05 noyabr 2026 21:15
126

Müstəqilliyimizin rəmzi, Zəfərin tacı: Dövlət Bayrağımız

Hər bir xalqın varlığını, müstəqil dövlətçilik təfəkkürünü və milli kimliyini təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Belə rəmzlər sadəcə maddi varlıq deyil,  şüuraltının, tarixinin, əzablarının və gələcəyə olan sonsuz inamının həndəsi və rəngli ifadəsidir. Bu rəmzlər arasında dövlət bayrağı xüsusi yer tutur – o, sadəcə müəyyən simvolika daşıyan bir parça deyil, millətin tarixi yaddaşı, azadlıq idealı və gələcəyə olan sarsılmaz inamıdır. Məhz buna görə də noyabrın 9-u – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın dövlət rəmzinə olan sonsuz hörmət və ehtiramının unudulmaz simvoludur. Üçrəngli bayrağımız yalnız göylərdən asılan bir parça deyil, min illərin yaddaşından süzülüb gələn xalqımızın XX əsrdəki milli dövlətçilik amalını özündə təcəssüm etdirən ülvi bir qürur rəmzidir: xalqımızın keçdiyi məşəqqətli yolların, azadlıq uğrunda axan qanların, qurmaq istədiyi sivilizasiyanın və səmaya ucalan ruhunun təmiz şifridir.

Azərbaycan bayrağının fəlsəfəsi XX əsrin əvvəllərində – imperiyaların dağıldığı, millətlərin oyanış və özünüdərk dövrünü yaşadığı fırtınalı illərdə formalaşdı. Xalq Cümhuriyyətinin dövlətçilik məfkurəsinin banilərindən olan Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkləşmək, islamlaşmaq, avropalaşmaq” üçlü düsturu bu bayrağın rənglərində öz maddi və mənəvi təcəssümünü tapmışdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən qəbul edilən bu bayraq təsadüfi rənglərin yığım deyildi; o, gənc demokratik respublikanın siyasi manifesti, geopolitik baxışı və mədəni oriyentirinin dəqiq xəritəsi idi. Məhz buna görə Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Üçrəngli bayrağımızın müasir dövlətçilik tariximizə qaytarılması, milli dövlətçilik ənənələrinin inkişafına misilsiz xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin cəsarətli və uzaqgörən təşəbbüsü sayəsində mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1990-cı il noyabrın 17-də dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin tarixi sessiyasında rəsmi dövlət bayrağı kimi qəbul edildi. Bu, hələ SSRİ-nin mövcud olduğu bir dövrdə imperiya buxovlarına qarşı atılmış cəsarətli və tarixi bir addım idi. Ulu Öndər Heydər Əliyev həmin şanlı tarixi belə xatırlayırdı: “1990-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Həmin gün Naxçıvandan yüksələn məşəl bütün Azərbaycanı nurlandırdı və qısa müddətdə müstəqil respublikamızın rəsmi dövlət atributuna çevrildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağına yenidən Azərbaycanın Dövlət bayrağı statusu verdi: “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edildi.

Sonradan Dövlət bayrağımız haqqında qanunvericilik bazası təkmilləşdirildi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 8 iyun 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı isə Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən etdi.

2009-cu il noyabrın 17-də – Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Naxçıvanda rəsmi bayraq kimi qəbul edildiyi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncamla hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alındı və artıq 17-ci ildir ölkəmiz, xalqımız həmin günü öz dövlətçiliyinin müqəddəs rəmzinə çevrilən milli bayrağımızın günü kimi bayram edir.

Təcrübə sübut edir ki, hər bir bayrağın əsl qüdrəti onun yalnız beynəlxalq kürsülərdə deyil, həm də sahib olduğu torpağın üzərində necə dalğalanması ilə ölçülür. Otuz ilə yaxın müddətdə işğal olunmuş torpaqlarımızda qaysaq bağlamış yaraların, yurd həsrətinin və ədalətsizliyin fonunda üçrəngli bayrağımızın qaldırılması nisgillə, lakin eyni zamanda, böyük inam və qürurla gözlənilirdi. Bu baxımdan, 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yazılan 44 günlük Zəfər salnaməsi və 2023-cü ilin antiterror tədbirləri bayrağımızın fəlsəfəsinə yeni, əbədi bir məna qatdı. Azərbaycan əsgərinin qanı, canı və polad iradəsi ilə azad edilən hər qarış torpağımızda – Qarabağın azadlığının simvoluna dönmüş xarıbülbülün bitdiyi sıldırım qayalarda, Cəbrayılda, Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, bir sözlə, azadlığına qovuşmuş bütün ərazilərimizdə ucaldılan bayrağımız təkcə ərazi bütövlüyümüzün deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpasının təntənəsi idi.

İndi hər bir azərbaycanlı yaxşı dərk edir ki, dövlət rəmzlərimizə hörmət hər bir məsuliyyətli vətəndaşın müqəddəs borcudur. Bayraq bizi vahid ideologiya – Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən, dünya azərbaycanlılarının milli həmrəyliyini təmin edən ən qüdrətli vasitədir. Mavi rəngi ilə türk soyumuzu, qırmızı rəngi ilə müasirliyimizi və demokratiyamızı, yaşıl rəngi ilə islam sivilizasiyasına aidliyimizi təcəssüm etdirən bu bayraq, hər bir azərbaycanlının qəlbində vətənpərvərlik alovunu yandırır. Bu gün Dövlət Bayrağımız təkcə beynəlxalq və regional təşkilatların iqamətgahlarında, müxtəlif səviyyəli rəsmi tədbirlərdə deyil, həm də tarixi torpaqlarımızda məğrurluqla dalğalanır. 9 Noyabr – Dövlət Bayrağı Günü artıq təkcə müstəqilliyimizin deyil, həm də ərazi bütövlüyümüzün, tam suverenliyimizin və böyük Zəfərimizin təntənəsidir!

Ümummilli Lider Heydər Əliyevin dediyi bu tarixi sözlər bu gün hər birimizin qürur mənbəyidir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.

Ulu Öndərimizin artıq davamlı reallığa çevrilən bu müdrik kəlamları xalqımızın sarsılmaz birliyinin, sarsılmaz suverenliyinin və məğlubedilməzliyinin əbədi abidəsinə çevrilmişdir. Dövlət Bayrağımız – keçmişlə gələcəyin, əcdadlarımızın və gələcək nəsillərin birləşdiyi müqəddəs körpüdür. O, dar günlərimizdə təsəllimiz, zəfər günlərimizdə başımızın tacıdır. Üç rəngin – səma kimi ucalığın mavi rənginin, Vətən üçün döyünən qəlbimizin qırmızı çalarının, ruhumuzun saflığını ifadə edən yaşıl rəngin harmoniyasında birləşən, ay-ulduzlu bayrağımız Azərbaycanın əbədi gələcəyinə uzanan işıqlı yoldur. O, dalğalandıqca Azərbaycan var olacaq, Azərbaycan var olduqca o, daim yüksəklərdə, səmalarda görünəcəkdir!

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru