28 may 2022 02:03
1112

Paytaxda orta aylıq əməkhaqqı 1040 manatı ötüb

2022-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  23,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,1 faizi mədənçıxarma, 12,7  faizi emal, 1,8  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun  payı 90,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  94,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,1 faiz təşkil  edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 may 2022-ci il vəziyyətinə 272,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Cari ilin yanvar-aprel aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,1 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 23,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu dövrdə ticarət dövriyyəsinin həcmi  2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 faiz artaraq 7 milyard 961,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4 milyard 252 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7 faiz artaraq 3 milyard 709,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 35,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi  2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 89,8 faiz artaraq 270,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,1 faizini təşkil edib.

2022-ci ilin yanvar-aprel aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 1 milyard 828,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 396,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,4 faizini təşkil edib.

Əməkhaqqına gəlincə, 2022-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artaraq 1040,9 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi