Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə qısa zaman kəsiyində xalqın etimadını qazanan partiya olub. Çünki o, xalqın tələbi ilə yaradılmış bir partiyadır. Hazırda Cənubi Qafqazın ən böyük və qüdrətli partiyasının 769811 nəfər üzvü vardır. Şübhəsiz, bu da həmin siyasi təşkilatın Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulmasından irəli gəlir.

Məhz bu partiya bir zamanlar xaos içində yaşayan, parçalanma təhlükəsi ilə üzləşən, idarəolunmaz vəziyyətə düşən Azərbaycanı xilas etmək üçün siyasi meydana atıldı. Qısa zaman kəsiyində partiyanın Ulu Öndər Heydər Əliyev bu kimi çətin işlərin öhdəsindən layiqincə gəldi. Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Hətta demək olar ki, bu partiya xətti ilə hakimiyyətə gələn Ulu Öndərin sayəsində Azərbaycan xalqı yeni dövlət qurdu. Bununla da misilsiz fəaliyyətə imza atıldı. Belə ki, “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tbilisi–Ceyhan neft kəməri reallaşdırıldı, ölkə iqtisadiyyatı canlandı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Bu mənada belə bir partiyanın yaradılması tarixi zərurət idi. Onu da qeyd edək ki, YAP-ın yaradılması yalnız siyasi təşkilatın meydana gəlməsi deyil, həm də ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Artıq xeyli vaxtdır ki, biz bu zərurətin bəhrəsini görürük. Elə qazandığımız uğurlar da bu partiyanın, onun rəhbərinin adı ilə bağlıdır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirdiyi kimi, bu gün Azərbaycan artıq beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Hətta bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər.
Yeri gəlmişkən, qeyd edək ki, bu prosesdə Ulu Öndər Heydər Əliyev kursunu ləyaqətlə davam etdirən, respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, hərbi və mədəniyyət sahələrində uğurlu islahatlar həyata keçirən Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət mühüm rol oynayıb. Məhz onun rəhbərliyi altında 2020-ci ilin 44 günlük Vətən müharibəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edilib. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyi tam təmin olunub. Üstəlik, ölkəmiz bu uğurları ilə Cənubu Qafqaza yeni reallıqlar bəxş edib.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” sözləri ölkəmizin gələcəyinə olan inamın ifadəsi kimi tarixə düşüb. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər həmin inamın reallığa çevrildiyini göstərən mühüm göstəricilərdən biridir. YAP-ın siyasi fəaliyyəti də bu inkişaf prosesinin mühüm tərkib hissəsi olaraq davam edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”