlarında isə dövlətin vahid qaydalarına tam əməl olunmalıdır. Ən doğru, elmi və milli maraqlarımıza cavab verən yol budur.

İslam dinində hər şey – ibadətdən tutmuş gündəlik həyata qədər – müəyyən bir ölçü, qayda və nizam üzərində qurulub. Dində həddi aşmaq, ifrata varmaq və ya lüzumsuz gərginlik yaratmaq təqdir olunmur. Lakin təəssüf ki, bəzən gənclərin dini ibadətlərə yanaşmasında formallığın və həddindən artıq aludəçiliyin ön plana çıxdığını, mahiyyətin isə arxa plana keçdiyini görürük.

Məsələnin mərkəzində dayanan əsas amillərdən biri də ailə mühitidir. Bunu nəzərə alaraq, mütləq ailənin məsuliyyətini qeyd etməliyik. Valideynlər öz övladlarının bu dərəcədə dini aludəçiliyə qapılmasına imkan verməməli, onları fanatizmə və ya kor-koranə yönümlərə sürükləməməlidirlər. Ailə övladına anlatmalıdır ki, din ilk növbədə yüksək əxlaq, mərhəmət, cəmiyyət qarşısında məsuliyyət və sağlam təfəkkürdür. Valideynlərin diqqətsizliyi və ya səhv yönəltməsi gənclərin təhsildən, real həyatdan və cəmiyyətdən təcrid olunmasına yol açmamalıdır.

Bütün bunlar bir ziyalı kimi mənim şəxsi mülahizələrim və müşahidələrimdir. Hesab edirəm ki, qaldırılan bu problemlər, gənclərin tərbiyəsi və dinin düzgün dərk olunması məsələsi cəmiyyətin, xüsusilə valideynlərin və müəllimlərin geniş müzakirəsinə buraxılmalıdır.

Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor