23 dekabr 2021 13:59
566

Nensi Selfric Lənkəranda

2010-cu ildə Lənkəranla qardaşlaşmış ABŞ-ın Kaliforniya ştatının Monterey  şəhərinin sakini, Monterey-Lənkəran  Assosiasiyasının sədri,  xanım Nensi  Selfric Lənkəran şəhərinə dostluq  səfərinə gəlib. Onu səfərdə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müşayiət  edirdi.    Azərbaycan xalqına  dərin sevgi bəsləyən  və hər iki ölkənin xalqları arasında mehriban dostluq və  anlaşmaya dəstək verən   Nensi  Selfric  Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib.

Qəbul zamanı hörmətli qonağı ürəkdən salamlayan  İcra başçısı ABŞ-Azərbaycan əlaqələrinin dinamik inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olduğunu bildirib,  belə qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafında  əvəzsiz rolunu  xüsusi vurğulayıb. Söhbət zaman  həm də  İcra başçısı hörmətli qonağa 44 günə Azərbaycanın əbədi, əzəli  yurd yeri Qarabağın  işğaldan azad olunması ilə başa çatan  Vətən müharibəsində qazanılan tarixi zəfərdən və pandemiya şəraitinə baxmayaraq rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlərdən, aparılan quruculuq-abadlıq işlərdən geniş məlumat verib.

Səmimi qəbuldan məmnun qalan Montereyli qonaq deyib: ” Azərbaycanda əldə olunan nailiyyətlər uğurla həyata keçirilən siyasətin nəticəsidir.  Hər dəfə səfərə gələrkən bu  Odlar yurdunda  çoxlu yeniliklər görürəm  və gördüyüm  yeniliklərə ürəkdən sevinirəm .  Azərbaycanda baş verən hadisələri, xüsusilə  Vətən müharibəsinin hər gününü diqqətlə izləmişəm, şəhər və kəndlərin işğaldan azad olunması barədə qələbə xəbərlərini sevinc hissi ilə qarşılamışam.  Çoxlu qurbanların olmasına baxmayaraq bu tarixi qələbə Azərbaycan xalqının qürurunu, qüdrətini,  Vətən sevgisini bir daha bütün dünyaya bildirdi.  30 ildən sonra xalqına zəfər sevinci bəxş edən  şəhidlərin ruhuna rəhmət diləyirəm.” 

Görüşün sonunda qonaq  xanıma Lənkəran rayonunda istehsal olunan “Qarabağ”  çay kolleksiyası hədiyyə edilib.
Səfər çərçivəsində   xanım Nensi Selfric Lənkəran şəhərinin görməli yerlərində, eləcə Tarix diyarşünaslıq muzeyində, Əsgər Əliyev adına parkda, Həzi Aslanov park və abidəsində, Qala xiyabanında olub. Lənkəran Şəhidlər Xatirə Abidə Kompleksini, Azərbaycanlıların soyqırımı parkındakı “Ana” abidəsini  ziyarət edib önlərinə tər çiçəklər düzüb. Qonaq  xalçaçılıq müəssisəsinə, karamel fabrikinə,  hallobonq sitrus bağına və “Yaşıl çay” fermer təsərrüfatlarına  baş çəkib görülən işləri  ürəkdən bəyənib.

Lənkəran Dövlət Universitetində  xanım Nensi Selfric rektor, müəllim və tələbələrlə görüşü zamanı isə  Monterey Yarımada Kolleci ilə tələbə-müəllim mübadiləsi məsələlərini müzakirə edib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü