Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır.
"Gecə bruksizmi insanın yuxu zamanı qeyri-iradi olaraq çənə əzələlərini gərginləşdirməsi nəticəsində yaranır. Bu halın meydana gəlməsinə müxtəlif amillər təsir göstərə bilər. Onlardan biri yuxu zamanı tənəffüsün dayanmasıdır. Belə vəziyyətdə orqanizm nəfəsalmanı bərpa etməyə çalışır. Nəticədə çeynəmə əzələləri qeyri-iradi şəkildə yığılır və çənə hərəkət edir", - deyə həkim bildirib.
Həkimin sözlərinə görə, gecə bruksizminin yaranmasına səbəb ola biləcək amillər arasında mədə yanması da var.
"Sadə dillə desək, qastroezofageal reflüks, yəni mədə turşusunun qida borusuna geri qayıtması da bu hala səbəb ola bilər. Bundan əlavə, qulaq-burun-boğaz (LOR) xəstəlikləri də nəfəsalmağı çətinləşdirə bilər. Belə hallarda orqanizm tənəffüsü normallaşdırmağa çalışarkən çənə əzələlərinin fəaliyyəti dəyişə bilər", - deyə mütəxəssis qeyd edib.