19 oktyabr 2026 11:16
146

Zəngilanın dirçəlişi dövlət siyasətinin və milli həmrəyliyin nəticəsidir

20 Oktyabr-Zəngilan şəhəri günü Azərbaycanın müasir tarixində milli iradənin, ərazi bütövlüyünün bərpasının və azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq siyasətinin təcəssüm etdiyi əlamətdar tarixlərdən biridir. Bu gün Zəngilanın işğaldan azad olunması ilə qazanılmış tarixi Zəfəri, xalqımızın doğma torpaqlara qayıdış əzmini və dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasəti bir daha xatırladır. Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi-mədəni irsi, əlverişli coğrafi mövqeyi və iqtisadi potensialı ilə seçilən rayonlarımızdandır. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati ərazi bölgüsü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmişdi. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra baş verən ərazi dəyişiklikləri nəticəsində Zəngəzurun böyük hissəsi Ermənistana verilmiş, Laçın, Qubadlı və Zəngilan əraziləri isə Azərbaycanın tərkibində qalmışdı. Bu tarixi proseslər regionun sonrakı geosiyasi mənzərəsinə ciddi təsir göstərmişdir.

Zəngilanın coğrafi mövqeyi onun Azərbaycanın iqtisadi və nəqliyyat əlaqələri sistemindəki əhəmiyyətini artırır. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İranla, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi çayların ərazidən keçməsi, faydalı qazıntı ehtiyatları, kənd təsərrüfatı üçün əlverişli sahələri və təbii landşaftı Zəngilanın çoxşaxəli inkişafı üçün mühüm imkanlar yaradır. Tarixən burada kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və dəmir yolu infrastrukturu iqtisadi həyatın əsas istiqamətləri olub. Zəngilanın tarixi əhəmiyyəti onun təbii sərvətləri və coğrafi mövqeyi ilə məhdudlaşmır. Rayon ərazisində müxtəlif tarixi dövrlərə aid dini, memarlıq və arxeoloji abidələr mövcuddur. Məmmədbəyli kəndindəki XIV əsrə aid səkkizguşəli türbə, Şərifan abidələri, orta əsrlərə aid yaşayış məskənləri, sərdabələr, qüllələr, körpülər və digər tarixi nümunələr bu torpaqların zəngin mədəni irsini əks etdirir. Məscidlər, türbələr və ziyarətgahlar isə bölgənin dini-mənəvi həyatının, xalqımızın əsrlər boyu qoruyub saxladığı tarixi yaddaşın mühüm elementləridir.

Lakin Zəngilanın tarixi inkişafı 1993-cü ildə Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində ağır sınaqlarla üzləşdi. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirə şəraitində qalan Zəngilan əhalisi 67 gün ərzində düşmənə qarşı müqavimət göstərdi. 1993-cü il oktyabrın 25–29-da rayonun sakinləri doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. İnsanlar Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın müxtəlif bölgələrinə üz tutdular. Bu faciə zamanı 235 nəfərin şəhid və itkin düşməsi Zəngilan tarixinin ən ağrılı səhifələrindən biridir. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdıldı, sosial və iqtisadi infrastruktur yararsız vəziyyətə salındı, tarixi və dini abidələrə ciddi ziyan vuruldu. Mədəni irsin məhv edilməsi, məscidlərin və digər tarixi tikililərin təhqir olunması, yaşayış məntəqələrinin xarabalığa çevrilməsi işğalın ağır nəticələrini nümayiş etdirirdi. Bu faktlar yalnız maddi dağıntılar deyil, həm də xalqımızın tarixi yaddaşına və mədəni irsinə qarşı törədilmiş vandalizm aktları kimi qiymətləndirilməlidir.

Zəngilanın azad edilməsi Azərbaycanın müstəqillik tarixində mühüm hərbi-siyasi hadisə oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun cəbhənin cənub istiqamətində əldə etdiyi uğurlar Zəngilan rayonunun azadlığı üçün əlverişli şərait yaratdı. Oktyabrın 18-də rayonun azad edilməsi istiqamətində əməliyyatlar başladı. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Sonrakı hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri, dörd qəsəbə və 49 kənd düşmən işğalından azad edildi. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, xalqımızın birliyinin və dövlətimizin qətiyyətli siyasətinin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-strateji tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici rol oynadı. Zəngilanın azad olunması həm də Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsinin bərpasını təmin etdi. Bununla ölkəmizin cənub sərhədlərində suveren nəzarət yenidən tam təmin olundu, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və ərazidə yeni infrastrukturun qurulması üçün imkanlar yarandı. Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib, Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət göstərmiş 6974 hərbi qulluqçu bu medalla təltif olunub. Bu təltiflər Zəngilanın azadlığı uğrunda mübarizə aparan hərbçilərimizin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 20 oktyabrın Zəngilan şəhəri günü kimi müəyyənləşdirilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix hər il Zəngilanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və əldə olunmuş Zəfərin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq üçün mühüm fürsətdir. Zəngilanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə ərazinin bərpası, iqtisadi potensialının yenidən reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasıdır. Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri, burada həyata keçirilən infrastruktur layihələri ilə tanış olması və yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı bərpa prosesinin sistemli və ardıcıl xarakter daşıdığını göstərir.

2021-ci il aprelin 26-da Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməli qoyuldu, Beynəlxalq Hava Limanının və avtomobil yollarının tikintisinə başlanıldı. Sonrakı illərdə enerji, nəqliyyat, yaşayış, təhsil və digər sahələrdə mühüm layihələr həyata keçirildi. Dövlət başçısının 2022-ci il mayın 27-də Ağalı kəndində layihənin birinci mərhələsinin açılışında iştirakı Böyük Qayıdış proqramının praktiki mərhələyə keçidinin mühüm göstəricisi oldu. 2022-ci ilin mayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma yurdlarına qayıtmağa başladılar. Ağalı “Ağıllı kənd” layihəsi azad edilmiş ərazilərdə müasir yaşayış mühitinin formalaşdırılmasının nümunəsidir. Burada yaşayış evləri ilə yanaşı, sosial xidmətlər, məşğulluq imkanları, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Layihədə enerji səmərəliliyi, ekoloji dayanıqlılıq, rəqəmsal xidmətlər və innovativ texnologiyalar əsas götürülüb. Həkəri çayı üzərində qurulan Arximed turbini tipli su elektrik stansiyası, inzibati binalardakı günəş panelləri, enerji itkisini azaldan tikinti materialları, müasir internet infrastrukturu və elektron xidmətlər kəndin dayanıqlı inkişafına xidmət edir. Ağalı layihəsinin əhəmiyyəti yalnız müasir evlərin tikilməsi ilə ölçülmür. Burada əsas məqsəd insanların doğma torpaqlarında rahat və təhlükəsiz yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən yararlanması üçün bütöv bir yaşayış mühitinin yaradılmasıdır. Bu model azad edilmiş digər ərazilərdə də müasir şəhərsalma prinsiplərinin tətbiqi, təbii resurslardan səmərəli istifadə və sosial rifahın yüksəldilməsi baxımından mühüm təcrübə formalaşdırır. Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan şəhəri və rayonun kəndlərində məskunlaşma prosesi də davam edir. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Doğma yurda qayıdan insanların peşə və bacarıqlarına uyğun məşğulluq imkanları ilə təmin edilməsi qayıdış prosesinin sosial-iqtisadi əsaslarını gücləndirir. Dövlət qurumlarında, tikinti və xidmət sektorlarında, ictimai iaşə obyektlərində, tikiş fabrikində və digər sahələrdə yaradılan iş imkanları sakinlərin yeni həyat şəraitinə uyğunlaşmasına və iqtisadi fəallığının artmasına kömək edir. Zəngilan şəhərinin gələcək inkişafı şəhərsalma və infrastruktur baxımından da sistemli şəkildə planlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. Baş planın məqsədi şəhərin yaşayış, sosial, nəqliyyat, kommunal və ictimai məkanlarının vahid yanaşma əsasında inkişafını təmin etməkdir. Burada müasir şəhərsalma standartlarının, ekoloji tələblərin və sakinlərin rahat yaşayış ehtiyaclarının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin istifadəyə verilməsi bərpa prosesinin mühüm nəticələrindən biridir. Ümumi sahəsi iki hektardan artıq olan ərazidə 12 bina inşa edilib. Kompleksdə iki, üç, dörd və beşotaqlı mənzillər mövcuddur. Mənzillərin bir hissəsinin sakinlər, digər hissəsinin isə xidməti istifadə üçün nəzərdə tutulması şəhərdə yaşayışla yanaşı, müxtəlif xidmətlərin və idarəetmə fəaliyyətinin təşkilinə də imkan yaradır. Bu cür layihələr Zəngilanın tədricən yaşayış, ictimai xidmət və iqtisadi fəaliyyət baxımından tam funksional şəhərə çevrilməsinə xidmət edir. Rayonun inkişafında nəqliyyat-logistika infrastrukturu xüsusi strateji əhəmiyyətə malikdir. Zəngilanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi onu Azərbaycanın regional bağlantılar sistemində mühüm məntəqəyə çevirir. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin hava nəqliyyatı imkanlarını genişləndirir, sərnişin və yük daşımaları üçün yeni perspektivlər yaradır. Beynəlxalq standartlara uyğun inşa edilmiş hava limanı Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlçatanlığının artırılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və gələcək turizm potensialının reallaşdırılmasına xidmət edir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu isə bölgənin nəqliyyat sisteminin əsas elementlərindəndir. Bu layihələr azad edilmiş ərazilərə insanların qayıdışını asanlaşdırmaqla yanaşı, istehsal olunan məhsulların daşınmasına, ticarət əlaqələrinin genişlənməsinə və logistika imkanlarının artmasına şərait yaradır. Dəmir yolu xəttinin inkişafı Azərbaycanın regional nəqliyyat dəhlizlərindəki mövqeyini gücləndirən layihələrlə uzlaşır. Bu infrastrukturun tam formalaşması Zəngilanın təkcə yerli deyil, daha geniş regional iqtisadi əlaqələr sistemində də rolunu artıra bilər.

