30 sentyabr 2026 23:00
801

Müəllim olmaq mənim üçün həyatımın ən düzgün qərarıdır


Zülfiyyə Şivəxanlı: Məqsədim yalnız yaxşı nəticə göstərən şagird yetişdirmək deyil, əsl insan, əsl vətəndaş yetişdirməkdir

Müəllimlik yalnız bilik vermək deyil, həm də gələcək nəslin dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına töhfə verməkdir. 23 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülfiyyə Şivəxanlı ilə müəllimlik peşəsinə sevgisi, ana dilinin tədrisinin əhəmiyyəti və şagirdlərinin uğurları barədə söhbətləşdik.

Əvvəlcə özünüzü oxucularımıza necə təqdim edərdiniz? Sizi müəllimlik peşəsinə gətirən yol necə başladı və bu gün geriyə baxanda həmin yolun hansı məqamlarını xüsusi dəyərləndirirsiniz?

Mən özümü, ilk növbədə, ana dilini və ədəbiyyatı sevən, bu sevgini şagirdlərinə aşılamağa çalışan , öyrənməyi və öyrətməyi həyatının bir parçası hesab edən müəllim kimi təqdim edərdim. Müəllimliyə marağım hələ uşaqlıqdan formalaşıb. Məhz 23 nömrəli doğma məktəbdə. Axı mən həm də 28 il  işlədiyim bu məktəbin məzunuyam. Zaman keçdikcə doğma dilimizə, zəngin ədəbiyyatımıza olan sevgim bu seçimi daha da möhkəmləndirdi. İşlədiyim illər ərzində bir çox uğurlara imza atmışam. Onlarla müəllim, həkim, mühəndis, hüquqşünasın formalaşmasında özünəməxsus rol oynamışam. Məzunlarımın arasında Azərbaycan dili və ədəbiyyat müəllimi kimi bu gün doğma məktəbimizdə mənimlə çiyin-çiyinə çalışan şagirdlərim var. Hər il Respublika Fənn Olimpiadalarında şagirdlərim fərqlənərək qaliblər sırasında yer alırlar. Çox sevinirəm ki, onların arasında məhz mənim tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənni üzrə medala layiq görülənlər də az deyil. Belə şagirdlərdən biri QafarQuluzadə bu il BDU-nun Azərbaycan dili və ədəbiyyat müəllimliyi fakültəsinə müsabiqədənkənar qəbul olmuşdur. Qafarla yanaşı, rəhbərlik etdiyim 11A sinfinin 4 şagirdi respublikanın ən nüfuzlu ali məktəblərinə (ADA, BANM) qəbul olunmuşdur. Bir şagirdimiz isə İngiltərənin Mançester Universitetində təhsilini davam etdirəcək. Bu il məzun olan 6 şagirdim məktəbi qızıl döş nişanı, 3 şagirdim gümüş döş nişanı ilə bitirmişdir. Uğurlarımız bununla bitmir. 

​İllər keçdikcə anladım ki, müəllim yalnız dərs demir, həm də bir insanın dünyagörüşünün, düşüncəsinin və gələcəyinin formalaşmasına təsir edir. Məncə, ən böyük uğur elə budur. Çox şadam ki, müəllim kimi fəaliyyətim həmişə dəyərləndirilib. Mənə iki dəfə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən səmərəli fəaliyyətimə görə tərifnamə ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. 

Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq sizin üçün sadəcə peşədir, yoxsa daha böyük bir mənəvi missiya? Bu peşənin sizin həyatınızdakı mənası nədən ibarətdir?

​Mənim üçün bu, sadəcə peşə deyil, mənəvi məsuliyyətdir. Yetişdirdiyim hər bir şagirddə doğma dilimizə, ədəbiyyatımıza, milli kimliyimizə məhəbbət oyatmaq məsuliyyətini həmişə hiss etmişəm və buna çalışmışam. Məqsədim yalnız yaxşı nəticə göstərən şagird yetişdirmək deyil, əsl insan, əsl vətəndaş yetirşdirməkdir. Çünki müstəqil Azərbaycan dövlətinin gələcəyi bizim yetişdirdiyimiz şagirdlərə əmanətdir. 

Sizcə, yaxşı Azərbaycan dili müəllimini yalnız dil qaydalarını mükəmməl bilməsi ilə fərqləndirmək olarmı? Əsl müəllim müəllimi müəllim edən əsas keyfiyyətlə hansılardır?

​Xeyr. Yaxşı müəllim olmaq üçün təkcə ixtisasını bilmək kifayət etmir. Tədris etdiyi fənni mükəmməl bilmək və öyrətmək müəllimin vəzifə borcudur. Bununla yanaşı, yaxşı müəllim lazım olanda şagirdlərinə bəzən dost, rəfiqə, bəzən isə ana olmağı bacarmalıdır. Yaxşı müəllim səbirli, ədalətli, empatiya qurmağı bacaran olmalıdır. Ən əsası sevməlidir: həm peşəsini, həm də şagirdlərini. 

Ana dilinə münasibətin uşaqlıqdan formalaşdığını nəzərə alsaq, şagirdlərdə Azərbaycan dilinə sevgi və məsuliyyət hissini yaratmaq üçün müəllim hansı yollardan istifadə etməlidir?

​Məncə, ilk növbədə müəllim özü nitqi, dilə sevgisi ilə şagirdlərinə nümunə olmalıdır, milli-mənəvi dəyərləri aşılamağı bacarmalıdır. Görkəmli maarifçi və ədəbiyyatşünas F. Köçərlinin sözləri ilə desək: “Ana dili millətin mənəvi dirliyi, varlığının və ruhunun əsas təməlidir”. Məhz şagirdləri bu ruhda tərbiyə etsək, vətənpərvər nəsil formalaşdıra bilərik. 

​Dərslərdə müzakirələrə, yaradıcı yazılara, mütaliəyə, bədii nümunələrə və şagirdlərin sərbəst fikirlərinə daha çox yer vermək lazımdır. Azərbaycan dilini şagird üçün sadəcə dərs və qaydalar toplusu olmaqdan çıxartmaq lazımdır. 

Ədəbiyyat dərsini digər fənlərdən fərqləndirən əsas cəhət nədir? Sizcə, şagird bədii əsəri sadəcə oxumalıdır, yoxsa onu yaşamalı və öz dünyası ilə əlaqələndirməlidir?

​Ədəbiyyat dərsini digər fənlərdən fərqləndirən əsas cəhət odur ki, ədəbiyyat həyatın özüdür. Burada şagird yalnız məlumat öyrənmir. Pisi yaxşıdan ayırmağı, başqasının sevincinə sevinməyi, kədərinə üzülməyi öyrənir. Ədəbiyyat fənni şagirdə əsl hissləri aşılayır, ilk növbədə, sevməyi öyrədir: anasını, vətənini, bütün insanlığı. Əbu Turxanın təbirincə desək: “bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır”. 

Bəzən şagirdlər ədəbiyyat dərsini əsərlərin məzmununu əzbərləmək kimi qəbul edirlər. Sizcə, ədəbiyyat tədrisində əzbərçilikdən düşünməyə, təhlilə və şəxsi münasibətə necə keçmək olar?

​Müasir tələblər arasında artıq əzbərçiliyə yer verilmir. Şagirdi oxuduğunu anlamağa, öz fikrini söyləməyə və əsaslandırmağa yönəltmək lazımdır. Mən şagirdlərimlə əsəsrin məzmunu üzərində işləyəndə: “Sən bu obrazın yerində olsa idin, necə davranardın?”, “bu hadisə sənin həyatında baş versə idi, nə edərdin?” kimi suallardan istifadə edirəm. Beləliklə, şagird əsəri sadəcə xatırlamır, təhlil edir, hadisələrə münasibət bildirir və öz dünyası ilə əlaqələndirir. 

Müəllimlik illəriniz ərzində özünüzün də şagirdlərinizdən öyrəndiyiniz məqamlar olubmu? Əgər olubsa, bu qarşılıqlı öyrənmə sizə nə qazandırıb?

​Yaxşı müəllimin uğuru onun yetişdirdiyi şagirdlərdir. Mənim Azərbaycan dili və ədəbiyyat müəllimi olan onlarla şagirdlərim var. Onların arasında Aqşin Əliyev Bakı Dövlət Universitetinin müəllimidir. O, filologiya üzrə fəlsəfə elmləri doktorudur. 

​Bu gün keçmiş şagirdlərimlə fikir mübadiləsi aparmaq, müzakirə etmək mənim üçün bir zövqdür. Mən yetirmələrimin uğurlarına baxıb fəxr edirəm. Bu zaman B.Vahabzadənin misralarını xatıtlayıram: “Mən atamı ötmüşəm, məni ötür övladım...”

Sonda oxucularımızın qarşısında bir cümlə ilə tamamlamanızı istərdik: “Müəllim olmaq mənim üçün...” – bu cümləni necə tamamlayardınız?

​Müəllim olmaq mənim üçün həyatımın ən düzgün qərarıdır. Mənə bir daha seçim imkanı verilsə idi, yenə də müəllim olardım. Unutmayaq ki, “əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir!”. 

 

Səmimi və dolğun müsahibəyə görə təşəkkür edirik. Sizə və yetirmələrinizə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.