16 mart 2022 13:06
556

O, Bakı küçələrinin yetirməsi və nəğməkarı idi

“Çətin gündür. Əziz dostumuzu itirmişik. Eyni zamanda elə bilirəm ki, xalqımız çox böyük bir sənətkarı itirib. Həmçinin dünya”.

“İki sahil” xəbər verir ki,  bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib: “Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Məncə, insan haqqında bundan qəddar söz deyilməyib. İnsan əvəzolunmazdır. Ən azı öz yaxınları, doğmaları üçün. Rüstəm İbrahimbəyov bir xalq üçün, bir millət üçün, mən deyərdim ki, dünya üçün əvəzolunmaz insandır. Bizim böyük şairimiz Rəsul Rzanın şeirində bir hissə var. Deyir ki, “Elə yaşa, sən gedəndən sonra hər kəsə aydın görünsün yerində qalan boşluq”. Rüstəm İbrahimbəyovun gedişindən sonra o boşluq çox yaxşı görünür. Zaman keçdikcə həmin boşluq daha da iti görünəcək”.

Xalq şairi bildirib ki, onların tanışlığı 1969-cu ildən başlayıb: “O, Bakı küçələrinin yetirməsi və nəğməkarı idi. Bakı havası həmişə onun yazılarında da var idi. Belə bir insan dünya üçün nə qədər dəyərli əsərlər verə bilər. Millilik forma deyil, münasibətdir. Və bu münasibət Rüstəmin yazılarında həmişə olub. O çox rəngarəng əsərlər yaradıb. Dostumuz haqqında çox şey deyə bilərik. Rüstəmin simasında həm yazıçı, həm dramaturq, həm kinodramaturq, həm də kinorejissor cəmlənmişdi. O həm də mühəndis idi. Bu onun əsərlərində də var idi. Allah ona rəhmət eləsin. Mən onunla 1969-cu ildən tanışam. Heç vaxt yaş fərqini hiss etməmişik”.