05 noyabr 2026 21:57
62

Sülh, sevgi rəmzi qərənfillər

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 3000-dən artıq fərqli insanın, fərqli simanın fərqli həyat hekayələrinin böyük Zəfərimizdə, dünyaya səs salmış böyük qələbəmizdə əvəzolunmaz rolu var. Yarımçıq qalan, amma ikinci Qarabağ müharibəsində qəhramanlıq dastanına dönən bu həyat hekayələri bizdən sonra gələcək nəsillərə əsrlər boyu örnək olacaqdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində zəfər döyüşü başlayan vaxt bütün dünyanın, medianın diqqəti Azərbaycanda idi.

Dünyanın lider dövlətləri, supergücləri tarixdə baş vermiş döyüşlərdə hələ indiyədək belə bir döyüş taktikasını görmədiklərini dəfələrlə vurğuladılar. Bütün bunlar Azərbaycan Ordusunun döyüş taktikasının necə dəqiq və düzgün tətbiq edilməsindən xəbər verirdi. Ordumuzun arsenalında ən müasir silah və döyüş texnikaları olmaqla yanaşı, ən başlıcası, bu döyüşlərdə hər bir əsgərimizdə Vətən sevgisi, birlik, qətiyyət, əzmkarlıq var idi. Heç bir güc, heç bir qüvvə bu birliyin, bu əzmkarlığın qarşısında dayana bilməzdi. Qarabağın incisi olan, illərdir həsrətini çəkdiyimiz Şuşanın fəthindən sonra bir çox xarici medialarda Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs edən məqalələr  yazırdı. Hər kəs büdcəsi milyonlar olan filmlərdə gördüyü əsgərləri real həyatda görürdü.

Şuşanı fəth edən igidlərimiz dayanmadan irəliləyirdi. Onlara mərmi dəyir, yerə yıxılır, təkrar qanı axa-axa ayağa qalxıb hücum çəkirdilər. Vətən sevgisi budur. Azərbaycan əsgərinin Öz Ali Baş Komandanına, öz liderinə inanmaq və sadiq olmaq budur. Bu döyüşlərdə bir əsgərə lazım olacaq hər bir şey var idi. Güclü ordu, müasir döyüş texnikası, möhtəşəm birlik, vəhdət və sarsılmaz iradəsi olan əsl lider cənab Ali Baş Komandan.

Hər zaman xatirimdə dərin hüzn və kədərlə qalan 20 Yanvar hadisələri baş verən gecə al-qırmızı qərənfillər hər kəs üçün ağlayırdı. Bir zamanlar neçə-neçə dillər əzbəri olan, sevgi hekayələrinə şahidlik edən qərənfil insanlığa qarşı törədilən elə bir vəhşiliyə şahid oldu ki, o gecədən bəri daha heç kimin xoş günlərinin qonağı olmadı. O gecə elə bir insanlıq dramı yaşanırdı ki, bütün xoş, şad günlərin rəmzi olan qərənfil həmin gecə ümidləri, gələcəyi, sabahı əlindən alınan insanların, İlham və Fərizələrin, günahsız körpələrin, sinəsini yalın əl ilə tankın önündə sipər edən onlarla igidlərin, tökülən qanlarınin, bu qədər vəhşiliyə hayqırmaq istəyən al qırmızı qərənfil bütün Bakının küçələrinə sərilmişdi. O gecədən bəri xoşbəxtlik rəmzi olan qərənfil artıq hüzn, kədər yarımçıq qalan sevgilərin rəmzinə çevrilir.

Həmin hadisələrdən 32 il ötüb keçir. Bu qədər haqsızlığa baxmayaraq bütün dünyada tolerantlığı ilə seçilən, sülh sevərliyi ilə tanınan Azərbaycan dövləti məsələnin danışıq yolları ilə öz həllini tapmasının tərəfdarı olub . Qüdrətli müzəffər Azərbaycan ordusunun 27 sentyabr tarixində əks hücum əməliyyatlarına başladığı bir günə qədər cəbhədə baş verənlər bir daha onu gostərdi ki, Ermənistanın heç bir zaman danışığa gəlmək fikri yoxdur. Hər bir zaman “səfərbərlik elan edilsin” əmrini gözləyən Azərbaycan ordusu Azərbaycan əsgəri bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yeni bir tarix yazır. Azərbaycan xalqı bir daha dünyaya göstərdi ki biz sarsılmaz, yolundan dönməz, iradəsi heç bir zaman qırılmaz bir xalqıq. Cənab Prezident bu gün ölkəmizin ən balaca vətəndaşından tutmuş ən yaşlı vətəndaşına kimi sizi sevir, sizi dəstəkləyir və sizin arxanızdadır. Bu gun sizin arxanızda bütün bir Azərbaycan, bütün türk dünyası dayanır.

İndi bütün dünya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi əsl lider, əsl sərkərdə kimi dəyərləndirir. Cənab Ali Baş Komandan Siz hər dəfə əlinizi masaya vurduqda bizlər bir az da ruhlandıq, hər dəfə yumruğunuzu göyə qaldırdıqda bizlər bir az da cəsarətləndik. Əsgərlərimiz cəbhədə vuruşduğu anlarda Sizə qərəzli suallar ünvanlayan jurnalistlərə “sillə” kimi tutarlı cavablar verdikdə bizlər bir daha Sizinlə qürur duyduq, fəxr etdik. Hər dəfə qeyd edirdiniz ki, bizim heç kimin torpaqlarında gözümüz yoxdur. Bəli, bizim heç kimin torpağında gözümüz yoxdur. Öz tarixi torpaqlarımız, dədə-baba yurdumuz bizə yetərlidir. Sizin rəhbərliyiniz altında düşmənlərimizə Azərbaycan Ordusu tarixə yazılası elə bir dərs verdi ki, bir daha başqalarının torpaqlarına göz dikməyə cürət belə edə bilməzlər. Cənab Prezidentim, illər-illəri, əsrlər-əsrləri qovacaq, yazdığınız bu tarixlə hər kəsin qəlbində yaşayacaqsınız! Siz bütün dünyaya Azərbaycan xalqının necə əzmkar xalq olduğunu ,Azərbaycan dövlətinin və əsgərinin qüdrətini göstərdiniz!

Bir günün içində saçları bəmbəyaz olan şəhid anaları, şəhid qəbrinin üstündə yatan, baş daşını qucaqlayıb, göz yaşları leysan olan balalarını görmək üçün o dünyaya tələsən şəhidlərin valideyinləri, şikəst olan qazilər, qanı, canı, bahasına bizə Qələbə sevincini yaşadan oğullar, Zəfər bayramınız mübarək! Şəhid valideynləri, bayramınız mübarək!

Tükəz Mirzəyeva,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin baş məsləhətçisi