28 noyabr 2026 23:23
213

Azərbaycanın eşitmə məhdudiyyətli idmançılarından ibarət milli komandası Avropa çempionatından 6 medalla qayıdıblar

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Ermənistanın Tsaxkadzor şəhərində keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Avropa çempionatından qayıdan Azərbaycan milli komandasının üzvləri ilə Tbilisi şəhərində görüşüblər.

“İki sahil” xəbər verir ki, görüş zamanı idmançılarımızın beynəlxalq yarışda nümayiş etdirdikləri yüksək nəticələr xüsusi qeyd olunub.

Qeyd edilib ki, yunan-Roma güləşi üzrə yarışlarda altı idmançı ilə təmsil olunan Azərbaycan milli komandası ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.

Görüş zamanı yüksək nəticə münasibətilə idmançılar, məşqçilər və bütün komanda heyəti təbrik edilib, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzu olunub.