04 noyabr 2026 12:52
134

İsrail parlamentinin yeni çağırışının ilk iclası noyabrın 10-da keçiriləcək

İsrail Knessetinə (parlamentinə) 26-cı çağırış üzrə 120 deputatın and içəcəyi ilk iclas noyabrın 10-da baş tutacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin nəticələrini noyabrın 4-ü səhər saatlarında təsdiqlədikdən sonra bu barədə parlamentin rəsmi saytında məlumat dərc olunub.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu gün MSK seçkilərin nəticələrini İsrail Prezidenti İsxak Hersoqa təqdim edəcək. Bundan sonra prezident hökumətin formalaşdırılması həvalə olunacaq deputatın adını müəyyənləşdirmək üçün partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq. Məsləhətləşmələr bir neçə gün çəkə bilər. Nazirlər Kabinetinin rəhbəri postuna ilk namizədə hökuməti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək və bu müddətin daha iki həftə uzadılması imkanı olacaq. Uğursuzluq halında prezident bu hüququ başqa bir deputata həvalə edəcək ki, həmin şəxsə tapşırığı həll etmək üçün uzadılma imkanı olmadan iki həftə vaxt ayrılacaq.

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərinin yekunlarına görə, heç bir siyasi qüvvə həlledici üstünlük əldə edə bilməyib. Birinci yeri hazırkı Baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi sağçı "Likud" partiyası tutaraq 27 mandat qazanıb. İkinci pillədə 21 yerlə Qadi Ayzenkotun rəhbərlik etdiyi aparıcı müxalif "Yaşar" partiyası qərarlaşıb. Ümumilikdə, "Likud" partiyası və onunla müttəfiq olan ultramühafizəkar və dini qüvvələrdən ibarət hazırkı hakim koalisiya bloku 53 yer, birləşmiş müxalifət isə 48 deputat mandatına nəzarəti ələ keçirəcək. Daha 19 yeri ərəb partiyaları qazanıb, lakin nə "Likud", nə də müxalifət hələlik onlar ilə koalisiyaya girməyə hazır deyil.

Yeni hakim koalisiyanı formalaşdırmaq üçün 61 mandatlıq çoxluq tələb olunur, lakin hələlik heç bir siyasi qüvvə bu həddə yaxınlaşa bilmir. Əgər namizədlərdən heç biri dayanıqlı koalisiya qura bilməzsə, 90 gündən sonra təkrar seçkilər təyin olunacaq. Netanyahu yeni Nazirlər Kabineti and içənə qədər İsrail hökumətinə rəhbərlik etməyə davam edəcək.