Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu ilin birinci rübündə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib. Belə ki, Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180 milyon manat məbləğində transfertə qarşı 2 milyard 757 milyon manat məbləğində transfert daxil olub. Bunun müqabilində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə proqnoza nisbətən 538,9 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə isə proqnoza nisbətən 236 milyon manat artıq vəsait köçürülüb. Nəticədə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1 milyard 380,1 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu valyuta hərraclarında 1 milyard 624,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu vəsaitin əsas hissəsi dövlət büdcəsinə transfert edilib. Lakin Fond büdcə öhdəliyi planını tam icra edəcəyi təqdirdə, təkcə bu məqsədlə satılacaq valyutanın məbləği 1 milyard 870,59 milyon dollar olacaqdı. Bu da o deməkdir ki, birinci rübdə Fondun valyuta ehtiyatlarına azı 246,2 milyon dollar qənaət edilib.
Eyni hala ötən il də rast gəlinib. Belə ki, Dövlət Neft Fondu 2021-ci ilin birinci, ikinci və üçüncü rüblərində dövlət büdcəsinə transfert planını tam icra etməmişdi. Maliyyə Nazirliyi həmin vaxt bəyan etmişdi ki, proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etmələri və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır.
Ancaq Dövlət Neft Fondundan transfertin azalması qurumun vəsaitlərini qrafikə uyğun sata bilməməsi ilə də izah edilə bilər. Belə ki, hərracların nəticələri də onu göstərir ki, valyuta satışının məbləği Fondun büdcəyə transfertinin tam icrasına imkan vermir. Söhbət ondan gedir ki, valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələbin azalması Fondun valyuta satışına öz təsirini göstərir.
Bununla belə, büdcəyə transfert proqnozu illik əsasda təsdiq olunduğundan onun icra səviyyəsi ilin müəyyən dövrlərində müxtəlif ola bilir. Yəni, rüblük transfert planı ilin növbəti rüblərində icra edilməsi mümkündür və bu, Fondun öhdəliyidir.
Xatırlatmaq yerinə düşər ki, ötən ilin yanvar-sentyabr aylarında Fondun büdcəyə transfert planının icrası 20,1 faiz kəsirlə yerinə yetirilmişdi. Lakin sonrakı aylarda, əsasən də noyabr və dekabr aylarında valyuta satışı əvvəlki aylarla müqayisədə kəskin artmışdı. Nəticədə ilin yekununda Fondun büdcəyə transfert kəsiri 7 faizə enmişdi. Bununla da ötən il Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat məbləğində transfert daxil olub. Bu, Fondun valyuta ehtiyatlarına 500 milyon dollar qənaət demək idi.
İstənilən halda dövlət büdcəsinə digər mənbələrdən proqnozdan əlavə vəsaitin daxil edilməsi fonunda Neft Fondunun rüblük transfert planını tam icra etməsinə ehtiyacın yaranmaması həmin mənbələrin büdcənin formalaşmasındakı imkanlarından xəbər verir.
Ceyhun Piriyev, “İki sahil”