03 oktyabr 2026 23:47
138

Azərbaycanın Almaniyadakı səfirliyi Federal Respublikanın rəsmi bayram tədbirlərində iştirak edib

Azərbaycanın Almaniyadakı səfirliyi Bremendə Federal Respublikanın rəsmi bayram tədbirlərində iştirak edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün, Almaniyanın Birlik Günündə, burada - Bremendə Federal Respublikanın rəsmi bayram tədbirlərində iştirak etməkdən və bu xüsusi günü alman dostlarımızla birlikdə qeyd etməkdən böyük məmnunluq duyuram", - o bildirib və nəzakətli dəvətə, səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

N. Ağayev qeyd edib ki, 3 oktyabr ayrılığın aradan qaldırılmasını təcəssüm etdirir: "Məhz biz azərbaycanlılar ərazi birliyinin xüsusi əhəmiyyətini çox yaxşı hiss edə bilirik. Azərbaycan ərazilərinin təxminən üç onillik barbarcasına işğalından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, bizim üçün də bir yenidən birləşmə anı idi. Buna görə də biz Almaniya üçün birliyin sevincini və dərin emosional əhəmiyyətini xüsusilə yaxşı başa düşə bilirik. Qoy birlik və sülh bizi daim birləşdirsin və Azərbaycanla Almaniya arasındakı dostluğu daha da möhkəmləndirsin. Almaniyanın Birlik Günü münasibətilə səmimi təbriklər!".

Xatırladaq ki, oktyabrın 3-də alman xalqı ölkənin yenidən birləşməsinin 36-cı ildönümünü - Alman Birliyi Gününü qeyd edir. Alman Birliyi Günü 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin şərəfinə qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlə əlaqədar almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.