21 dekabr 2021 17:25
785

Masallıda “Azərbaycan son 18 ildə” mövzusunda onlayn görüş keçirilib - FOTO

Dekabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda onlayn görüş keçirilib.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev açıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident cənab İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi görür deyən Seyfəddin Əliyev bildirib ki, ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsi təmin edilib.

Seyfəddin Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Seyfəddin Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Seyfəddin Əliyev bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin I müavini Məmmədhüseyn Hüseynov, YAP Masallı rayon təşkilatı “Tarix-Diyarşünaslıq Muzeyi” ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədr müavini Namiq Ağayev və başqaları mövzu ətrafında çıxış ediblər.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini