02 oktyabr 2026 11:18
69

4 Oktyabr — Cəbrayılın Zəfər salnaməsi

Bəzi tarixlər təqvimdəki adi günlərdən fərqlənir. Onlar xalqın taleyində dönüş nöqtəsinə çevrilir və milli yaddaşda xüsusi yer tutur. 4 Oktyabr da Azərbaycan tarixində belə günlərdəndir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ilk mühüm şəhər qələbəsi olmaqla Zəfərə aparan yolun əlamətdar mərhələsinə çevrildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən Cəbrayıl Şəhəri Günü bu tarixi hadisənin yaddaşlarda yaşadılmasına xidmət edir.

Cəbrayıl uğrunda döyüşlər müharibənin ilk günlərindən başlamışdı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsindən sonra rayonun digər yaşayış məntəqələri uğrunda döyüşlər davam etdi. Oktyabrın 4-də şəhərin azad olunması Azərbaycan Ordusunun irəliləyişində mühüm dönüş yaratdı. Prezident İlham Əliyev bu hadisənin əhəmiyyətini belə ifadə etmişdi:

“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi.”

Həmin gün xalqa müraciət edən dövlət başçısının “Cəbrayıl bizimdir!” sözləri isə Zəfər salnaməsinin ən yaddaqalan ifadələrindən birinə çevrildi. Cəbrayılın üzərində Azərbaycan bayrağının yenidən ucaldılması uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar üçün tarixi ədalətin bərpasının rəmzi idi.

Lakin Cəbrayılın tarixi yalnız döyüş meydanında qazanılan qələbə ilə tamamlanmır. İşğal illərində şəhər və rayonun kəndləri ciddi dağıntılara məruz qalmış, yaşayış və infrastruktur obyektləri məhv edilmişdi. Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri bu ərazilərdə həyatın yenidən qurulması oldu. Prezident İlham Əliyev bu məqsədi Cəbrayılın timsalında belə ifadə etmişdi: “Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.”

Bu gün Cəbrayıl artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, gələcəyə hesablanmış quruculuq işləri ilə də diqqət çəkir. Şəhərin baş planı əsasında yaşayış binaları, sosial obyektlər, yollar və digər infrastruktur yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurda dönüşü üçün şərait formalaşdırılır. Beləliklə, hərbi Zəfər quruculuq və dirçəliş mərhələsi ilə davam edir.

Cəbrayılın bərpasının əsas mahiyyəti yalnız dağıdılmış binaların yenidən tikilməsi deyil. Burada məqsəd insanların doğma torpaqlarında təhlükəsiz və layiqli həyatının təmin edilməsi, şəhərin müasir tələblərə uyğun inkişaf etdirilməsi və tarixi yaddaşın qorunmasıdır. Bu baxımdan Cəbrayılın yeni siması Azərbaycanın Zəfərdən sonrakı quruculuq siyasətinin mühüm nümunələrindən biridir.

4 Oktyabr həm də şəhidlərin müqəddəs xatirəsinin, qazilərin fədakarlığının və Azərbaycan əsgərinin qəhrəmanlığının ehtiramla yad edildiyi gündür. Bu tarix bir şəhərin azadlığından daha böyük məna daşıyır: işğaldan azad edilmiş torpaqlara bayrağın qayıdışını, insanların öz yurdlarına dönüşünü və dağıntıların yerində yeni həyatın qurulmasını simvolizə edir.

Cəbrayılın taleyində Azərbaycanın son onilliklərdə keçdiyi yol aydın görünür — işğaldan azadlığa, həsrətdən qayıdışa, dağıntıdan quruculuğa. Məhz buna görə 4 Oktyabr Cəbrayıl üçün yalnız bir xatirə günü deyil, Zəfərin və Böyük Qayıdışın rəmzidir.

Vüsalə Əliyeva,
YAP Sədərək rayon təşkilatının sədri