Ekspert: Tıxacdan yayınmaq və hərəkət müddətini azaltmaq nəqliyyatın təşkilində başlıca məsələlərdəndir
Sürücülərin mənzil başına daha tez çatmaq, yolda vaxt itirməmək və rahat hərəkət etmək istəyi nəqliyyat infrastrukturunda yeni həlləri zəruri edir. Azərbaycanda ödənişli avtomobil yollarının istifadəyə verilməsi də bu baxımdan diqqət çəkir. Bakı-Quba-Rusiya sərhədi və Əhmədbəyli-Füzuli-Şuşa magistralları sürücülərə alternativ marşrut seçmək, yol şəraitindən asılı olaraq səfər müddətini azaltmaq imkanı yaradır.
Bu yolların üstünlüyü təkcə daha sürətli hərəkətlə məhdudlaşmır. Yüksək texniki göstəricilər və geniş buraxıcılıq qabiliyyəti nəqliyyat axınının daha səmərəli təşkili, hərəkətin rahatlığının və təhlükəsizliyin artırılması baxımından da əhəmiyyətlidir. Xüsusilə uzun məsafə qət edən sürücülər üçün yolun keyfiyyəti və səfərə sərf olunan vaxt marşrut seçimində mühüm rol oynayır.
Bununla belə, ödənişli yolun cəlbediciliyi yalnız texniki imkanlarla ölçülmür. Sürücü ödədiyi vəsaitin qarşılığında vaxta qənaət etməli, daha rahat hərəkət etməli və mənzil başına çatmaq üçün real üstünlük əldə etməlidir. Digər tərəfdən, ödənişsiz alternativlərin mövcudluğu da sürücülərin seçim imkanlarını qoruyur. Məhz bu amillərin uzlaşdırılması ödənişli yolların nəqliyyat sistemindəki rolunu və səmərəliliyini müəyyənləşdirən əsas məsələlərdəndir.
Bəs, Azərbaycanda ödənişli avtomobil yollarının tətbiqi nəqliyyat sisteminə hansı real üstünlükləri gətirir? Sürücülər bu marşrutlara uyğunlaşırlarmı?

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ödənişli yolların tətbiqi sürücülər tərəfindən heç də həmişə müsbət qarşılanmır. Lakin bu yolların əsas fərqi hərəkət müddətinə və tıxac probleminə təsiri ilə bağlıdır. Əgər sürücülər ödəniş müqabilində mənzil başına daha tez çatmaq, tıxacdan yayınmaq və rahat hərəkət etmək imkanı əldə edirlərsə, bu addımın müsbət tərəflərini anlamaq mümkündür. Sürücülər daha sürətli hərəkət etmək və ümumi nəqliyyat axınının düzgün təşkilinə təminat verilməsini istəyirlər. Bu baxımdan, ödənişli yolların tətbiqi müsbət addım kimi qiymətləndirilə bilər.
Nəqliyyat vasitələrinin hərəkətinin təşkili və nəqliyyat axınlarının fasiləsiz hərəkətinin təmin olunması bu prosesdə mühüm əhəmiyyət daşıyır. Bu gün nəqliyyatın təşkilində əsas məsələlərdən biri tıxacdan yayınmaq və insanların gedəcəkləri yerə daha sürətli çatmasını təmin etməkdir. Bu, nəqliyyatın təşkilində başlıca amildir. Eyni zamanda, nəqliyyat vasitələrinin axınlarının düzgün istiqamətləndirilməsi də bu məsələdə mühüm rol oynayır.
Sürücülərin yeni sistemə uyğunlaşması zəruri prosesdir. Bu uyğunlaşmanın necə baş verməsi, eləcə də ümumi nəqliyyat axınlarının düzgün müəyyənləşdirilməsi hərəkətin təşkilində mühüm amillərdəndir. Bütün bu məsələlər sonda hərəkətin təşkili, təminatı və səmərəliliyi ilə əlaqələnir. Sürət həddi, tıxacdan yayınmaq, hərəkətin düzgün istiqamətləndirilməsi və nəqliyyat axınlarının təşkili ödənişli yolların fəaliyyətində əsas diqqət yetirilməli məqamlardır.
Nigar Orucova, “İki sahil”
Vüqar Rəhimzadə: Ermənistan sülh müqaviləsinin imzalanması prosesini niyə ləngidir?