03 oktyabr 2026 11:15
205

Milli dövlətçiliyin sütunu: Heydər Əliyev mirası və Yeni Azərbaycan Partiyası

Azərbaycanın müasir dövlətçilik tarixi zəngin və mürəkkəb siyasi proseslərlə dolu bir salnamədir. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən ölkəmiz həm daxili siyasi xaos, həm də xarici hərbi təcavüz nəticəsində ciddi böhranla üz-üzə qalmışdı. İqtisadi tənəzzül, dövlət idarəçiliyindəki pərakəndəlik və vətəndaş müharibəsi təhlükəsi fonunda cəmiyyətin xilaskar bir lidərə və güclü bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurətdən irəli gələrək Yeni Azərbaycan Partiyası (YAP) yarandı və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdı. YAP-ın təməlinin qoyulması - məşhur "91-lər"in müraciəti və Naxçıvanda keçirilən təsis konfransı - Azərbaycanın milli həmrəylik tarixinin dönüş nöqtəsidir.

Ulu Öndər Heydər Əliyev partiyanı sıradan bir siyasi qüvvə kimi deyil, bütün cəmiyyəti milli ideallar, dövlətçilik və tərəqqi ətrafında birləşdirən ümummilli platforma kimi formalaşdırdı. Partiyanın yarandığı gündən irəli sürdüyü prinsiplər - müstəqil dövlətçilik, hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və milli-mənəvi dəyərlərin qorunması - qısa müddətdə Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevrildi. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında həmin dövrün reallıqlarını xatırladaraq vurğulayıb: "Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi."

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi zəkası və xalqın sarsılmaz inamı ilə təməli qoyulan bu təşkilat yalnız bir siyasi partiya deyil, Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və inkişafın əsas sütununa çevrilib. Otuz ildən artıq bir müddətdə iqtidarda olan YAP ölkəmizi siyasi burulğanlardan çıxararaq Zəfərə, Qafqazın lider dövləti olmaq zirvəsinə daşıyıb. Bu gün YAP nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir.

Ulu Öndərin xilaskarlıq missiyası və Onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu tarixi zəfərlər fonunda Azərbaycanın xarici siyasət strategiyasının və ideoloji təhlükəsizliyinin əsas prinsipləri VIII Qurultayda bir daha aydın şəkildə bəyan edildi. Rəsmi Bakı xarici siyasətini hər hansı kənar diktə ilə deyil, yalnız milli maraqlar əsasında qurur. Ölkəmiz artıq dünyanın aparıcı ekspertləri və analitikləri tərəfindən "orta güc dövləti" kimi qəbul olunur və tam iqtisadi müstəqilliyə sahibdir. Dövlət başçısının xarici müdaxilələrə və təzyiq cəhdlərinə cavabı konkret və kəsərli oldu: “Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil.”

Bu gün Azərbaycan öz daxili resursları hesabına Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır, balanslaşdırılmış xarici siyasəti və qlobal layihələri ilə beynəlxalq aləmin en etibarlı tərəfdaşlarından birinə çevrilib. Müstəqil siyasətin və iqtisadi suverenliyin en bariz göstəricisi isə işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işləridir. Azərbaycan heç bir xarici maliyyə asılılığı olmadan, sırf öz daxili potensialı ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Bu günə qədər azad olunmuş bölgələrin inkişafına və infrastruktur layihələrinə 28 milyard manat vəsait xərclənib. Bu nəhəng investisiyalar sayəsində artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yaşayan, çalışan və təhsil alan vətəndaşlarımızın ümumi sayı 96 mini ötüb. Bu proses Azərbaycanın dövlət imkanlarının miqyasını da nümayiş etdirir. Bu, sadəcə quruculuq layihəsi deyil. Bu, Zəfərin real nəticələrə çevrilməsidir.

VIII Qurultayın keçirildiyi mərhələnin əsas üstünlüyü də məhz budur: Azərbaycan artıq yalnız gələcək barədə danışan deyil, öz qarşısına qoyduğu böyük məqsədləri mərhələli şəkildə həyata keçirən dövlətdir.

Sevinc Azadi, “İki sahil”