Azərbaycan Milli Ordusunun yaradılmasından düz 100 il keçir. 1918-ci il mayın 28-də Tiflisdə “İstiqlal Bəyannaməsi”nin qəbul olunması Azərbaycan Milli Ordusunun da nəzəri olaraq təşəkkül tarixi kimi təsdiqləndi. Amma Nazirlər Şurası Kabineti müvəqqəti olaraq mühacirətdə -Tiflisdə yaradıldığı üçün həmin tarixdə təbii ki, ordumuzu faktiki yaratmaq mümkün deyildi.
Həmin vaxtlar bolşevik Rusiyasının göndərişi ilə daşnak Şaumyanın rəhbərliyi altında Bakıda və ətraf bölgələrdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirilirdi. Məhz bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökumətinin Bakıya gəlməsi imkansız idi. Yalnız 16 iyun 1918-ci ildə ilk milli hökumət Gəncədə fəaliyyətə başlaya bildi.
Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Müsəlman korpusu”nu “Əlahiddə Azərbaycan korpusu” adlandırmaq qərara alındı. Məhz həmin şanlı tarix ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi milli tarix səhifələrimizə həkk olundu.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində milli hərbi kadrlarının hazırlığına xüsusi önəm verilirdi. Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında Müvəqqəti Hökumətin sədri Fətəli xan Xoyski çıxışında Milli Ordunun gücləndirilməsi işinin hökumətin əsas vəzifəsi olduğunu bəyan etmişdi.
1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarovun Cümhuriyyətin hərbi naziri vəzifəsinə təyin edilməsi Milli Ordumuzun tarixində xüsusi bir mərhələ hesab oluna bilər. Təsadüfi deyil ki, qısa fəaliyyəti dövründə 30 minlik Cümhuriyyət ordusu yaratmağa müvəffəq olmuş Səməd bəy Mehmandarovu Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı adlandırırdılar. Hərbi nazir hər şeydən öncə ordu quruculuğu prosesinin mahiyyətini və bu istiqamətdəki dəqiq hədəfləri müəyyənləşdirdi və bütün fəaliyyətini bu hədəfləri gerçəkləşdirməyə yönəltdi. Mehmandarov Cümhuriyyət ordusunun siyasətdən kənarda qalaraq yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalı olduğunu dəfələrlə bəyan etmişdi.
Görülən bütün bu möhtəşəm işlərə baxmayaraq Şərqin ilk parlamentli demokratik respublikası 1920-ci il aprelin 28-də faktiki olaraq bolşevik Rusiyası tərəfindən süquta uğradıldı. 70 il davam edən Sovet rejimi birdəfəlik çökəndən sonra tarixi həqiqət öz yerini aldı.
1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin bundan sonra reallaşdıracağı ən böyük strateji hədəflərdən biri də Milli Ordunun təşəkkülü idi. Ölkənin çox ağır vaxtında hakimiyyətə gələn Ümummilli Lider bütövlükdə Azərbaycanın müstəqilliyini qorudu. Həmin dövrün hakimiyyətdaxili çəkişmələrinə, pik nöqtədə olan vətəndaş gərginliyinə Azərbaycan Ordusu da cəlb edilmişdi. Gözünü hakimiyyət ehtirası örtmüş bir qrup şəxslərin Milli Ordunu da öz qanundankənar, çirkin əməllərinə alət etmək çəhdləri təkcə xalqımızın deyil, bütövlükdə Azərbaycan dövlətçiliyinin taleyini sual altına almışdı. Həm Gəncədə vətəndaş müharibəsinə bir addım qalması, həm də Azərbaycanın cənub bölgəsində separatizmin baş qaldırması ayrı-ayrı ambisiyalı şəxslərin parçalanmış ordu qüvvələrinə nəzarəti ələ keçirməsinin nəticəsində baş vermişdi. Məhz belə ağır bir tarixi şəraitdə ulu öndər Heydər Əliyev xaqlının harayına yetişdi.
Ümummilli Lider hakimiyyətə yenidən qayıdışı ilə müasir tarixdə Azərbaycanda yeni ordu quruculuğunun bünövrəsini qoydu. Ulu Öndər Azərbaycan Ordusunun yenidən qurulması, xalqın, dövlətin və müstəqilliyin müdafiəsində durmağa qadir olan bir orduya çevrilməsi ilə bağlı bəyanatlar verdi. Bəyanat şəklində səsləndirilən bu fikirlər zamanla gerçəkləşdirildi. Ulu Öndər hakimiyyətə yenidən qayıdışının ilk aylarından orduya rəhbərlik işində çətinlik törədən idarəetmə strukturlarının ləğvinə, nizam və intizamı lazımi tələblərə cavab verməyən təsadüfi şəxslərin ordudan uzaqlaşdırılmasına nail oldu. Yeni hərbi hissələrin formalaşdırılması prosesinə start verildi. 1993-cü ilin acı təcrübələri nəzərə alınaraq, bu proses həyata keçirilərkən hərbi hissələrin rəhbərliyinə Vətənə, dövlətə sadiq hərbçilərin gətirilməsi xüsusilə diqqətə götürüldü.
Ümummilli Lider Azərbaycan torpaqlarının müdafiəsi üçün təkcə Milli Ordunu deyil, bütün xalqı səfərbər etməyi bacardı.
Ulu Öndərin rəhbərliyi altında yenicə yaranmış Milli Ordu hissələrinin gücü qarşısında düşmən qüvvələri tab gətirə bilmədi, 1994-cü ilin mayında atəşkəs elan olundu.
Bu addımın atılması ilə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının, daha dinc şəkildə təşkilatlanmasının yeni bir dövrünə start verilmiş oldu. Ulu Öndər Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında sülh yolunu seçdiyinə və bütün fəaliyyəti boyunca bu ideyaya sadiq qaldığına baxmayaraq Milli Ordunun təkmilləşdirilməsini və gücləndirilməsini dövlətin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxladı. Ulu Öndər bununla bağlı çıxışlarının birində belə qeyd etmişdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
Azərbaycanın suverenliyinə bağlı olan və öz xalqını, dövlətini dərin məhəbbətlə sevən Ulu Öndər çıxışlarında vurğuladığı kimi, ömrünün qalan hissəsini də ölkəsinin inkişafına həsr etdi. Böyük dühaya, müstəsna dövlətçilik təcrübəsinə, əvəzsiz təşkilatçılıq bacarığına və tükənməz enerjiyə malik olan Ümummilli Lider bilirdi ki, güclü ordu güclü dövlətin qarantıdır və bütün sonrakı fəaliyyətini bu yöndə istiqamətləndirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətindən başlanan 100 illik Milli Ordu quruculuğu tarixinin 1993-2003-cü illəri əhatə edən ən şanlı səhifələrində Ümummilli Liderimizin də möhtəşəm imzası var.
2003-cü ildən başlayaraq Azərbaycanda dünya təcrübəsi əsasında ardıcıl şəkildə ordu quruculuğunun həyata keçirilməsi Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının mütəmadi surətdə möhkəmləndirilməsi hazırda Milli Ordumuzun dünyanın ən qüdrətli ordularından birinə çevrilməsini şərtləndirib.
Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindədir. Hazırda hərbçilərimizin həm xidmət, həm də məişət şəraitinin daha yüksək standartlara cavab verməsi istiqamətində ardıcıl tədbirlər planı həyata keçirilir.
Prezident İlham Əliyevin Milli Ordumuzla bağlı vaxtaşırı etdiyi çıxışlarda bu nüanslar öz əksini tapır: “Bizim ordumuz güclü ordular sırasındadır. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.
Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır...”
Milli Ordumuzun 2016-cı ildə şanlı aprel döyüşlərindəki qələbəsi də cənab Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti haqqında söylədiyi fikirlərin real təsdiqidir. Cənab Prezidentin tədbirlərin birində aprel döyüşləri ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycan Ordusunun nələrə qadir olduğunu bir daha gözlər önünə gətirdi: “2016-cı ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.
Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir. Bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir. Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir”.
Görünənlərə və yazılanlara sözardı: Bugünlərdə Azərbaycan Silahlı Qüvvələri Milli Ordumuzun yaradılmasının 100 illiyi münasibətilə iyunun 26-da keçiriləcək möhtəşəm hərbi parada hazırlaşır. Qürur yerimiz olan Azərbaycan şahinləri bir neçə gündür parada hazırlıq təlimləri çərçivəsində səmada dövrə vururlar, çətin hərbi manevrlər həyata keçirirlər. Şahinlərin manevrlərindən sonra səmada üçrəngli Azərbaycan bayrağının görüntüsü könlümüzü-gözümüzü oxşayır... Bu möhtəşəm görüntülər bir əsrlik Milli Ordusu ilə qürur duyan hər bir azərbaycanlıya 100 il əvvəl qurulan Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin istiqlal şüarını xatırladır: “Bir kərə yüksələn bayraq bir daha enməz!”
Sevinc Abdullayeva, “İki sahil”