28 fevral 2022 21:56
1037

Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub FOTO

Hazırda müxtəlif idman federasiyalarında müsbət dəyişikliklər, yeni islahatlar həyata keçirilməkdədir

Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlar qazanmalarında mühüm rol oynayır.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda cəsarətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu Zəfərdə idmançılarımızın da payı böyükdür. Beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli torpağımız olan Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi yazdılar. Onlardan yaralananlar, şəhidlik zirvəsinə yüksələn çox oldu. Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si canlarından keçiblər. Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olublar.

Təbii ki, Azərbaycan idmanında böyük uğurlarla yanaşı, müəyyən problemlər də var idi. Bu problemlərlə bağlı Prezident İlham Əliyev iradlarını bildirmiş, onların həlli yollarını göstərmişdi. Dövlət başçısının qərarı ilə Azərbaycanda idmanın yeni inkişaf mərhələsi başlayıb. Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin olunarkən cənab Prezidentin onun qarşısına qoyduğu konkret vəzifələr yeni islahatların başlanğıcı oldu.  

Hazırda Azərbaycanın müxtəlif idman federasiyalarında müsbət dəyişikliklər və yeni islahatlar həyata keçirilməkdədir. Dövlət başçısı İlham Əliyev məhz Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycan idmanının islahatlara ehtiyacı olduğunu bildirmişdi: “İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin...”

Bununla da Fərid Qayıbov gənclər və idman naziri vəzifəsini icra etdiyi ilk gündən işinə ciddi diqqəti ilə seçilir, bütün idman federasiyalarında aparılan işlərlə yaxından maraqlanır. Cənab Prezidentin tapşırığına əsasən ölkə idmanı qısa müddətdə genişmiqyaslı islahatlar mərhələsinə qədəm qoyub. Bütün bunlar yaxın vaxtlarda digər idman federasiyalarında da islahatların həyata keçiriləcəyini, Azərbaycan idmanının daha da inkişaf edəcəyini söyləməyimizə əsas verir.

Beləliklə, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. İnanırıq ki, bu sahədə aparılan yeni islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən onlarla yeni gənc idmançımız yetişəcək.

Cavid Əkbərov, “İki sahil”