Zəngilanın iqtisadi dirçəlişində kənd təsərrüfatı və aqrar sənaye layihələri də mühüm yer tutur. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olan “Dost Aqropark” layihəsi bu baxımdan diqqətəlayiq nümunədir. Layihə heyvandarlıq, əkinçilik, toxumçuluq, şitilçilik, emal, qablaşdırma və saxlama sahələrini birləşdirən inteqrasiya olunmuş istehsal modelinin formalaşdırılmasını nəzərdə tutur. Layihənin mərhələli şəkildə genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın artırılmasına və bölgənin kənd təsərrüfatı potensialının reallaşdırılmasına töhfə verəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə bazarlara çıxarılması təşəbbüsü isə yerli məhsulların tanıdılması və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir. Zəngilanın gələcək inkişafında turizm sektorunun da mühüm potensialı var. Rayonun təbii landşaftı, çayları, meşələri, tarixi abidələri və əlverişli coğrafi mövqeyi ekoturizm, mədəni turizm və istirahət xidmətlərinin inkişafı üçün imkanlar yaradır. Ağalı hotelinin istifadəyə verilməsi, Zəngilan İstirahət Kompleksinin inşası və 2026-cı il mayın 10-da “Zangilan City Park Hotel”in təməlinin qoyulması bu sahədə həyata keçirilən təşəbbüslərdəndir. Turizm infrastrukturunun inkişafı gələcəkdə yeni xidmət sahələrinin yaranmasına, məşğulluğun artmasına və bölgənin iqtisadi fəallığının genişlənməsinə şərait yarada bilər. Tarixi-mədəni irsin qorunması və bərpası da Zəngilanın yenidən qurulmasının vacib istiqamətlərindəndir. İşğal dövründə ciddi zərər görmüş Zəngilan şəhər məscidinin bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi məsciddə bərpa-konservasiya işləri aparılıb, onun yanında yeni məscid binası inşa edilib. Bu layihə dini-mənəvi irsin qorunmasına, şəhərin ictimai həyatında mühüm yer tutan ibadət məkanının yenidən fəaliyyət göstərməsinə xidmət edir. Eyni zamanda, rayonun digər tarixi abidələrinin inventarlaşdırılması, qorunması və bərpası Azərbaycanın mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından vacibdir. Zəngilanın bərpası yalnız tikinti və infrastruktur layihələrindən ibarət deyil. Bu proses dövlətin uzunmüddətli inkişaf strategiyasının, ərazi bütövlüyünün bərpasından sonra suverenliyin möhkəmləndirilməsi və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi siyasətinin tərkib hissəsidir. Yeni yolların, yaşayış komplekslərinin, enerji obyektlərinin, təhsil və səhiyyə müəssisələrinin, istehsal və xidmət sahələrinin yaradılması bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşmasına yönəlib. Prezident cənab İlham Əliyevin Zəngilana mütəmadi səfərləri və burada həyata keçirilən layihələrin gedişi ilə yerində tanış olması dövlətin azad edilmiş ərazilərin inkişafına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. 2020-ci ilin dekabrında şəhərdə Azərbaycan bayrağının qaldırılmasından başlayaraq, sonrakı illərdə hava limanının, avtomobil yollarının, yaşayış komplekslərinin, enerji obyektlərinin, sosial və turizm infrastrukturunun qurulması istiqamətində atılan addımlar Zəngilanın simasının mərhələli şəkildə dəyişdiyini göstərir. Bu fəaliyyətlərin mərkəzində doğma torpaqlarından didərgin düşmüş insanların geri qayıtması, təhlükəsiz və firavan yaşayışının təmin edilməsi dayanır.

20 Oktyabr – Zəngilan şəhəri günü bir daha təsdiq edir ki, Azərbaycan xalqı tarixi torpaqlarına bağlılığını qoruyub saxlayır, dövlətimiz isə milli maraqların təmin edilməsi və azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl siyasət həyata keçirir. Zəngilan bu gün işğalın ağır nəticələrindən dirçəlişə, məcburi köçkünlükdən doğma yurda qayıdışa, dağıntılardan müasir inkişaf modelinə doğru irəliləyir. Zəngilanın gələcəyi müasir infrastrukturun, iqtisadi fəallığın, ekoloji dayanıqlılığın, tarixi irsin qorunmasının və insanların rifahının vəhdəti üzərində qurulur. Bu şəhərin dirçəlişi Azərbaycanın Zəfərdən sonrakı quruculuq mərhələsinin mühüm nümunələrindən biridir. Zəngilanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlığı isə doğma torpaqlarımızda həyatın yenidən qurulması ilə yaşadılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Tahir Mirkişili,

Milli Məclisin deputatı