15 oktyabr 2026 10:48
151

Tofiq Bəhramov adına Respublika Stadionu: Azərbaycan futbolunun məbədi

"Şəhərsalma və Memarlıq İli"nin işığında

Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində ölkənin tarixi, mədəni və idman irsini təşkil edən bina və qurğuların araşdırılması, onların şəhər mühitindəki rolu böyük əhəmiyyət kəsb edir. Paytaxt Bakının şəhərsalma strukturunda xüsusi yeri olan belə obyektlərdən biri də 1951-ci ildə istifadəyə verilmiş Tofiq Bəhramov adına Respublika Stadionudur.

Yarımçıq qalan tikinti və tarixi dönəm

50-ci illərə qədər futbol üzrə SSRİ çempionatının oyunlarını keçirməkdən ötrü Bakıda iki stadion var idi. Bunlardan biri keçmiş “Azərbaycan” mehmanxanasının yerindəki “Dinamo”, ikincisi isə Bakıxanov qəsəbəsindəki indiki İsmət Qayıbov adına stadion idi. Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi məkanlardan biri də Tofiq Bəhramov adına Respublika Stadionudur. Stadionun inşasına 1939-cu ildə başlanılsa da, İkinci Dünya müharibəsinin başlaması inşaat işlərinin dayandırılmasına səbəb oldu. Müharibə dövründə resursların cəbhəyə yönəldilməsi şəhərsalma layihələrini dondursa da, müharibədən dərhal sonra Bakının bərpa və genişləndirilməsi planı çərçivəsində stadionun tikintisi yenidən bərpa edildi. Tarixi mənbələrə və şəhərsalma salnaməsinə əsasən, müharibədən sonrakı bərpa və inşaat işlərinə alman hərbi əsirləri də cəlb edilmişdi. Onların dəqiqliyi və inşaat texnikası stadionun monumental quruluşunda və struktur möhkəmliyində öz əksini tapmışdır. Stadionda  29 min 870 oturacaq quraşdırılıb. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. Nəhayət, 1993-cü ildə dünyaşöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun vəfatından sonra onun adını alıb. Stadion dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdır.

Memarlıq üslubu və şəhərsalma əhəmiyyəti

Layihə müəllifləri İ.Qonsiorovsk, P.İsayev və A.Sergeyev olan Tofiq Bəhramov adına Respublika Stadionu orta əsrlər və klassik Sovet neoklassisizmi (Stalin ampiri) üslublarının maraqlı sintezini özündə əks etdirir. Stadionun xarici fasadı və giriş hissəsi klassik sütunlar, zərif tağlar və milli şəbəkə elementləri ilə bəzədilmişdir. Bu, obyekti sadəcə bir idman qurğusu deyil, şəhər ansamblının tərkib hissəsi olan memarlıq abidəsinə çevirmişdir.

İlkin layihələndirmədə arena yuxarıdan baxıldıqda İosif Stalinin adının baş hərfi olan "C" (Cофи/Cталин) formasında planlaşdırılmışdı. Sonradan tribunalar tamamlanaraq klassik oval formaya gətirilmişdir. Stadion Bakının mərkəzi nəqliyyat qovşaqlarından birində yerləşərək, ətrafındakı park zonası, küçə-yol şəbəkəsi və yaşayış massivləri ilə vəhdət təşkil edir. Ümumi ərazisi 10,5 hektar olan bu nəhəng idman kompleksi bu gün həm peşəkar idmançılara, həm də şəhər sakinlərinə və qonaqlara xidmət edir. Kompleksin daxilində 200 tamaşaçı tutumu olan universal zal, fitnes zalı, konfrans zalı, 31 min 200 tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası mövcuddur.

Tofiq Bəhramov ingilislərin gözündə necə qəhrəman oldu?

Futbolçu karyerası alınmayan Tofiq Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. 1966-cı il iyulun 30-da Bəhramov adını əbədi olaraq dünya futbol tarixinə yazdırır. “Uembli” stadionunda 83 min tamaşaçının izlədiyi İngiltərə - Almaniya görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirib. Buna baxmayaraq, final fitindən sonra bütün dünya heç baş hakimin adını belə çəkmirdi, hamı Tofiq Bəhramovdan danışırdı. Oyunun əsas vaxtının 2:2 hesabı ilə başa çatdığını nəzərə alsaq, əsəblərin necə tarıma çəkildiyini təsəvvür etmək çətin deyil. 100-cü dəqiqədə İngiltərə millisinin oyunçusu Herstin vurduğu top tirə dəyəndən sonra qapı xətti üzərində yerə düşüb geri qayıtdı. “Uembli” sükuta qərq olmuşdu. Hər kəs hakimin hansı qərar qəbul edəcəyini gözləyirdi. Bəhramov tərəddüd etmədən mərkəzi göstərərək, 18 saniyəlik sükuta son qoydu. Həmin qarşılaşmada İngiltərə Almaniyanı 4:2 hesabıyla məğlub edərək ilk və hələlik sonuncu dəfə dünya çempionu adını qazandı. Bəhramov ingilislərin gözündə qəhrəman səviyyəsinə yüksəlsə də, eyni zamanda, almanların düşməninə çevrildi.

Yenidənqurmadan sonra açılış

1966-cı il Dünya Çempionatının finalındakı tarixi qərarı ilə adını futbol salnaməsinə yazdıran Tofiq Bəhramovun adının 1993-cü ildə stadiona verilməsi və arena qarşısında onun bürünc heykəlinin ucaldılması kompleksə həm də mənəvi və tarixi dəyər qatmışdır. 2012-ci il avqustun 16-da stadionun əsaslı təmir və yenidənqurmadan sonra açılışı baş tutdu. Mərasimdə Prezident İlham Əliyev iştirak etmişdi. Qeyd edək ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilib. Stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib. Meydançanın ətrafındakı qaçış zolağı Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub. Yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb. Burada əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilib. FİFA və UEFA bayraqları altında təşkil edilən dünya və Avropa çempionatlarının seçmə oyunlarının keçirildiyi Respublika Stadionu bu gün də beynəlxalq əhəmiyyətli idman qurğuları sırasındadır. Burada yaşanan emosiyalar, qazanılan tarixi qələbələr onu sadəcə idman obyekti deyil, həm də bir mədəniyyət ocağına çevirib desək yanılmarıq. İllər keçsə, yeni və daha müasir arenalar tikilsə də, bu stadionun daşıdığı tarixi və mənəvi dəyər hər zaman qalacaq. Cünki bura həm keçmişimizə ehtiramın, həm də gələcək böyük qələbələrə olan inamın simvoludur.

Sevinc Azadi, “İki sahil”