30 sentyabr 2026 17:06
241

Kamran Bayramov: “ADEX 2026” ölkəmizin müdafiə potensialını nümayiş etdirən mühüm platformadır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ölkəmiz və bütün region üçün müstəsna strateji əhəmiyyətə malikdir. Bu möhtəşəm tədbir təkcə ən son hərbi texnika və müasir innovasiyaların nümayiş olunduğu platforma deyil, həm də Azərbaycanın Zəfərdən sonra sürətlə yüksələn hərbi-sənaye gücünü, suverenliyini və beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicini nümayiş etdirən mühüm siyasi, iqtisadi və təhlükəsizlik hadisəsidir. Qafqaz regionunun ən böyük hərbi-texnoloji platforması olan bu sərgi qlobal gücləri Bakıda bir araya gətirərək dövlətimizin müdafiə potensialını və regiondakı lider mövqeyini növbəti dəfə təsdiqləyir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, 53 ölkədən 280-dən çox aparıcı şirkət

və təşkilatın, eləcə də 39 ölkəni təmsil edən 59 yüksəksəviyyəli xarici nümayəndə heyətinin qatıldığı bu möhtəşəm beynəlxalq platforma Bakını qlobal hərbi-texniki əməkdaşlığın, dialoqun və strateji tərəfdaşlıqların əsas mərkəzlərindən birinə çevirir. ABŞ, Almaniya və Böyük Britaniyanın "Northrop Grumman", "Lockheed Martin", "Rheinmetall" və "BAE Systems" kimi dünya şöhrətli müdafiə nəhənglərinin ilk dəfə bu sərgidə debüt etməsi sərgiyə olan beynəlxalq etimadın yüksək göstəricisidir. Bununla yanaşı, qardaş Türkiyənin "Roketsan", "Aselsan", "Baykar" və "Turkish Aerospace" kimi flaqman müəssisələri ilə sərgidə ən geniş heyətlə təmsil olunması, həmçinin 14 ölkənin milli pavilyonla iştirakı Azərbaycanın qlobal müdafiə sənayesi xəritəsində artan çəkisinin və yüksək beynəlxalq nüfuzunun bariz sübutudur.

Deputat diqqətə çatdırıb ki, sərgidə Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq tamamilə milli ekspozisiyaya ayrılması və yerli istehsalat holdinqlərinin ən son texnologiyalarını nümayiş etdirməsi müstəsna əhəmiyyət kəsb edir. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi və “MİRAS Hərbi-Sənaye Şirkəti” kimi aparıcı qurumların vahid çərçivədə təmsil olunması Azərbaycanın artıq yalnız müdafiə məhsulları idxal edən deyil, həm də beynəlxalq bazarda rəqabətədavamlı, yüksək texnologiyalı silah və avadanlıqlar istehsal edən güclü, özünütəminatlı dövlət kimi formalaşdığını aydın şəkildə nümayiş etdirir. Bu cür genişmiqyaslı platformalar yerli müəssisələrin texnoloji imkanlarını beynəlxalq auditoriyaya təqdim etməklə yanaşı, yeni işgüzar əlaqələrin qurulmasına, kiberdayanıqlılığın artırılmasına və hərbi-sənaye sahəsində uzunmüddətli strateji tərəfdaşlıqların formalaşmasına böyük töhfə verir. Sərgi çərçivəsində təşkil olunan işgüzar proqramlar, texnologiya və innovasiya sessiyaları, habelə keçirilən ikitərəfli görüşlər ölkəmizin hərbi-elmi potensialının güclənməsinə, bilik və təcrübə mübadiləsinin dərinləşməsinə və gələcək birgə layihələrin təməlinin qoyulmasına geniş imkanlar yaradır.

K.Bayramov əlavə edib ki, bu möhtəşəm beynəlxalq platforma Azərbaycanın təkcə regionda deyil, qlobal hərbi-sənaye xəritəsində diktə edən tərəfə çevrildiyini bir daha nümayiş etdirir. "ADEX 2026" və "Securex Caspian" sərgiləri çərçivəsində qurulan işgüzar əlaqələr, əldə olunan razılaşmalar və nümayiş etdirilən innovativ həllər ölkəmizin milli təhlükəsizliyini daha da möhkəmləndirməklə yanaşı, gələcək hərbi-texniki tərəfdaşlıqlar və ixrac imkanları üçün mühüm zəmin yaradır.