14 avqust 2021 10:14
1465

Özbəkistan portalı böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında geniş məqalə yayımlayıb

Özbəkistanın “uchildiz.uz” portalı öz səhifəsində rus dilində böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında geniş məqalə yerləşdirib.

Tanınmış alim Həmid Araslının “Azərbaycan alimi Füzuli” məqaləsinin əsasında hazırlanan materialda orta əsr Azərbaycan şairi, mütəfəkkiri və filosofu Məhəmməd Füzulinin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilir.

Məqalədə böyük şair Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi xarakterizə edilir.

Bildirilir ki, Füzulinin əsərləri Azərbaycandan çox-çox uzaqlarda-Çində, Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Bolqarıstanda, İranda, Misirdə və bir çox ölkədə çap olunur və sevilə-sevilə oxunur.

Füzulinin “Leyli və Məcnun”, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri populyardır.

Qeyd edilir ki, Füzuli bir sıra təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Böyük şair ərəb, fars və azərbaycanca (türkcə) qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. janrlarda əsərlər yazıb.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayımlanıb.

AZƏRTAC