Dünya İqtisadi Forumu (DİF) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın rəqəmsal ticarət ekosisteminin inkişaf imkanlarına dair “Azərbaycanın TradeTech potensialının reallaşdırılması” (“Unlocking Azerbaijan’s TradeTech Potential”) adlı hesabat dərc olunub.
Hesabat DİF-in “TradeTech” təşəbbüsü çərçivəsində Azərbaycanda aparılan geniş təhlillərin nəticələrini əks etdirir. Sənəddə ölkənin rəqəmsal ticarət sahəsində mövcud imkanları və inkişaf istiqamətləri qiymətləndirilib, innovativ texnologiyaların beynəlxalq ticarətdə tətbiqinin genişləndirilməsi, ticarət və logistika proseslərinin səmərəliliyinin artırılması, eləcə də kiçik və orta biznesin xarici bazarlara çıxışının asanlaşdırılması üzrə tövsiyələr təqdim olunub.
Təhlil 2025-ci ilin iyul - 2026-cı ilin may ayları ərzində həyata keçirilib. Bu çərçivədə 18 təşkilatı təmsil edən 28 maraqlı tərəflə məsləhətləşmələr aparılıb, beynəlxalq təcrübə və mövcud normativ-hüquqi baza araşdırılıb. Təhlilin nəticələri 2026-cı il mayın 7-də Bakıda dövlət qurumlarının, maliyyə institutlarının, logistika şirkətlərinin və innovasiya ekosistemi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edilərək müzakirə olunub.
Hesabatda qeyd edilir ki, Azərbaycanda rəqəmsal dövlət xidmətləri, elektron imza, gömrük sistemlərinin modernləşdirilməsi və logistika infrastrukturu sahəsində mühüm irəliləyişlər əldə olunub. Bu imkanların beynəlxalq ticarətdə daha səmərəli istifadəsi üçün elektron ticarət sənədlərinin hüquqi tanınmasının genişləndirilməsi, dövlət və özəl sektorun rəqəmsal platformaları arasında məlumat mübadiləsinin gücləndirilməsi və innovativ ticarət həllərinin tətbiqini dəstəkləyən ekosistemin inkişafı əsas prioritetlər kimi müəyyən edilib.
DİF tərəfindən bu istiqamətlər üzrə ümumilikdə 10 tövsiyə irəli sürülüb. İlkin mərhələdə milli “TradeTech” icmasının formalaşdırılması, rəqəmsal ticarət həllərinin sınaqdan keçirilməsi üçün xüsusi tənzimləyici mühitin (“sandbox”) yaradılması, innovasiya müsabiqələrinin təşkili, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dövlət-özəl sektor dialoqunun gücləndirilməsi təklif olunur.
Növbəti mərhələdə isə elektron ticarət sənədləri üzrə hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, mövcud rəqəmsal ticarət platformalarının inteqrasiyası, elektron hesab-faktura və hesabatlılıq alətlərinin genişləndirilməsi, texnoloji startapların maliyyələşdirilməsi imkanlarının inkişafı və kiçik və orta biznes subyektlərinin rəqəmsal ticarət həllərindən istifadəsinin təşviqi tövsiyə edilir.
Sənəddə, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üzrə Strategiya”nın prioritetləri ilə “TradeTech” təşəbbüsü arasında əlaqə vurğulanır. Qeyd olunur ki, rəqəmsal ticarət həllərinin tətbiqi qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişləndirilməsinə, Orta Dəhliz boyunca ticarət və logistika proseslərinin təkmilləşdirilməsinə, eləcə də Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verə bilər.
Qeyd edək ki, DİF-in “TradeTech” təşəbbüsü süni intellekt, blokçeyn, rəqəmsal ödənişlər və digər innovativ texnologiyalardan istifadə etməklə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsinə, xərclərin azaldılmasına və rəqəmsal ticarət imkanlarının genişləndirilməsinə yönəlib.
Hesabatın tam mətni ilə Dünya İqtisadi Forumunun rəsmi internet səhifəsində tanış olmaq mümkündür: https://www.weforum.org/publications/unlocking-azerbaijan-s-tradetech-potential
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir