19 oktyabr 2026 13:38
181

Tarixi Zəfər Azərbaycan Ordusunun qüdrəti kimi həmişə xatırlanacaq

I Qarabağ müharibəsində Füzuli və Cəbrayıl rayonlarının işğalı Zəngilanın müdafiəsini ciddi şəkildə çətinləşdirmişdi. Zəngilan mühasirədə idi. Bir tərəfi Azərbaycanın işğal olunmuş əraziləri – düşmənlər, digər tərəfi Araz çayı – İran İslam Respublikası. Zəngilan 1993-cü il oktyabrın 29-da iş­ğal edilmişdi, əhali Araz çayından İrana keçməyə məcbur olmuşdu.  İşğal müddətində Ermə­nis­tan ra­yo­nun neçə-neçə tarixi abidəsini, ziyarətgahını, tarixi memarlıq abidəsini dağıtmışdı...

Azərbaycanın ədalətli müharibəsində – II Qarabağ müharibəsində təsdiqləndi ki, “zülmün (iş­ğalçının – S.X.) topu varsa, gülləsi, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır” (T.Fikrət). İşğalçı dövlət olan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəl­xalq təşkilatlardan ciddi tələb, dünya dövlətlərindən ciddi qınaq olmadığına görə Ermənistan işğalı davam etdirir, regionda mövcud status-kvonu saxlamaq məqsədi ilə Azərbay­canın ərazilərinə yenə müxtəlif miqyaslı hücumlar edir, təxribatlar törədirdi; Azərbaycanın təklif etdiyi sülh danışıq­la­rından yayınan Ermənistanın işğalçılıq niyyəti regionda əmin-amanlığın bərpa olunmasına imkan vermirdi...  

 Ermənistan 2020-ci il sentyabrın 27-də də bu niyyətlə hücum etdi. Azərbaycan Ordusunun hissələri bu hü­­cumun da qarşısını qətiyyətlə aldı, Ermə­nis­tanın hərbi birləşmələri döyüşdə irəliləyə bilmədi. Azər­bay­can Ordusunun hissələri Ali Baş Komandanın dö­yüş əmri ilə əks-hücuma keçdi...

Ermənistan işğalçı dövlət kimi işğal etdiyi ərazilərdə ciddi müdafiə sədləri yaratmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən bu dövlət yaratdığı müdafiə sədlərini ye­ni­ləyir, daha da möhkəmləndirirdi. Azərbaycan Ordusunun hissələri döyüşə-döyüşə bu ciddi mü­dafiə sədlərini dağıtdı, düşmən döyüşçülərimizin qarşısında maneə yaratmaq gücünü itirdi. Mü­ha­­ri­bənin ilk günü neçə-neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəklik işğaldan azad edildi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq müraciətində dedi: "Dün­ya­da heç bir qüvvə bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik".

İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi və bu səbəbdən bu müharibə Vətən mü­ha­ribəsi kimi tarixləşdi...

Azərbaycan Silahlı Qüvvələrinin hissələrinin qazandığı qələbələr döyüşçülərimizin Zən­gi­lan rayonunun şərti sərhədinə çat­ma­sına şərait yaratdı. Döyüşçülərimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edil­məsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Res­pub­likasıın Prezidenti cə­nab İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmməd­bəy­li, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin iş­ğaldan azad edildiyini bil­dir­di. Döyüşlərdə rayonun 4 qəsəbəsi, 49 kəndi azad edilmişdi.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanatı Azərbaycan qalib, Ermənistan məğlub dövlət kimi im­­zaladı...

Azərbaycanın əraziləri işğaldan azad edildi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilana hər səfəri qu­ru­cu­luq işlərinin daha da intensivləşməsini təmin edir. Hazırda Zəngilanda dövlətimiz üçün prio­ritet olan quruculuq işləri böyük məsuliyyətlə davam etdirilir.

 “Ağıllı kənd” formatında qurulan Ağalıda dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların gös­tə­rilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunması üçün zəruri infrastruktur yaradılıb...

 Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngi­lan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib, Zəngilan şəhərində 2026-cı ildə 104 mən­zilli ilk yaşayış kompleksinin açılışı olub, nəqliyyat dəhlizləri üzərində yer­ləşən Zən­gi­­lan­da bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini də qəbul etməyə qa­dir olan Beynəlxalq Hava Limanı inşa edilib, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edil­miş tor­paq­lara vətəndaşların gəlməsində də, yüklərin daşınmasında da böyük əhəmiyyətə malik olacaq. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avto­mo­bil yolu böyük strateji əhəmiyyətə malikdir.  

Zəngilan şəhərində XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılmış məs­cidi Heydər Əliyev Fondu bərpa etdirdi. 2024-cü il mayın 18-də Zən­gilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılıb. Üçmərtəbəli hotel Həkəri çayı vasitəsilə ya­ra­dılmış süni gölün sa­hi­lində yerləşir. Zəngilanda pilot kənd təsərrüfatı layihəsi olan “Dost Aqro­park” adlanan layihə Azər­baycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və fəaliyyətdədir. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası, Arximed turbini tipli Su Elektrik Stansiyası is­ti­fa­də­dir, ...

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib, Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğal­dan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunma­sına görə” medalı ilə təltif olunub...

Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi...

Zəngilana da qayıdış başlayıb. İndiyə kimi Zəngilan şəhərinə 84 ailə, kəndlərə 413 ailə köçüb. Bunlar Zəngilana Böyük qayıdışın başlanğıcıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü elan olunub...

İkinci Qarabağ müharibəsi də, Ordumuzun qazandığı tarixi Zəfər də tarixləşdi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də Zəfərlə başa çatacaq. Bunlar həmişə həm də şəhər günlərində böyük ehtiramla xatırlanacaq. Azərbaycan Ordusunun qüdrəti kimi!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı