28 may 2022 00:25
1086

Avtomobillərin sığortasında yeni qayda: Ödənişləri azaldan sektorun yığımları daha da artacaq

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqı (AVSMMİS) yeni qayda ilə hesablana bilər. İcbari Sığorta Bürosundan (İSB) APA-ya bildirilib ki, tarif dərəcələrinin təkmilləşdirilməsi və risk əsaslı sığorta haqqı hesablanması qaydalarının tərtib edilməsi istiqamətində müvafiq olaraq işlər aparılmaqdadır. Qeyd edilib ki, bu şəkildə, yəni risk əsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm ədalətli şəkildə sığorta haqlarının ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər.

Belə görünür ki, bununla da sığorta şirkətlərinin bu sığorta növü üzrə şikayətlərinə son qoyula bilər. Çünki sığorta şirkətləri AVSMMİS üzrə zərər etmələrini əsas gətirərək sığorta haqlarının azlığından şikayət edirlər. Nəticədə bəzi şirkətlər tərəfindən sığorta haqqı az olan kiçik mühərrik həcminə malik, eyni zamanda taksi fəaliyyətinə daha çox cəlb edilən avtomobil markalarının sığortalamasından imtina olunur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-aprel ayları ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Həmçinin icbari sığorta növləri üzrə yığılmış hər 100 manatın  34 manatı ödənişə yönəldilib. Lakin konkret AVSMMİS üzrə bu dövrdə şirkətlər topladıqları hər 100 manatın 94,6 manatını sığorta olunanlara qaytarıblar, yəni ödəniş ediblər. Halbuki, ötən ilin eyni dövründə yığılmış hər 100 manatın 75 manatı ödəniş olunmuşdu.  

Eyni zamanda, cari ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə AVSMMİS üzrə yığımları 4,4 faiz, ödənişlər isə 32,2 faiz artıb. Hesabat dövründə şirkətlər ümumi sığorta ödənişlərində hər 100 manatın 30,35 manatı, o cümlədən icbari sığorta növlərində 91,3 manatı  AVSMMİS-in payına  düşüb.

Bununla belə, sığorta şirkətlərinin AVSMMİS üzrə ödənişlərində artım olsa da  ümumi ödənişlərində ciddi azalma müşahidə edilməkdədir. Baxmayaraq ki, sığorta yığımlarında 5,8 faiz artım olub. Belə ki, cari ilin 4 ayında sığorta şirkətlərinin topladıqları hər 100 manatın 26 manatını ödəniş ediblərsə, ötən ilin bu dövründə iki dəfə çox - 53 manatını ödəniş etmişdilər. İcbari sığorta növləri üzrə cari ilin yanvar-aprel aylarında toplanmış hər 100 manatın 34 manatı ödəniş edilibsə, ötən ilin eyni müddətində 43 manatı ödəniş kimi sığortaolunanlara geri qaytarılmışdı. 

O da vurğulanmalıdır ki, sığorta şirkətləri AVSMMİS üzrə yığılan hər 100 manatın 94,6 manatını ödəniş etsələr də müəyyən sığorta növlərinə toplanmış vəsaitin əksər hissəsi şirkətlərin özlərində qalmaqla onların gəlirliliyini artırır. Məsələn,  daşınmaz əmlakın icbari sığortası üzrə cari ilin 4 ayında toplanmış hər 100 manatın cəmi 1,1 manatı ödəniş edilib. Həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə yığılmış hər 100 manatın 4,1 manatı ödəniş olunub. Bu sığorta növləri məbləğlərinə (müvafiq olaraq 30 187,8 milyon manat və 30 210,4 milyon manat) görə də AVSMMİS-i (29 977 milyon manat) qabaqlayıb.

AVSMMİS üzrə sığorta haqqının yeni qayda ilə hesablanması qiymətlərə təsir göstərəcəyi istisna deyil. Belə ki, bir qrup avtomobillər üzrə sığorta haqqı arta bilər. İSB-dən bildirilib ki, bu üsul tətbiq olunduqdan sonra sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Təkcə, rəsmi rəqəmlərə  görə, istismarda olan avtomobillərin 80 faizinin istehsal tarixindən 10 ildən çox ötməsini nəzərə alanda yeni qaydanın xeyli sayda avtomobilə şamil olunacağını demək mümkündür. Beləliklə də yeni qayda sığorta ödənişlərini azalda bilməsə də sığorta yığımlarını artıracaq.

Sözügedən dəyişikliyin icbari sığortalar haqqında yeni qanun layihəsində əksini tapacağı gözlənilir.

Ceyhun Piriyev, “İki sahil”