Sənəd təkcə iki ölkə arasındakı otuz ildən artıq davam edən əməkdaşlığın məntiqi zirvəsi deyil, həm də regional sabitlik və gələcək iqtisadi inteqrasiya üçün yeni bir mərhələnin rəsmiləşdirilməsidir
Müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın qlobal enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasında rolu getdikcə daha çox ön plana çıxır. Bu dinamikanın ən mühüm göstəricilərindən biri kimi noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Sənəd təkcə iki ölkənin otuz ildən artıq davam edən əməkdaşlığının məntiqi zirvəsi deyil, həm də regional sabitlik və gələcək iqtisadi inteqrasiya üçün yeni bir mərhələnin rəsmiləşdirilməsidir. Birləşmiş Krallıq kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan qlobal gücün BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliyini rəsmi sənəddə bəyan etməsi Azərbaycanın haqlı mövqeyinin qlobal miqyasda legitimliyini daha da möhkəmləndirir. Bu, eyni zamanda, beynəlxalq münasibətlərdə ikili standartlara qarşı hüququn aliliyinin müdafiəsi baxımından mühüm siyasi mesajdır. Sənəddə regional sülh gündəliyinə də xüsusi yer ayrılıb. London 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini alqışlayır və ikitərəfli dialoq yolu ilə davamlı sülhün təmin olunmasına qətiyyətli dəstəyini ifadə edir.
Bəyannamə gələcək fəaliyyəti üç konkret və bir-birini tamamlayan istiqamət üzrə sistemləşdirir: 1.Müdafiə və təhlükəsizlik (Birgə təlimlər, müdafiə sənayesi əməkdaşlığı, sərhəd idarəçiliyi, məhkəmə-hüquq və institusional dayanıqlılıq) 2.Ticarət, investisiya və artım (Orta Dəhliz, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, KOB-ların dəstəklənməsi, kapital bazarları) 3. Təhsil və innovasiya (Süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri, peşə və ali təhsil, dövlət sektorunda təlimlər). Müdafiə və təhlükəsizlik bölməsi təkcə hərbi təlimləri deyil, həm də müdafiə sənayesi sahəsində birgə təşəbbüsləri və kibertəhlükəsizlik, sərhəd mühafizəsi kimi hibrid çağırışlara cavab mexanizmlərini əhatə edir. Qanunun aliliyi və hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın bu bölməyə daxil edilməsi təhlükəsizliyə kompleks - həm hərbi, həm də institusional prizmadan yanaşıldığını göstərir. Təhsil və innovasiya blokunda isə diqqət mərkəzində ənənəvi akademik mübadilələrlə yanaşı, süni intellekt, rəqəmsal idarəetmə və dövlət sektorunda kadr hazırlığı dayanır. Bu, Azərbaycanın dövlət idarəçiliyinin müasirləşdirilməsi və rəqəmsal iqtisadiyyat quruculuğu prosesinə Britaniyanın aparıcı universitet və tədqiqat mərkəzlərinin cəlb edilməsi deməkdir. Sənədin yekun müddəalarında nəzərdə tutulan illik Strateji Tərəfdaşlıq görüşləri bəyannamənin deklarativ sənəd olaraq qalmayacağını, konkret yol xəritəsi və hesabatlılıq mexanizmi ilə müşayiət olunacağını təsdiqləyir. Hər il görülən işlərin nəzərdən keçirilməsi və yeni prioritetlərin müəyyənləşdirilməsi tərəflərə dəyişən regional və qlobal şərtlərə çevik reaksiya vermək imkanı yaradacaq.
Qeyd edək ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin bugünkü səviyyəsi dərin tarixi və institusional təməllərə söykənir: Bu tərəfdaşlıq hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində ingilis şirkətlərinin Bakı neft sənayesinə yatırdığı böyük kapitalla başlayıb. Təsadüfi deyil ki, 1904-cü ildə Britaniya ağ neftə olan tələbatının 47 faizini məhz Bakı nefti hesabına qarşılayırdı. Müasir dövrdə bu əlaqələrin institusional əsasları daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Londona səfəri, Baş nazir Con Meycorla görüşləri və "Əsrin müqaviləsi"nin imzalanması SOCAR-BP əməkdaşlığının əsasını qoydu. Belə ki, ikitərəfli iqtisadi əlaqələrin lokomotivini neft-qaz sektoru və ölkəmizin ən böyük xarici investoru olan BP şirkəti təşkil edir. SOCAR və BP arasında qurulan uğurlu əməkdaşlıq “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi (TANAP, TAP) kimi qlobal əhəmiyyətli enerji layihələrinin reallaşmasına imkan yaradıb. Bu strateji xəttin davamı olaraq, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsi, 2018-ci ildə isə Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı üzrə imzalanan tarixi sazişlər tərəflər arasındakı yüksək etimadın bariz nümunəsidir. Bununla yanaşı, son illər əməkdaşlıq ənənəvi enerji sektorunun hüdudlarını aşaraq şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrini də əhatə etməyə başlayıb. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Britaniyanın müvafiq qurumları arasında “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları və müasir şəhər inkişafının planlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə mühüm töhfə verir.
Beləliklə, 1994 və 1998-ci illərdə atılan təməllər üzərində ucalan Bakı-London münasibətləri artıq yeni geosiyasi və iqtisadi mərhələyə qədəm qoyur. Dublin sənədi göstərir ki, Azərbaycan və Böyük Britaniya arasındakı tərəfdaşlıq təkcə enerji təhlükəsizliyi çərçivəsində deyil, həm də Avrasiyanın nəqliyyat-logistika xəritəsinin yenidən formalaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması prosesində həlledici faktorlardan biri olaraq qalacaq.
Sevinc Azadi, “İki sahil”