KÖŞƏ

Vəli İlyasov

“Cənub Qaz Dəhlizi” Azərbaycanın beynəlxalq iqtisadi layihəsidir

25 yanvar 2017 14:44
593

Ölkəmiz müstəqilliyinə qovuşandan sonra dünya miqyaslı bir neçə  nəhəng layihəyə müəlliflik edib. “Cənub Qaz Dəhlizi”  belə layihələrdən biridir.  Bünövrəsi üç il əvvəl qoyulan bu layihə Avropa qitəsinin bir çox dövlətlərinin yanacağa olan ehtiyacını təxminən yüz il müddətində ödəyəcək. Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və digər ölkələr yanacaq dəhlizindən istifadə edəcəklər. Nəticədə həmin ölkələrin yanacaqla təminatı daha da yaxşılaşacaq və bəzi dövlətlərin asılılığından xilas olacaqlar. Bu layihə isə Azərbaycana həm böyük  iqtisadi, həm də siyasi dividentlər qazandıracaq.

Keçən il kəmərin tikintisi daha da sürətləndirilib. 2017-ci ildə də işlər həmin templə davam etdiriləcəkdir. Proqnozlara görə, bu layihə Azərbaycana 200 milyard dollardan çox vəsait gətirəcəkdir.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu il biz “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələr axtarırlar ki, o layihələr pul gətirsin. Bax, “Cənub Qaz Dəhlizi” o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından  bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın.”

Bütün bunlara baxmayaraq antiazərbaycan dairələr beynəlxalq miqyasda böyük layihə haqqında mənfi rəy yaratmağa, onun əhəmiyyətini azaltmağa çalışırlar. Ancaq belə boş təbliğatlar heç bir fayda verməz, çünki layihənin tikintisi sürətlə aparılır və müəyyən olunmuş müddətdə başa çatdırılacaq. Antiazərbaycan dairələr yanlış məlumatlar yayaraq iddia edirlər ki, guya son vaxtlar Azərbaycanın gəlirləri  azalıb. Bu səbəbdən də onun “Cənub Qaz Dəhlizi” layihəsini  maliyyələşdirməyə vəsaiti yoxdur. Ona görə də Azərbaycana təzyiq göstərmək və öz tələblərini qəbul etdirmək istəyənlər var. Onlar kredit verməklə öz əsassız şərtlərini qəbul etdirmək niyyəti güdürlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə bildirib ki, belə ucuz şantaj hərəkətləri yersizdir. Azərbaycan təkcə Avropa maliyyə qurumları ilə deyil, həm də Asiya qurumları ilə işləyir. Bu qurumlarla iş səmərəlidir və asan yolla vəsait əldə edilir. Dövlətimizin başçısı belələrinə rəsmi surətdə bildirib ki, birgə əməkdaşlıq etmək istəyirlərsə, biz buna razıyıq, amma tələb qoyacaqlarsa belə əməkdaşlıq lazım deyil. Azərbaycan “Cənub Qaz Dəhlizi”ni özü icra edəcək və inşaat işlərini də  vaxtında başa çatdıracaq.