19 oktyabr 2026 13:03
181

Britaniya Aİ-nin süni intellekt bazarına çıxış əldə etmək niyyətindədir

Böyük Britaniyanın Baş naziri Endi Börnhemin Avropa İttifaqı ilə yaxınlaşma kursu süni intellekt (Sİ) sahəsində Avropa bazarına prioritet çıxışın əldə edilməsini nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Noyabrın 20-də Böyük Britaniya – Aİ sammiti keçiriləcək və onun əsas mövzularından biri süni intellekt sahəsində əməkdaşlıq olacaq. Qeyd olunur ki, London ABŞ-dan həddindən artıq texnoloji asılılıqdan yayınmaq məqsədilə Brüssellə bu məsələdə əlaqələri dərinləşdirmək istəyir. Nəşrin məlumatına görə, Britaniya Nazirlər Kabinetinin üzvləri avropalı məmurları Birləşmiş Krallıq şirkətlərinə Aİ-nin texnoloji bazarına "etibarlı çıxış" verməyə inandırırlar.

Vurğulanır ki, hökumətləri Sİ texnologiyalarının, o cümlədən məlumat mərkəzlərinin və çat-bot abunəliklərinin alınmasında Avropa firmalarına üstünlük verməyə məcbur edəcək qanun layihəsi hazırlanır. Qəzetin yazdığına görө, Börnhemin kabinetində əgər Britaniya şirkətlərinə Aİ bazarına imtiyazlı çıxış verilməsə, onların milyardlarla avro dəyərində müqavilələrdən məhrum olacağından ehtiyat edirlər.

Müxalifətdəki Konservativ Partiyanın kölgə biznes naziri Culiya Lopes baş nazirin planlarını tənqid edərək bildirib ki, Avropa İttifaqı həddindən artıq tənzimləməyə meyllidir: "XXI əsrin ən böyük texnologiya şirkətlərinin Aİ-də meydana gəlməməsinin səbəbi var. Brüsselin bürokratiyası innovasiya və artımı boğub, nəticədə Aİ-nin nə öz suveren süni intellekt imkanları, nə də qabaqcıl dünya səviyyəli tədqiqat laboratoriyaları var. Leyboristlər Partiyasının bizi Avropa normalarına bağlamaq üçün digər cəhdləri kimi, Börnhemin bu yeni təşəbbüsü də, görünür, yalnız ona gətirib çıxaracaq ki, Britaniya vergi ödəniçiləri qarşılığında praktiki olaraq heç nə əldə etməyəcəklər".