07 oktyabr 2026 18:13
180

Sosial ədalət və rifah siyasəti: Yeni reallıqlar, növbəti hədəflər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirməsi bir daha sübut edir ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin ana xəttini təşkil edir

Dayanıqlı və davamlı iqtisadi inkişafı ilə seçilən, 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında isə suverenliyini tam bərpa edən Azərbaycanda əhalinin rifahının yüksəldilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə sosial siyasətin mərkəzində vətəndaşların rifahı dayanır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərcivəsində ötən 6 ildə Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı quruculuq işlərinə, eləcə də qlobal risklərin artığı bir dövrdə ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə dövlət büdcəsindən böyük həcmdə vəsaitlərin ayrılmasına paralel olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim yürüdülən siyasətin ana xəttini təşkil edir.

Son illərdə ölkəmizdə uğurla reallaşdırılan sosial siyasətin əsas istiqamətlərindən biri vətətəndaş rifahının təminatı, həssas əhali qruplarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itimiş vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsidir. Bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Şəhid ailələri, qazilər, aztəminatlı ailələr, fiziki sağlamlığı məhdud olan insanlar və digər qruplarla bağlı daim yeni qərarlar qəbul edilir, onların sosial təminatı davamlı olaraq yüksəldilir.

Respublikamızda sosial ədalətin bərqərar olunması, neqativ halların aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu sahədə reallaşdırılan genişmiqyaslı islahatlar uğurla davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial və əmək sahəsində xidmətlərin 90 faizdən çoxunu elektronlaşdıraraq, əsasən e-sosial portal vasitəsilə vahid rəqəmsal mühitdə təqdim etməsi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) vasitəsilə sosial xidmətlərin rəqəmsal və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi sosial sahədə şəffaflığın və səmərəliliyin artırılamsına böyük töhfələr verib.

Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edən, eyni zamanda, milli təhlükəsizlik və inkişaf strategiysısının başlıca konturlarını müəyyənləşdirən çıxışında 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını vurğulaması ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlı və məqsədyönlü xarakter daşıdığının bariz göstəricisidir.

Azərbaycanın sosial siyasətinin təməlində sosial ədalət və sosial rifah iki klassik prinsip dayanır. Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib. Bu məqsədlərə təqribən 8 milyard manat məbləğində vəsait sərf edilməsi bunun əyani təsdiqidir. Təkcə 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5 faizi və ya 15,3 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin əvvəlində minimum əməkhaqqı artırılaraq 400 manata çatdırılıb. Həmin il orta illik inflaysiya 5,6 faiz təşkil edib. Bundan başqa, 2025-ci ildə orta aylıq əməkhaqqında 9,3 faiz artım olub. 2026-cı ilin ilk 7 ayında isə orta aylıq əməkhaqqı 7,2 faiz artıb.

Həyata keçirilən islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərə ayrılan illik vəsait 5 dəfə, ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb. 2026-cı ilin göstəriciləri də sosial sahədə müsbət dinamikanın davam etdiyini göstərir. İlin əvvəlindən bütün əmək pensiyaları 9,3 faiz indeksləşdirilib. Sentyabrın 1-nə orta aylıq pensiya 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata çatıb. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artım deməkdir.

Dövlət başçısının bildirdiyi kimi, 2027-ci ildə pensiya və sosial müavinətlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi gözlənilir. 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur. Bu isə dövlət büdcəsindən 18 milyard manatdan çox vəsaitin sosial məqsədlərə, əhalinin rifah halının yaxşılaşdırılmasına ayrılması deməkdir.

Azərbaycanın sosial siyasətində növbəti mərhələ 2027-ci il dövlət büdcəsi və islahat proqramları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsini, rəqəmsallaşmanı və ölkə vətəndaşlarının rifahının artırılmasını hədəfləyir.

Nəhayət, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin parlaq təzahürüdür.

Zahid Rza, “İki sahil”