02 oktyabr 2026 14:47
106

27 ildən sonra Cəbrayıl: Zəfərdən yeni həyata

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə şəhər və rayonlar vardır ki, onların adı yalnız coğrafi məkan kimi deyil, milli yaddaşın, tarixi irsin və Vətən sevgisinin rəmzi kimi yaşayır. Cəbrayıl da belə məkanlardan biridir. Zəngin tarixi və mədəni irsi, strateji coğrafi mövqeyi ilə seçilən rayon uzun illər işğalın ağır nəticələrini yaşasa da, bu torpağa bağlılıq və doğma yurda qayıdış arzusu heç zaman sönməyib.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri, sosial və iqtisadi infrastruktur, tarixi və mədəni irs nümunələri dağıdılıb və talan edilib. İşğal illərində Cəbrayılın şəhər və kəndlərində törədilmiş dağıntılar erməni vandalizminin miqyasını açıq şəkildə nümayiş etdirib.

Cəbrayıllıların doğma yurda qayıdış arzusu 2016-cı ildə Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra yeni mərhələyə qədəm qoydu. Cocuq Mərcanlı kəndinin bərpası və burada həyatın yenidən qurulması Böyük Qayıdışın ilk mühüm nümunələrindən biri oldu. Bu kəndin dirçəldilməsi işğaldan azad ediləcək digər ərazilərə qayıdışın mümkünlüyünü göstərən mühüm tarixi hadisəyə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində rayonun kəndləri, strateji yüksəklikləri və nəhayət, 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edildi. 27 ildən artıq davam edən işğala son qoyuldu.

Cəbrayıl istiqamətində aparılan döyüşlər mürəkkəb və ağır şəraitdə gedib. Düşmənin çoxsaylı müdafiə və istehkam xətlərinin yarılması böyük qəhrəmanlıq və fədakarlıq tələb edib. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin sonrakı gedişinə mühüm təsir göstərən hərbi-strateji hadisələrdən biri kimi tarixə düşüb.

Cəbrayılın azadlığının rəmzi hadisələrindən biri də Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması oldu. Qədim tarixi abidə üzərində üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və tarixi torpaqlarımız üzərində dövlət suverenliyinin bərpasının parlaq simvollarından birinə çevrildi.

Cəbrayılın azad edilməsinə dair tarixi hadisələrin əbədiləşdirilməsi məqsədilə 4 Oktyabr Cəbrayıl Şəhəri Günü elan edilib. Həmçinin 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Bu qərarlar Cəbrayılın azadlığı uğrunda mübarizənin tarixi yaddaşda yaşadılmasına xidmət edir.

Hazırda Cəbrayıl rayonunda yeni inkişaf və quruculuq dövrü yaşanır. İşğal zamanı dağıdılmış şəhər və kəndlər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Şəhərdə yaşayış, sosial və ictimai obyektlər, müasir nəqliyyat və kommunal infrastruktur yaradılır.

Cəbrayılın iqtisadi potensialının bərpasında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Burada istehsal, logistika, ticarət və xidmət sahələrinin inkişafı, yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Elektrik enerjisi təchizatının gücləndirilməsi, yeni yarımstansiyaların, rəqəmsal idarəetmə və bərpaolunan enerji infrastrukturlarının yaradılması da rayonun gələcək inkişafı üçün möhkəm baza formalaşdırır.

Rayonun yol infrastrukturu da yenilənir. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu, yeni avtomobil və dəmir yolu layihələri Cəbrayılın digər rayonlarla və regionun əsas nəqliyyat dəhlizləri ilə əlaqəsini gücləndirir.

Bərpa prosesi şəhərlə məhdudlaşmır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində geniş tikinti-quruculuq işləri həyata keçirilir. Yeni yaşayış evləri, məktəblər, uşaq bağçaları, sosial və xidmət obyektləri inşa olunur. Artıq Cəbrayıl şəhərinə və rayonun bir sıra kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb.

Cəbrayıl yaşayış kompleksinin istifadəyə verilməsi də Böyük Qayıdışın mühüm mərhələlərindəndir. Burada müasir yaşayış binaları ilə yanaşı, sosial və məişət infrastrukturu yaradılıb. Beləliklə, illərlə doğma yurd həsrəti ilə yaşayan cəbrayıllılar öz tarixi torpaqlarına mərhələli şəkildə qayıdırlar.

Prezident İlham Əliyevin Cəbrayıla çoxsaylı səfərləri zamanı bərpa-quruculuq layihələrinin təməli qoyulub, mühüm infrastruktur və sosial obyektlərin açılışları keçirilib, rayonun gələcək inkişafı ilə bağlı layihələrə start verilib. Dövlət başçısının diqqəti və həyata keçirilən genişmiqyaslı tədbirlər Cəbrayılın yeni inkişaf mərhələsinin əsasını təşkil edir.

Bu gün Cəbrayıl işğalın və dağıntıların deyil, azadlığın, quruculuğun və qayıdışın ünvanıdır. Burada yaradılan müasir infrastruktur, yeni yaşayış məntəqələri və iqtisadi layihələr rayonun gələcək inkişaf perspektivlərini müəyyənləşdirir.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü bu baxımdan yalnız tarixi Zəfərin xatırlanması deyil, həm də Böyük Qayıdışın, yenidən qurulan həyatın və Cəbrayılın gələcəyə inamla addımlamasının rəmzidir. Cəbrayılın timsalında Azərbaycan xalqının tarixi yaddaşı, milli iradəsi və doğma torpaqlara bağlılığı bir daha öz parlaq ifadəsini tapır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri