19 oktyabr 2026 11:11
116

20 Oktyabr – Zəngilanın azadlığı və yenidən doğuluşunun rəmzidir

20 Oktyabr-Zəngilan şəhəri günü Azərbaycanın dövlətçilik tarixində, ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş torpaqların dirçəldilməsi prosesində xüsusi əhəmiyyət daşıyan tarixi gündür. Bu tarix xalqımızın əzəli torpaqlarına qayıdış əzmini, Azərbaycan dövlətinin gücünü, milli birliyini və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə birləşdirir. Zəngilanın azad edilməsi yalnız hərbi-strateji baxımdan mühüm qələbə deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nailiyyətlərindən biridir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədalətin bərpası uğrunda mübarizəsinin həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin azad edilməsinə başlanıldı. Cəbrayıl istiqamətində qazanılan uğurlar Zəngilan rayonunun azadlığına aparan yolun açılmasında mühüm rol oynadı. Oktyabrın 18-də Zəngilan istiqamətində başlanan əməliyyatlar qısa müddətdə əhəmiyyətli nəticələr verdi və 2020-ci il oktyabrın 20-də cənab Prezident  xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad edildiyini elan etdi. Sonrakı döyüşlər nəticəsində rayonun dörd qəsəbəsi və 49 kəndi də azad olundu. Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının, yüksək mənəvi ruhunun və müasir hərbi strategiyasının təntənəsi idi. Bu qələbə, eyni zamanda, dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün siyasi iradəsinin, hərbi gücünün və xalq-ordu birliyinin nümayişi oldu. Vətən müharibəsində əldə edilmiş Zəfər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpası üçün həlledici mərhələ təşkil etdi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi də bərpa edildi. Bu hadisə hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi və regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşdırılması baxımından da mühüm nəticə idi. Sərhəd boyunca müvafiq mühafizə və müdafiə infrastrukturunun qurulması Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların tərkib hissəsinə çevrildi. Zəngilanın tarixi taleyi regionun mürəkkəb siyasi və geosiyasi prosesləri ilə sıx bağlıdır.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati-ərazi dəyişiklikləri nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmiş, ərazidə sonrakı dövrlərdə baş verən siyasi proseslər isə bölgənin tarixi-coğrafi bütövlüyünə ciddi təsir göstərmişdir. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra Zəngəzurun qərb hissəsinin Ermənistanın tərkibinə verilməsi regionun demoqrafik və geosiyasi mənzərəsində dəyişikliklərə səbəb olmuşdur. Zəngilan, Qubadlı və Laçın əraziləri Azərbaycanın tərkibində qalsa da, tarixi Zəngəzur məkanının parçalanması bölgənin gələcək inkişafına təsir göstərən amillərdən biri olmuşdur. Bu tarixi reallıqlar fonunda Zəngilanın azad edilməsi yalnız konkret bir şəhərin və rayonun işğaldan qurtuluşu kimi deyil, həm də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək istiqamətində apardığı mübarizənin mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Bu gün Zəngilanın yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışı və regionun iqtisadi potensialının bərpası tarixi ədalətin real nəticələrlə möhkəmləndirilməsinə xidmət edir. Zəngilan zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Həkəri, Araz, Oxçuçay və Bəsitçay kimi çaylar rayonun təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Ərazidə tikinti daşı, qızıl, qara mərmər və digər faydalı qazıntıların mövcudluğu Zəngilanın iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. İşğaldan əvvəl rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatına söykənirdi. Kənd təsərrüfatı müəssisələri, arıçılıq təsərrüfatları, kooperativlər və fermer təsərrüfatları yerli əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayırdı. Dəmir yolu infrastrukturu da rayonun iqtisadi və sosial həyatında xüsusi yer tuturdu. Zəngilanın nəqliyyat əlaqələri onun regional iqtisadi münasibətlər sistemindəki mövqeyini gücləndirir, kənd təsərrüfatı məhsullarının və digər yüklərin daşınmasına şərait yaradırdı. İşğal dövründə bu infrastrukturun dağıdılması və iqtisadi fəaliyyətin dayanması rayonun inkişafına ciddi zərbə vurdu. Ermənistanın işğalı Zəngilanın tarixi-mədəni irsinə də ağır ziyan vurdu. İşğal dövründə yaşayış məntəqələri dağıdıldı, dini və memarlıq abidələri zədələndi, əsrlər boyu formalaşmış mədəni irsin qorunması üçün zəruri şərait aradan qaldırıldı. Zəngilanın tarixi yaddaşını yaşadan məscidlər, türbələr, ziyarətgahlar, qədim yaşayış yerləri və digər abidələr xalqımızın milli-mədəni irsinin ayrılmaz hissəsidir.

Rayonun tarixi-dini irsi sırasında XVII əsrə aid İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki XIV əsr səkkizguşəli türbə, Şərifan abidələri, orta əsrlərə aid yaşayış məskənləri, Hacallı dairəvi bürcü, qədim sərdabələr və digər memarlıq nümunələri xüsusi yer tutur. Bu abidələr bölgənin çoxəsrlik tarixini, memarlıq ənənələrini və mədəni inkişaf səviyyəsini əks etdirir. Onların qorunması və bərpası yalnız memarlıq nümunələrinin fiziki cəhətdən yaşadılması deyil, həm də milli yaddaşın, tarixi varisliyin və mədəni kimliyin gələcək nəsillərə ötürülməsi deməkdir.

Zəngilan şəhər məscidinin işğal dövründə dağıdılması və təhqir olunması dini-mədəni irsimizə qarşı törədilmiş vandalizmin bariz nümunələrindəndir. XIX əsrdə inşa edilmiş tarixi məscid işğal zamanı ilkin görkəminin böyük hissəsini itirmiş, ondan təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Ərazilərimiz azad olunduqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə burada bərpa və yenidənqurma işləri həyata keçirilmiş, tarixi məscidin konservasiyası ilə yanaşı, yeni məscid binası inşa olunmuşdur. 2024-cü il mayın 18-də məscidin açılışı Zəngilanın dini və mədəni həyatının dirçəldilməsi istiqamətində əhəmiyyətli hadisə olmuşdur.

Bu istiqamətdə həyata keçirilən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunmasına verdiyi önəmi nümayiş etdirir. Tarixi abidələrin bərpası, dini məkanların yenidən istifadəyə verilməsi və mədəni irsin gələcək nəsillərə çatdırılması dövlətin bərpa siyasətinin mühüm istiqamətlərindəndir. Bu fəaliyyət həm də beynəlxalq ictimaiyyətə mədəni irsin qorunmasının və işğalın humanitar nəticələrinin aradan qaldırılmasının vacibliyini göstərir. Zəngilanın işğalı zamanı rayon sakinləri ağır sınaqlarla üzləşdilər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirə şəraitində qalan zəngilanlılar 67 gün ərzində müqavimət göstərdilər. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən ağır hadisələr zamanı əhali son imkanlarınadək mübarizə apardı. Nəticədə, 235 nəfər şəhid oldu və ya itkin düşdü, sakinlər Araz çayını keçərək İran ərazisindən Azərbaycana qayıtdılar və ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldular. Bu faciə minlərlə insanın həyatında dərin iz buraxdı, ailələri doğma torpaqlarından didərgin saldı və nəsillərin yaddaşında ağrılı bir tarixə çevrildi.

Lakin Zəngilan sakinlərinin doğma torpaqlara qayıtmaq ümidi heç vaxt sönmədi. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasət, xalqımızın milli həmrəyliyi və Vətən müharibəsində qazanılan tarixi Qələbə bu arzunun reallığa çevrilməsinə imkan yaratdı. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı rayonun azadlığı uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş hərbçilərin qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin sərəncamları ilə 6974 hərbi qulluqçunun bu medalla təltif olunması Zəngilanın azadlığı uğrunda mübarizədə iştirak etmiş hərbçilərin xidmətlərinə verilən yüksək qiymətdir. 

Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli tariximizin mühüm hadisələrinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix hər il Azərbaycan xalqına Zəngilanın azadlığı uğrunda göstərilən qəhrəmanlığı, şəhidlərimizin fədakarlığını və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı nailiyyətləri xatırladır. Zəngilanın azad edilməsindən sonra dövlət qarşısında duran əsas vəzifələrdən biri dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi fəaliyyətin canlandırılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, ləyaqətli qayıdışının təmin edilməsi olmuşdur. Cənab Prezidentin azad edilmiş ərazilərə müntəzəm səfərləri bu prosesin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltması rayonun yeni tarixinin rəmzi hadisələrindən biri oldu. Sonrakı səfərlər zamanı infrastruktur layihələrinin təməli qoyuldu, enerji və nəqliyyat obyektlərinin tikintisi ilə tanışlıq keçirildi, yaşayış məntəqələrinin bərpası və “Ağıllı kənd” layihəsinin icrası istiqamətində konkret addımlar atıldı. Bu ardıcıllıq Zəngilanın bərpasının təsadüfi və ayrı-ayrı layihələrdən ibarət olmadığını, vahid strateji plan əsasında həyata keçirildiyini nümayiş etdirir. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın 2023-cü il oktyabrın 30-da təsdiq edilməsi şəhərin gələcək inkişafının planlı şəkildə təşkilinə zəmin yaratmışdır. Baş plan şəhərin yaşayış, ictimai, nəqliyyat, sosial və iqtisadi infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Burada əsas məqsəd müasir şəhərsalma prinsiplərinə uyğun, ekoloji baxımdan dayanıqlı, sakinlərin rahat yaşayışını və iqtisadi fəallığını təmin edən şəhər mühitinin yaradılmasıdır. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzildən ibarət ilk yaşayış kompleksinin açılışı bu siyasətin konkret nəticələrindən biri oldu. Ümumi sahəsi iki hektardan artıq olan kompleksdə 12 bina inşa edilib. Mənzillərin bir hissəsi şəhərə qayıdan ailələrin, digər hissəsi isə xidməti istifadə üçün nəzərdə tutulub. Bu layihə Zəngilanın yalnız inzibati mərkəz kimi deyil, insanların daimi yaşayacağı, işləyəcəyi, təhsil alacağı və sosial həyatını quracağı müasir şəhər kimi formalaşdırılmasına xidmət edir.

“Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunda məskunlaşma prosesinin genişləndirilməsi dövlətin əsas prioritetlərindəndir. 2026-cı il oktyabrın 1-nə olan məlumatlara əsasən, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Bu rəqəmlər uzun illər doğma yurdlarından uzaqda yaşayan insanların geri qayıdışının artıq real prosesə çevrildiyini göstərir. Qayıdışın uğurlu və davamlı olması üçün yaşayış evlərinin tikintisi ilə yanaşı, iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkili, kommunal təminatın qurulması və sosial müdafiə mexanizmlərinin işlək vəziyyətə gətirilməsi vacibdir. Yeni köçürülən ailələrin peşə və bacarıqlarına uyğun işlə təmin olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər müəssisələrdə məşğulluq imkanlarının yaradılması əhalinin iqtisadi fəallığını artırmağa və yeni yaşayış mühitinə uyğunlaşmasını sürətləndirməyə xidmət edir.

Zəngilanın bərpasında Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi yer tutur. 2022-ci ilin may ayında kəndin ilk sakinlərinin doğma torpaqlarına qayıtması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni yaşayış modelinin formalaşdırılması baxımından tarixi hadisə oldu. Ağalı layihəsi beynəlxalq təcrübəyə əsaslanaraq müasir texnologiyaların, enerji səmərəliliyinin, ekoloji yanaşmanın və rəqəmsal xidmətlərin vahid infrastrukturda birləşdirilməsi prinsipi ilə həyata keçirilir. Kənddə yaşayış evləri ilə yanaşı, sosial və iqtisadi infrastruktur yaradılıb, əhalinin gündəlik ehtiyaclarının təmin olunması üçün müxtəlif xidmətlər təşkil edilib. Təhsil, səhiyyə, məşğulluq və dövlət xidmətlərinin əlçatanlığı kəndin dayanıqlı inkişafının əsas şərtlərindəndir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yüksək sürətli internet şəbəkəsinin qurulması, ağıllı müşahidə sistemləri və elektron xidmətlər kənd sakinlərinin müasir imkanlardan yararlanmasına şərait yaradır. Ağalıda enerji resurslarından səmərəli istifadə və ekoloji dayanıqlılıq prinsiplərinə də xüsusi diqqət yetirilib. Həkəri çayı üzərində qurulmuş Arximed turbini tipli su elektrik stansiyası, inzibati binalarda quraşdırılmış günəş panelləri və yaşayış evlərində tətbiq olunan enerji səmərəliliyi həlləri bu yanaşmanın mühüm elementləridir. Çirkab suların bioloji təmizlənməsi, istilik itkisinin azaldılması və alternativ enerji mənbələrindən istifadə kəndin ekoloji yükünün azaldılmasına xidmət edir. Bu təcrübə göstərir ki, işğaldan azad edilmiş ərazilərin bərpası yalnız dağıdılmış infrastrukturun əvvəlki vəziyyətinə qaytarılması ilə məhdudlaşmır. Əsas məqsəd müasir texnologiyalara, rəqəmsal həllərə və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yeni yaşayış mühitinin yaradılmasıdır. Ağalı kəndi bu baxımdan Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinin mühüm nümunəsidir. Zəngilanın iqtisadi inkişafında nəqliyyat-logistika infrastrukturu strateji əhəmiyyət daşıyır. Rayonun regionun mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməsi onun gələcəkdə beynəlxalq yükdaşımalar, ticarət və iqtisadi inteqrasiya proseslərində rolunu artıra bilər. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu istiqamətdə mühüm addımlardan biridir. Hava limanı mülki aviasiya, yükdaşımalar və regionun nəqliyyat əlçatanlığının artırılması üçün yeni imkanlar yaradır. Eyni zamanda, onun fəaliyyəti Zəngilanın turizm, biznes və logistika mərkəzi kimi inkişaf perspektivlərini genişləndirir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xəttinin inşası regionun iqtisadi gələcəyi baxımından mühüm layihələrdir. Bu nəqliyyat xətləri azad edilmiş ərazilərdə məskunlaşmanın sürətləndirilməsinə, istehsal müəssisələrinin fəaliyyətinə, yük və sərnişin daşımalarının təşkilinə xidmət edəcək. Eyni zamanda, layihələr Azərbaycanın Şərq–Qərb nəqliyyat əlaqələrindəki mövqeyinin möhkəmləndirilməsi və regionun tranzit imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Zəngilanın nəqliyyat qovşağı kimi inkişafı regional bağlantıların genişləndirilməsi ilə də əlaqəlidir.

Azərbaycanın irəli sürdüyü nəqliyyat-kommunikasiya təşəbbüsləri bölgədə iqtisadi əlaqələrin canlandırılması, ticarət marşrutlarının şaxələndirilməsi və qarşılıqlı iqtisadi faydanın artırılması üçün yeni imkanlar yaradır. Bu baxımdan Zəngilanın inkişafı yalnız rayonun və bütövlükdə Azərbaycanın iqtisadi maraqları ilə məhdudlaşmır, daha geniş regional əməkdaşlıq perspektivləri daşıyır. Rayonun iqtisadi potensialının reallaşdırılmasında kənd təsərrüfatı da mühüm yer tutur. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi müasir aqrar istehsalın təşkilinə, heyvandarlığın inkişafına, bitkiçilik məhsullarının istehsalına və yeni iş yerlərinin yaradılmasına yönəlib. Layihənin mərhələli şəkildə genişləndirilməsi nəticəsində ərazidə istehsal, emal, saxlama və logistika imkanlarının artırılması nəzərdə tutulur. Aqroparkın fəaliyyəti yerli iqtisadiyyatın canlandırılması, əhalinin məşğulluğunun təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. İstehsal olunan məhsulların emalı və qablaşdırılması, anbar infrastrukturunun qurulması, toxumçuluq və şitilçilik sahələrinin inkişaf etdirilməsi regionda əlavə dəyər yaradan iqtisadi zəncirin formalaşmasına imkan verə bilər. Bu cür layihələr azad edilmiş ərazilərin yalnız yaşayış məkanları kimi deyil, həm də istehsal və iqtisadi fəaliyyət mərkəzləri kimi inkişaf etdirilməsinin vacibliyini göstərir. Zəngilanın turizm potensialının inkişaf etdirilməsi də iqtisadi şaxələndirmə strategiyasının mühüm istiqamətlərindəndir. Rayonun zəngin təbiəti, çayları, meşələri, tarixi-mədəni abidələri və əlverişli coğrafi mövqeyi ekoturizm, kənd turizmi və istirahət xidmətlərinin inkişafı üçün geniş imkanlar yaradır. Ağalı hotelinin açılması, Zəngilan İstirahət Kompleksinin yaradılması istiqamətində görülən işlər və 2026-cı il mayın 10-da “Zangilan City Park Hotel”in təməlinin qoyulması bu sahədə atılan addımlardandır.

Turizm infrastrukturunun genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, xidmət sektorunun inkişafına və yerli iqtisadi fəallığın artmasına şərait yarada bilər. Bununla yanaşı, turizm layihələrinin uğuru təbii mühitin qorunması, tarixi abidələrin mühafizəsi, keyfiyyətli xidmətlərin təşkili və nəqliyyat əlçatanlığının təmin edilməsindən asılıdır. Zəngilanın turizm potensialının planlı şəkildə inkişaf etdirilməsi rayonun uzunmüddətli iqtisadi dayanıqlılığına töhfə verə bilər. Bütün bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsas məqsədi dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, əhalinin təhlükəsiz yaşayışını, sosial rifahını, iqtisadi müstəqilliyini və gələcək inkişafını təmin etməkdir. Zəngilan nümunəsi göstərir ki, müasir şəhərsalma, alternativ enerji, rəqəmsal xidmətlər, nəqliyyat infrastrukturu və istehsal layihələri vahid inkişaf strategiyası çərçivəsində birləşdirilir. Zəngilanın dirçəldilməsi həm də Azərbaycanın sülh və regional əməkdaşlıq gündəliyi ilə əlaqəlidir. Dövlətimizin suverenliyinin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri regionda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsidir. Nəqliyyat əlaqələrinin inkişafı, sərhəd infrastrukturunun gücləndirilməsi, ticarət imkanlarının genişləndirilməsi və regional layihələrin həyata keçirilməsi qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişafına xidmət edə bilər. Azərbaycanın öz ərazilərində həyata keçirdiyi bərpa və quruculuq işləri də bu baxımdan regionun uzunmüddətli sabitliyinə və inkişafına yönəlmiş siyasətin mühüm tərkib hissəsidir.

20 Oktyabr – Zəngilan şəhəri günü bizə Vətən müharibəsində qazanılan tarixi Qələbəni, şəhidlərimizin fədakarlığını, qazilərimizin qəhrəmanlığını və Azərbaycan xalqının sarsılmaz iradəsini bir daha xatırladır. Bu gün həm də doğma torpaqlarına qayıdan insanların sevincinin, dövlətimizin quruculuq əzminin və Zəngilanın gələcəyinə olan inamın rəmzidir.

Zəngilan bu gün işğalın ağır nəticələrini geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Şəhərin yenidən qurulması, kəndlərin müasir standartlara uyğun bərpası, nəqliyyat və enerji infrastrukturunun inkişafı, yeni istehsal sahələrinin yaradılması və əhalinin doğma yurdlarına qayıdışı Azərbaycanın gücünü və uzunmüddətli strateji baxışını nümayiş etdirir. Qarşıda görüləcək işlər çox olsa da, artıq əldə edilən nəticələr Zəngilanın gələcəyinin müasir, dayanıqlı və iqtisadi cəhətdən fəal bir bölgə kimi formalaşdırılması istiqamətində möhkəm zəmin yaradır. Bu əlamətdar gün münasibətilə Zəngilanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəngilanın yenidən qurulması və sakinlərinin doğma torpaqlarında təhlükəsiz, firavan həyat sürməsi Azərbaycanın milli birliyinin, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsinin parlaq ifadəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı