26 iyun 2018 00:08
1508

Nələrə qadirdir Vətən sevgisi!..

Təbiətdə yaydır.

Könüllər 2016-cı ilin yaz ovqatının təşnəsidir. Bu qənirsiz ovqatı yaşadanların əhatəsinə olmaq keçir yaz istəkli könlümdən. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “N” hərbi hissəsinin açılışında dediyi “Azərbaycan xalqı və dövləti heç zaman imkan verməz ki, Azərbaycanda ikinci erməni dövləti yaradılsın” kəlamın qürurunu tanıdığım, tanımadığım zabitlərlə, əsgərlərlə nəfəs-nəfəsə yaşamaq istəyirəm. Ovqatımızın qüruru bir boy da dikəlsin deyə, aprel döyüşlərinin xatırlamaları düşüncələrimə yenə sığal çəksin deyə. O döyüşlərdə tarix yazanların davamçıları Azərbaycan əsgərlərinin təbiətə necə görk olduqlarını yenə görüm deyə...

Vətən sevgisini yenə görəcəm, bu sevgini dövlətə, dövlətçiliyə sədaqətini gözlərimə sürmə edəcəm...

Neçə gün əvvəl dayanacaqda orta yaşlı bir kişi istidən gileylənirdi. O yaşlarda başqa birisi onu qınayırdı:

- İstidən, bürküdən təntiyəndə sərinliyə çəkilirik. Bəs səngərdəkilər, döyüş növbətçiliyi aparanlar, torpaqlarımızı, səni, məni, bizi qoruyanlar neyləsinlər? Onları xatırlayın...

Əsgərə layiq vətəndaş sevgiləriylə deyilən kəlmələrə görə dayanacaqdakılar “Haqlısan, qardaş...” - dedilər. “Gözlərimiz gözlərindən uzaq olsa da ürəyimiz həmişə əsgərlərimizin yanındadır. İki il əvvəl böyük qələbə qazananlarımız torpaqlarımızı isğaldan tamamilə azad edəcək.” Əsl vətəndaşın, əsl vətənpərvərin kimliyini öyrənməyə macal tapa bilmədim...

O gündən bəri ürəyim məni səngərlərə daha dönməzliklə çəkməkdədi. Gedəcəm, tanıdıqlarım öz yerində, tanımadıqlarımla da əzizlərim kimi görüşəcəm. Dövlətçiliyimizdən danışacağıq, müharibədən, işğal edilmiş torpaqlarımızdan, 2016-cı ilin aprel döyüslərindən danışacağıq. “Böyük Qələbəni siz qazanacaqsınız, bu problem birdəfəlik həll olunacaq” - deyəcəm. Hamısının barmaqları avtomatın qundağını sıxacaq...

Mənə könül xoşluğu verəcək təbəssümləri düşüncələrimə kölgəlik biləcəm...

1992-ci ilin yayını xatırlayıram. Ön xətdəyik. Azərbaycan əsgərinin döyüş növbətçiliyi apardığı mürəkkəb relyefli mövqedən üzü səngərlərə tərəf əsən çılğın yellər mənim də ürəyimi arxasınca çəkirdi. Qəzənfər ürəyimdən keçənləri duyubmuş kimi, “Yaxın vaxtlarda baxdığım o əraziləri də yarıb keçəciyik...” - demişdi, qədərsiz inamla sağımızdan ötüb keçən əsgərlərə baxmışdı. Onda bu baxışların sığındığı mehr-ülfəti ehtiramı zamanın - tarixin ömrümə səxavəti bilmişdim. Könlümdən keçənlərə bir bayatı dilmancılıq etmişdi.

... qara yellər,

Ağ yellər, qara yellər.

Dolaşığa düşməmiş,

Yolları dara yellər!..

 

Qəzənfər “Yolları yellər deyil, bu oğulların qətiyyəti, cəsarəti, sevgisi darayacaq, həm də arzuladığımız kimi darayacaq!” - demişdi. Mənə dönməz inama bükülü könül xoşluğu  yaşadan zabiti bağrıma basmışdım...

Aradan illər keçib. Ordumuz o illərdəki ordu deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirilən dövlət tədbirində dediyi kimi, indi ordumuz dünyanın ən güclü orduları sırasındadır...

Burdan o yana neytral zonadı, neytral zonadan o yana düşmənlərin mövqeləridir.

Ön xəttin o üzünə tərəf yel əsir; tələs

ə-tələsə əsən, əsə-əsə tələsən səhər yelinə qoşulmaq keçir könlümdən...

Bu da qışda soyuğu-sazağı, yayda istini bürkünü yumuşaldan, ruhumuzla bağrıbadaş olan səngərlər...

Bu da hər görüşəndə qürurumu bir boy da dikəldən əsgərlər, əsgərlərin bənzərsiz təbəssümləri!..

Bu da şirin salam, sirin əleyk...

Bir neçə gün əvvəl dayanacaqda eşitdiklərimi xatırlayıram. Kəlmələr bitər-bitməz baş leytenant Aqil Hüseynov alnını ovuşdurur və zabit qüruruyla, vətəndaş heysiyyətiylə deyir:

 -Əsgərlərimiz istiyə də dözür, soyuğa-sazağa da. Torpaqlarımızın işğalına dözmür.

-Bizi əsgərlərimizlə görüşə, könül söhbətinə bu inam gətirib, - qətiyyətlə, qürurla deyirəm.

- Birinci Qarabağ müharibəsini xatırlaya bilmirəm. Onda körpəydim. Böyüdükcə o illərdə nələr olduğunu söhbətlərdən, oxuduqlarımdan öyrənmiş. Səmimiyyətimə inanın, hərbçi olmağım müharibəylə, şəhidlərlə, şəhidliklə, torpaqlarımızın işğalıyla bağlıdı. Yuxarı siniflərdə oxuyanda ədəbiyyat müəllimimizdən eşitdiyim

Məndən səndən ötən zərbə,

Vətən, Vətən sənə dəydi..., -

misraları həyat yolumu qəti müəyyənləşdirdi.

Baş leytenantın peşə seçimində vəsilə olan beyt düşüncələrimi tərpədir: bizdən ötən zərbələr Şuşaya dəydi, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana dəydi. Bizdən ötən zərbələr Xocalıda görünməmiş faciə törətdi.

Bizdən ötən zərbələr Vətəni yaralayır. Qaysaq bağlamayan, qaysaqlamayan bu yaralar tale yaralarımıza dönür. Bu sızıltılı-giziltili yaralar torpaqlarımız isğaldan azad ediləndə qaysaqlayacaq, o vaxtacan ruhumuza rahatlıq verməyəcək. Xalq inanclarındandı - yaraya bağayarpağı qoyarlar. O yaralar üçün bağayarpağı  əsgər qətiyyətidi, əsgər inamıdı, əsgər cəsarətidi. O qətiyyətin, o inamın, o cəsarətin əhatəsindəyəm. Nə isti hiss edirəm, nə bürkü. Bu da möcüzədi. Azərbaycan əsgərinin yaratdığı möcüzədi. 2016-cı ilin aprelində qazanılan zəfərin işığı səngərlərə də düşür. Bu möcüzə o işığa söykənib...

 - Çağırışçı çətin relyefli şəraitdə də, çətin iqlim şəraitində də xidmət etməyə hazır olur. Əqidəsi, amalı, Vətənə sevgisi onu soyuqda isidir, istidə sərinlədir, - mayor Vüsal Quliyev belə deyir və səmimiyyətlə əsgərlərə baxır. Bu baxışların səmimiliyində hərbi hissənin timsalında ordumuzda zabit-əsgər münasibətlərini görürəm. Sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Yusif Mirzəyev deyirdi ki, əsgərə inam əsgərə sevgi deməkdi, əsgərə sevgi Vətənə sevgidi. Əsgərinə inanan - əsgərini sevən zabitin komandir olduğu bölük istənilən döyüş əmrini yerinə yetirir.

Mayorun çöhrəsində hiss edilməsi çətin olmayan bir təbəssüm görünür. Bu təbəssüm Yusif Mirzəyevin dediklərinə şərikliyin təbəssümüdü. Ona görə  belə dönməzdi, könülə-yatımlıdı, ona görə düşüncələrimin səyyarəsinə dönür...

Əsgər Kənan Əliyev deyir ki, 2016-cı ilin aprel döyüşlərində həqiqi hərbi xidmətdəydim. Bizim hərbi hissə döyüslərə  cəlb olunmadı. Səmimiyyətlə deyirəm ki, məni yenidən hərbi xidmətə o döyüşlər gətirib. Böyük Qələbəni qazanacaq hərbi qulluqçularımızın sırasında olmaq istəyirəm. Hiss etmədiyimiz istinin-bürkünün içindən keçib bayrağımızı, Ali Baş Komandanın dediyi kimi, Şuşada, Xankəndidə, isğaldan azad edəcəyimiz torpaqlarda da dalğalandıracağıq!..

Bu gəliş, bu görüş, ömrümə yazılan gəlişdi, ömrümə yazılan görüşdü.  Bu görüşü ömrümə əsgər Kənan Əliyevin dedikləri də yazdırır: “Ocaq doğma ocaqdırsa, adama onun istisi də xoşdu, tüstüsü də. Bu torpağın qışda soyuğunu-sazağını, yayda istisini-bürküsünü yad havasına dəyişənlərə necə vətəndaş deyə bilərik?”...

Belə düşunənlərin sayı hərbçilərimizin sayı qədərdi. Azərbaycan Ordusu ona görə Cənubi Qafqazda ən güclü ordudur ki, onun döyüş hazırlığını belə bir qətiyyət, belə bir dönməz inam tamamlayır...

Azərbaycan əsgəri bu istidə-bürküdə də böyük məsuliyyətlə döyüş növbətçiliyi aparır. Əmindir ki, başlanğıcı aprel zəfəri olan Böyük Qələbəni qazanacaq. Ali Baş Komandanın əmriylə  döyüş növbətçiliyi apardığı səngəri dövlət sərhədimizə köçürəcək.

- Avtobusların salonuna quraşdırılmış monitorda diqqətimi bir yazı çəkmişdi: Bütün yollar Qarabağa aparır. O yollar sizin uğur yolunuz olacaq. İstinin-bürkünün içindən keçib həsrətini çəkdiyimiz, həsrətimizi çəkən torpaqlarımıza çatdıracaq, - deyirəm. Eşitdiyim “Hər birimiz həmin günün əsgəriyik!” kəlmələri mənim ürəyimi telləndirir, mayor Vüsal Quliyevi duyğulandırır. Hər ikimiz bu kəlmələri Vətənə sədaqət andı bilirik, sədaqət andına sədaqətlə əməl etmək azərbaycançılıqdır, dövlətçiliyin cəfakeş olmaqdır.

- Əsgərin qətiyyəti, inamı, dövlətə sədaqəti ordunun gücü deməkdir. Əsgər  Ağamirzə Sultanovun  qətiyyəti təkcə bizim bölüyün əsgərlərinin deyil, ümumən bütün əsgərlərimiz  qətiyyətidir. Bu qətiyyət mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisidir.

Söz sözü çəkir, söz sözə soykək olur. Heç zaman unudulmayacaq aprel döyüşlərini xatırlayırıq. “O döyüşlər Azərbaycan əsgərinin timsalında ruhumuzun qələbəsi ilə nəticələndi” - deyirəm. Söhbəti dinləsələr də baxışları qarşı tərəfdən üzülməyən əsgərlərin hər biri ruhən döyüş növbətçiliyi aparan əsgərin yanındadı.

- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2016-cı ilin aprelindən əvvəlki görkəminə müharibənin xəritəsi deyərdim.

- Dediklərinizə əlavə bir fikirlə şərikəm: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən qurulan bu kəndin indiki görkəminə müharibədən sonrakı Azərbaycanın döyüş bölgələrinin xəritəsi deyərdim - mayor Vusal Quliyev belə deyir.

Bu yay günü düşmənlə qabaq-qənşər mövqedə, səngərlərdə eşitdiklərimi düşüncələrimə səhər mehi bilirəm:

-Azad edəcəyik də, dağılmış evləri yenidən tikəcəyik də! Qaçqınlarımız Cocuq Mərcanlılar kimi ata yurduna, doğma ocaqlarına qayıdacaq!

- Siz bu amalın əsgərisiniz.

- Bəli, məhz bu amalın əsgəriyik!...

- Səngərlərə gətirən, səngərlərdən keçən bütün cığırlar, izlər xırdalı-irili yollar Böyük Yolda birləşəcək. Onda istidən gileylilər də, gileyliləri qınayanlar da, gileyi, qınağı eşidənlər bu Yol Qələbə Yolu, Zəfər Yolu olduğunu görəcək, bir ürək tutununca sevinəcək, o günün ovqatını ovqatının “Rühani”sı biləcək, - deyirəm. Zabitlər də, əsgərlər də qarşı tərəfə baxır. Bu baxışlarda döyüş əmrinin intizarı da var, qələbəyə təşnəlik də. Bu yay günü səngərlərdə bu görüşün xoş ovqatının cazibəsindən çıxmaq istəmirəm. Heç istəmirəm...  Azərbaycan Ordusunun 100 illiyində belə səmimi söhbət unudulmayacaq. Əsgər Əhməd Salahov bu günlərdə təxris olunacaq. Baxışlarında ovunmayan qəribəlik görürəm. “Darıxacam” deyir. Bu duyğu əsgər dostluğudu. “Qələbə günü qoşa qolların hər birinin Kürəyində çarpazlaşacaq” - deyirəm. Kövrəkliyə sığınan təbəssümlə, “əlbəttə” - deyir...

Meh əsir...

Bir daha əmin oluram ki, Vətən sevgisi soyuğu-sazağı hənirlətməyə-isitməyə də qadirdi, istini-bürkünü yumşaltmağa da!..

Rəşid Faxralı