07 oktyabr 2026 14:20
241

Yeni Azərbaycan Partiyasının Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilir. Məhz bu amil VIII Qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır.

Belə möhtəşəm tarixi şəraitdə YAP-ın VIII Qurultayına təqdim edilən Nizamnamə layihəsi partiyanın fəaliyyətinin hüquqi və təşkilati çərçivəsini müəyyənləşdirən mühüm siyasi-hüquqi sənəd kimi qiymətləndirilir. Təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğunu təmin etmək təşkil edir. 

Nizamnamədə əksini tapan ən mühüm istiqamətlərdən biri, şübhəsiz ki, Partiya Sədrinin statusu və rəhbərlik institutudur. Bu məsələyə yalnız təşkilati prosedur kimi yanaşmaq doğru olmazdı. Çünki siyasi partiyanın rəhbərliyi onun fəaliyyət istiqamətinin, siyasi xəttinin və strateji məqsədlərinin həyata keçirilməsində müəyyənedici amildir. Yeni Azərbaycan Partiyasının son illərdə keçdiyi yol bu baxımdan olduqca aydın siyasi nəticələr ortaya qoyur. Azərbaycanın bugünkü uğurlarının, dövlətimizin qüdrətinin artmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının arxasında cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət dayanır. Eyni siyasi iradə YAP-ın fəaliyyətinə də yeni məzmun qazandırmaqdadır. Partiya təşkilati baxımdan yenilənir, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirir, yeni nəsillərin siyasi proseslərə cəlb olunması istiqamətində imkanlarını artırır. Daha mühümü isə budur ki, YAP öz Sədrinin rəhbərliyi ilə Azərbaycanın ən böyük siyasi nailiyyətlərinin qazanılması prosesinin canlı iştirakçısıdır.  Odur ki, bizim üçün partiyanın siyasi xəttinin ardıcıllığı məsələsinin mütləq şəkildə dövlətçilik kursunun davamlılığı və əldə edilmiş tarixi nəticələrin gələcək inkişaf strategiyası ilə əlaqələndirilməsi çox mühümdür. Azərbaycanın Zəfərinin memarı, dövlətimizin bugünkü qüdrətinin əsas siyasi müəllifi olan cənab İlham Əliyevin YAP-ın gələcək fəaliyyətinə rəhbərlik etməsi üçün formalaşmış siyasi etimad və tarixi legitimlik, partiyanın sabitliyi və inkişafı üçün mühüm təminatdır. Məhz buna görə Nizamnamənin rəhbərlik institutunu tənzimləyən müddəaları yalnız bu günün təşkilati ehtiyaclarını deyil, partiyanın gələcək siyasi fəaliyyətinin davamlılığının təmin edilməsini də nəzərə alır. ​

VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir. 2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir.  Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır.  44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu. 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr da Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi.  Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında ideoloji fəaliyyətin gücləndirilməsi də xüsusi yer tutur. Partiyanın fəalları Azərbaycanın reallıqlarının, əldə olunan uğurların və həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm rol oynayırlar. İnformasiya müharibəsinin getdikcə daha böyük əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın uğurlarının beynəlxalq və daxili ictimaiyyətə obyektiv şəkildə təqdim olunması mühüm siyasi və ideoloji vəzifədir. YAP-ın çoxsaylı üzvləri və fəalları bu prosesdə dövlət siyasətinin ictimai dayaqlarının möhkəmləndirilməsinə töhfə verirlər.

VIII Qurultayda Ulu Öndərin siyasi xəttinin dəyişməz qalması ilə bağlı fikirlər də bu ardıcıllığı göstərir. Taktiki və strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi əsas istiqamətlər qorunur.  

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin yeni tarixi şəraitdə konkret nəticələrə çevrilməsi siyasi varisliyin praktik ifadəsidir. Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından mühüm hadisədir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri