Vertolyot qəzasından 29 il ötür
Bu gün vertolyot qəzası faciəsinin 29-cu ildönümüdür. Məhz 29 il bundan öncə Ayaz Mütəllibovun Azərbaycana rəhbərlik etdiyi dövrdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Azərbaycan Respublikasının Prezidenti Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər ilk olaraq Xankəndidən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin faciə haqqında İrəvan radiosu saat 16:15-də, Tehran radiosu 17:00-da məlumat verdilər.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın keçmiş dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, jurnalistlər Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Xankəndidəki rus qarnizonunun hərbi prokuroru, polkovnik (bu rütbə ona cinayət işindən sonra verilib) İ.Lazukitin baş vermis qəza ilə bağlı 248-ci maddə ilə (RF CM) (Uçuşun düzgün idarə olunmaması və insan tələfatı") cinayət işi açır. Qeyd edək ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. Axalkalakidə anadan olub.
İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib. O, ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən ümumiyyətlə istintaq materiallarından heç nə anlamaq olmurdu. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edirdi ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya ermənilər göstərib. Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlılıqla şərh edirdi. Vertolyotun “Qara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi. Erməni əsilli prokuror belə bir məlumat da yaydı ki, “Qara qutu” “istidən” və “yanğından”, “partlayışdan” sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutikin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı “qara qutu”nu Rusiyaya göndərdilər. Ancaq sözügedən “qara qutu” dan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi bu gün də helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.
Əvvəl rəsmi məlumat səsləndi ki, vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi? Sadəcə, elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları sırasında yer alır. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna nüvə yanğını deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır.
Artıq 29 ildir ki, cavabını gözləyən çoxsaylı suallar bu gün də açıq qalmaqdadır.
Röya Rasimqızı, “İki sahil”