02 iyun 2022 01:47
1196

Özəlləşdirmə: İqtisadiyyat nə qazanıb?

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilkin addımlar müstəqilliyin bərpasının ilk illərindən başlayıb. Özəlləşdirmə siyasətini həyata keçirən qurum 1992-ci il iyunun 23-də Dövlət Əmlak Komitəsi kimi yaradılmış, sonradan bir neçə dəfə struktur dəyişikliklərinə məruz qalmış, 2019-cu ildən isə İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməklə Əmlak Məsələləri Dövlət Xidməti kimi fəaliyyət göstərir. Həmçinin özəlləşdirmə prosesini tənzimləyən qanun 1993-cü ildə qəbul edilmiş, lakin sonradan ona könüllü dəyişikliklər edilərək 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”na qanun statusu verilmişdir. Özəlləşdirmə prosesinin növbəti mərhələsini tənzimləyən qanunvericilik 2000-ci ildə işlənilmiş və yeni qanunla yanaşı, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” da Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmişdir.

Maraqlıdır, bəs ötən müddət ərzində özəlləşdirmə prosesi ölkə iqtisadiyyatına nə qazandırıb?

Özəlləşdirmənin ümumi daxili məhsul istehsalının, büdcə gəlirlərinin artımı, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi, ərzaq və enerji təhlükəsizliyi kimi töhfələri ilə yanaşı, əhali və sahibkarlar üçün də bir çox üstünlükləri var. Bu üstünlüklərə əsasən, dövlət əmlakını mövcud bazar dəyərindən 20-30 faiz aşağı qiymətə əldə etmək imkanı, xüsusilə də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə zamanı investisiya qoyuluşu müqabilində əmlakın daha aşağı qiymətə əldə edilməsi aiddir.      

Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elnur Rzayev media nümayəndələri üçün keçirilən təlim çərçivəsində bildirib ki, indiyədək dövlət müəssisələrinin bazasında 1567 Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb ki, onlardan 1465-nin səhmləri tam özəlləşdirilib. Yerdəqalan 102  ASC-dən 27-nin nəzarət səhm zərfindən yuxarı hissəsi, 75-nin isə pul hərraclarında satılmalı olan 30 faizlik səhm zərfləri isə hələ ki dövlətdə qalır. Həmçinin 50 minə yaxın kiçik müəssisə və obyekt, qeyri-yaşayış sahəsi və yarımçıq tikili özəlləşdirilib. Eyni zamanda, 8503 müəssisə və onun altında yerləşən torpaq sahəsi 6287,5 hektar torpaq sahəsi özəlləşdirilib.   Ümumilikdə, özəlləşdirmədən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsait daxil olub.

Özəlləşdirilmiş müəssisə və obyektlərdən 134-ü investisiya müsabiqələri vasitəsilə özəlləşdirillib. Onlardan 14-ü üzrə müqavilə sonradan ləğv edilsə də 114 müəssisə və obyekt üzrə mülkiyyət hüququ alıcıya keçmiş, 6 layihənin icrası isə davam edir. Bu müəssisələrə 1 milyard 142 milyon dollar məbləğində investisiya qoyulub ki, bunun da 310 milyon dolları və ya 27,1 faizi xarici sərmayədir. Nəticədə bu müəssisələr üzrə 18 min iş yeri yaradılıb və 6 milyon manatdan çox məbləğdə əməkhaqqı və ona bərabər tutulan ödənişlər edilib. 

Dövlət əmlakının hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi prosesi davam edir. Ölkə başçısının ötən il imzaladığı Sərəncamla 8, Əmlak Məsələləri Dövlət Xidməti və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əldə edilmiş razılaşmaya əsasən, 21 müəssisə və obyekt özəlləşdirməyə açılıb.

Ceyhun Piriyev, “İki sahil”