05 oktyabr 2026 21:01
98

Milli maraqların və dövlətçilik ənənələrinin qorunması strateji prioritetdir

Müsahibimiz Milli Məclisin deputatı Müşfiq Məmmədli

- Müşfiq müəllim, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ölkəmizin və partiyamızın keçdiyi şərəfli yola nəzər yetirdi, milli maraqların və dövlətçilik ənənələrinin qorunmasını xüsusi vurğuladı. Sizcə, bu yanaşma Azərbaycanın bugünkü inkişaf strategiyasında hansı əsas istiqamətləri müəyyənləşdirir?

- Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən siyasi platforma kimi diqqəti cəlb edir. Qurultayın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilməsi bu mötəbər tədbirin siyasi əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı ötən dövrün siyasi nəticələrinə nəzər salmaqla yanaşı, qarşıdakı mərhələnin əsas istiqamətlərinə də baxış ortaya qoyur.

Dövlət başçısının çıxışında əsas məqamlarından biri Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolunun qiymətləndirilməsi ilə bağlıdır. 1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi yaranan YAP sonrakı dövrdə ölkənin siyasi idarəçiliyində aparıcı qüvvəyə çevrilib. Bu gün partiyanın fəaliyyəti Azərbaycanın son onilliklərdə keçdiyi dövlətçilik yolunun mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Partiyanın formalaşması ölkənin mürəkkəb siyasi, sosial və təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığı bir dövrə təsadüf edirdi. Həmin dövrdə ölkədə siyasi qeyri-sabitlik, idarəçilik böhranı və ərazi itkiləri dərinləşirdi. Qarabağda separatizm meyilləri genişlənir, Azərbaycan torpaqları işğal olunurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların birləşməsi ölkənin gələcəyi ilə bağlı ictimai tələbin siyasi ifadəsinə çevrildi. Bu baxımdan YAP-ın yaranması təkcə yeni siyasi təşkilatın meydana çıxması deyil, dövlətçiliyin qorunması istiqamətində mühüm təşəbbüs idi.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ölkənin beynəlxalq təcriddən çıxarılması və iqtisadi əsasların yaradılması oldu. 1993–2003-cü illərdə atılan ardıcıl addımlar Azərbaycanın müstəqil dövlət kimi mövqelərinin möhkəmlənməsinə imkan yaratdı. Atəşkəsin əldə olunması, “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin müdafiəsi və dövlət quruculuğu istiqamətində görülən işlər sonrakı inkişaf üçün möhkəm zəmin formalaşdırdı. Bu siyasətin mühüm xüsusiyyəti ondan ibarət idi ki, əsas strateji istiqamətlər zamanın dəyişən şərtlərinə uyğun taktiki yeniliklərlə müşayiət olunsa da, dövlətçilik xətti dəyişməz qaldı. Müstəqilliyin qorunması, iqtisadi dayanıqlığın təmin edilməsi, hərbi potensialın artırılması, milli maraqların müdafiəsi və Azərbaycanın öz imkanlarına əsaslanması həmin siyasi kursun əsas istiqamətlərini təşkil etdi.

- 2020-ci il Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazilərində suverenliyin bərpası ölkəmizin tarixində yeni mərhələ yaradıb. Bu tarixi hadisələr hansı yeni imkanları və prioritetləri meydana çıxarıb?

-Prezident İlham Əliyevin 2003-cü ildən etibarən bu siyasi kursu müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirməsi nəticəsində Azərbaycanın qarşısında duran strateji məqsədlər mərhələli şəkildə reallaşdı. Dövlətin iqtisadi imkanlarının daha da genişləndirilməsi, ordunun gücləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin aparılması Qarabağ münaqişəsində Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət etdi. Nəticədə 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Azərbaycan Ordusunun hərbi Zəfəri nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yer tutdu. Lakin qarşıda daha bir mühüm mərhələ ölkənin bütün ərazisində suverenliyin tam bərpası məsələsi dayanırdı.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpasını təmin etdi. Beləliklə, 30 ildən artıq davam edən separatizm və işğal dövrü başa çatdı. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında 8 Noyabrla yanaşı, 20 Sentyabrın da xüsusi əhəmiyyət daşımasının səbəbi məhz budur. Bu iki tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin əsas mərhələlərini ifadə edir. Bu nəticə yalnız hərbi gücün hesabına əldə edilmiş nailiyyət kimi qiymətləndirilə bilməz. Zəfərin arxasında uzun illər ərzində aparılan məqsədyönlü dövlət siyasəti, diplomatik fəaliyyət, iqtisadi imkanların genişləndirilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi və cəmiyyətin milli məqsədlər ətrafında birliyi dayanırdı. Azərbaycan həm siyasi, həm diplomatik, həm də hərbi müstəvidə ardıcıl fəaliyyət göstərərək öz milli maraqlarını müdafiə etdi.

Prezident İlham Əliyevin VIII Qurultayda çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Zəfərdən sonra qarşıya qoyulan məqsədlərin mahiyyəti ilə bağlıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası tarixi vəzifənin başa çatması demək olsa da, dövlət qarşısında yeni məsuliyyətlər meydana çıxıb. İşğaldan azad edilmiş ərazilərin bərpası, insanların öz doğma yurdlarına qayıdışı, həmin ərazilərdə dayanıqlı həyatın qurulması və regionda uzunmüddətli sülhün təmin edilməsi bu mərhələnin əsas istiqamətləridir.

-Posmüharibə dövründə yeni çağırışlar, sülhün qorunması, müdafiə qabiliyyətinin artırılması və ideoloji təhlükəsizliyin təmin olunması məsələləri də ön plana çıxır. Yeni mərhələdə Azərbaycan qarşısında hansı əsas vəzifələr dayanır?

-Azərbaycanın qarşısında artıq fərqli geosiyasi reallıqlar mövcuddur. Ölkəmiz münaqişə yaşamış tərəf kimi deyil, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi çıxış edir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər, sərhədlərin delimitasiyası və yeni əməkdaşlıq imkanları regionun gələcəyi baxımından mühüm perspektivlər yaradır. Eyni zamanda, sülh şəraitində belə dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması vacibdir. Çünki müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. İnformasiya məkanı, kiber mühit, süni intellekt, sosial şəbəkələr və müxtəlif ideoloji təsir mexanizmləri yeni çağırışlar yaradır. Bu baxımdan ideoloji təhlükəsizliyin təmin olunması milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilir.

Prezident İlham Əliyevin çıxışında təhsil və vətənpərvərlik amillərinə də toxunub. Savadsızlıq, məlumatsızlıq və tarixi həqiqətlərdən uzaq olmaq cəmiyyəti müxtəlif manipulyasiyalar qarşısında həssas vəziyyətə sala bilər. Tarixini bilən, dövlətinin keçdiyi yolu düzgün qiymətləndirən, milli maraqları dərk edən vətəndaş isə informasiya və ideoloji təxribatlara daha davamlı olur. Bu baxımdan Azərbaycanın Zəfər tarixinin gənc nəslə düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. Uğurların təməlində demokratik ənənələrin inkişafı, iqtisadi imkanların artırılması, milli həmrəyliyin qorunması və ardıcıl siyasi kurs dayanır. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin əsas xətti də məhz bu dövlətçilik kursu ilə bağlıdır. Ötən dövr Azərbaycanın mürəkkəb sınaqlardan keçərək güclü, müstəqil və öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrilməsi ilə xarakterizə olunur.

Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı mövqe, iqtisadi imkanları, hərbi gücü və siyasi çəkisi qarşıya yeni hədəflər qoyur. Postmüharibə dövründə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, davamlı sülhün möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və dövlətin uzunmüddətli inkişafının təmin edilməsidir. Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı məhz bu baxımdan yalnız ötən dövrə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Dövlət başçısının çıxışında YAP-ın keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Azərbaycanın qazandığı tarixi Zəfərlər, suverenliyin tam bərpası və yeni təhlükəsizlik çağırışları vahid məntiqi xətt üzrə təqdim olunur.

Azərbaycanın son onilliklərdə keçdiyi yol dövlətçilikdə ardıcıllıq, milli həmrəylik və strateji məqsədlərə sadiqliyin tarixi nəticələrin əsas şərtlərindən olduğunu bir daha nümayiş etdirir. Yeni mərhələdə də bu amillərin qorunması ölkənin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas dayaqlardan biri olacaqdır. VIII Qurultayın əsas mesajlarından biri də əldə edilmiş Zəfərlərin qorunması, dövlətin gücünün daha da artırılması və Azərbaycanın qarşısında açılan yeni imkanlardan milli maraqlar naminə səmərəli istifadə edilməsidir.