07 oktyabr 2026 18:34
176

Sülh prosesi fonunda tarixi yaddaşın önəmi

Bu, sülh prosesinə maneə deyil, əksinə, gələcəkdə davamlı və etibarlı sülhün formalaşması üçün zəruri amilidir

Tarixi yaddaş bir millətin keçmişini, onun kimliyini, çəkdiyi çətinlikləri və qazandığı zəfərləri qoruyub saxlayan ən mühüm mənəvi xəzinədir. Onu unutmamalıyıq, çünki tarixi yaddaş milli kimliyin təməlidir. Tarixi yaddaşını itirən xalq öz köklərindən qopur, assimilyasiyaya uğrayır və gələcəyini qura bilmir. Tarixi yaddaş bizə həm də keçmişdən dərs çıxarmaq imkanı verir. Çəkilən ağrıları və qarşılaşdığımız xəyanətləri unutmamaq bizi gələcəkdə daha diqqətli və güclü olmağa yönəldir. Azərbaycanın otuz ilə yaxın üzləşdiyi işğal və beynəlxalq ədalətsizlik dövrü də xalqımızın tarixi yaddaşında dərin və silinməz izlər buraxmışdır. XX əsrin sonlarında torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, bir milyona yaxın soydaşımızın doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi müasir tariximizin ən böyük humanitar faciələrindən biridir.

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında Prezident İlham Əliyev növbəti dəfə tarixi yaddaşın vacibliyini gündəmə gətirdi. Dövlət başçısı xüsusilə qeyd etdi ki, yaşadığımız bu tarixi mərhələdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanıb və hətta ticarət əlaqələrinə başlanılıb, lakin biz "ermənilərin nankorluğunu və arxadan vurduqları zərbəni heç vaxt unutmamalıyıq". Bununla da ölkə başçısı, daha əvvəl səsləndirdiyi Xocalı soyqırımını, dağıdılmış məscidləri, təhqir olunmuş mədəniyyət ocaqlarını unutmağın qeyri-mümkünlüyü barədə fikrini bir daha qətiləşdirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu yaddaş düşmənlərə bizə qarşı öz mənfur planlarını reallaşdırmağa imkan verməyəcək. Bu məsələ bu gün xüsusilə üzləşdiyimiz anti-Azərbaycan kampaniyaları fonunda daha böyük aktuallıq kəsb edir. Ötən illər ərzində Azərbaycan dəfələrlə yalan və böhtan kampaniyalarının hədəfinə çevrilib. Bunun səbəbi isə ölkəmizin getdikcə daha fəal, açıq və müstəqil siyasət yürütməsi, xalqımıza vurulan zərbələri cavabsız qoymamasıdır. Lakin Azərbaycan öz daxili işlərinə müdaxilə olunmasına imkan vermək niyyətində deyil. Xüsusən də ona görə ki, bu gün ölkəmiz özü bir çox dövlətlər üçün nümunəyə çevrilib. Məhz bu kontekstdə tarixi yaddaş, o cümlədən regionda və onun ətrafında baş verənlər, eləcə də bugünkü reallıqlar haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. İşğal illərində əsrlər boyu qorunub saxlanılan, ümumbəşəri əhəmiyyətə malik tarixi-mədəni abidələrimizin, o cümlədən İslam dini abidələrinin, ziyarətgahların, məscidlərin, türbələrin və qəbiristanlıqların dağıdıldığını, təhqir edildiyini və yer üzündən silindiyini necə unutmaq olar? Bir sıra mədəni irs obyekti qarət olunmuş, onların təyinatı dəyişdirilmiş və mənsubiyyəti saxtalaşdırılmışdır. Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq. Bu yanaşmanı Azərbaycanın rəsmi mövqeyində revanş çağırışından daha çox, keçmişdə baş vermiş hadisələrin unudulmaması, onların gələcək nəsillərə çatdırılması və oxşar faciələrin təkrarlanmaması istiqamətində mesaj kimi təqdim etmək mümkündür.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamələr qəbul etsə də, uzun illər ərzində onların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə vermədi. Daha çox təəssüf doğuran məqam ondan ibarət idi ki, bəzi dövlətlər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmadılar. Ermənistanın işğalına görə ciddi təzyiqlərlə üzləşməməsi, Azərbaycana isə sonrakı dövrdə fərqli münasibət göstərilməsi beynəlxalq münasibətlərdə ikili standartların olduğunu göstərirdi. Azərbaycan bütün bu illərdə öz haqq səsini dünyaya çatdırdı. Lakin nəticədə ərazi bütövlüyümüz və suverenliyimiz öz gücümüz hesabına bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindən biri oldu. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm Zəfərlə Azərbaycan uzun illər davam edən ədalətsizliyə son qoydu. Bu gün vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, kəndlərimiz bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. Qarabağın dirçəlişi yalnız tikinti-quruculuq işlərindən ibarət deyil. Burada Azərbaycanın milli-mənəvi irsi də bərpa olunur. İşğal zamanı dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət yerlərinin tikilməsi bunun ən mühüm göstəricilərindəndir.

Azərbaycan son illərdə Ermənistanla münasibətlərin normallaşması üçün sülh gündəliyini irəli sürməsini xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Lakin Bakı, eyni zamanda, bildirir ki, sülh tarixi həqiqətlərin və münaqişənin ağır nəticələrinin yaddaşdan silinməsi hesabına qurulmamalıdır. Bu baxımdan sülh prosesi yalnız gələcəyə dair siyasi razılaşmalarla deyil, həm də keçmişin nəticələrinin aradan qaldırılması, humanitar məsələlərin həlli, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, itkinlərin taleyinin aydınlaşdırılması və mədəni irsin qorunması kimi məsələləri əhatə edir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılmasını və regionda davamlı sülhün bərqərar olmasını istəyir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq.”

Bütün bunlar göstərir ki, Azərbaycan üçün sülh anlayışı yalnız silahların susması və diplomatik sənədin imzalanmasından ibarət deyil. Davamlı sülh üçün qarşılıqlı hörmət, ərazi bütövlüyünə və suverenliyə münasibətdə vahid yanaşma, humanitar məsələlərin həlli, tarixi-mədəni irsin qorunması və keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması da vacibdir.

Sevinc Azadi, “İki sahil”