02 iyun 2022 15:07
955

Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilmək hədəfinə də çatacaq

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan səyləri qlobal güclər tərəfindən təqdir olunur

Dünya siyasi gündəminə nəzər yetirmək kifayətdir ki, enerji təhlükəsizliyi termininin enerji təchizatı ilə bağlı iqtisadi və siyasi müzakirələrdə demək olar ki, hər yerdə istifadə olunduğunun şahidi olasan. Dünyanın nüfuzlu siyasi ekspertləri enerji təhlükəsizliyi anlayışını ifadə etmək üçün müxtəlif mənalardan istifadə edirlər. Çox vaxt bu termin təbii olaraq enerji təhlükəsizliyi ilə əlaqəli olmayan məsələlərə daha çox əhəmiyyət vermək və ya aktuallıq qazandırmaq üçün istifadə olunur. Enerji təhlükəsizliyi anlayışının mahiyyətini müəyyənləşdirmək cəhdləri indiyədək sistematik olmayıb, müxtəlif yanaşmalarla səciyyələndirilsə də xüsusilə dövlətlərin milli təhlükəsizliyi aspektində əsaslandırmalar daha qabarıq formada nəzərə çarpır.

Bu gün enerji təhlükəsizliyi, həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizliklə bağlı nəzərdən keçirilir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da məhz bu amillərin vurğulandığının şahidi oluruq. Belə ki, Azərbaycan Avropanın enerji mənbələrinin diversikfikasiyasına nail olmaq istiqamətində regionda əsas aktor qismində çıxış edir. Bununla yanaşı, Azərbaycan həm də qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm aktordur. Bu mərhələdə isə tarixə dönmək, Azərbaycanın illər ərzində yürütdüyü siyasətə nəzər yetirmək kifayətdir ki, məhz bu inam və etibarın hardan qaynaqlandığının əyani şahidi olaq. İlk növbədə onu vurğulamalıyıq ki, Azərbaycanın bugünkü uğurlu enerji strategiyasının təməli 1994-cü ilin 20 sentyabr tarixində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdırılan “Əsrin müqaviləsi” ilə qoyuldu. Ulu öndər beynəlxalq aktorları Azərbaycana etibar etməyə və investisiya yatırmağa inandıra bildi.  Reallaşdırılması ilə ixraca start verilən Bakı-Supsa, bundan sonra isə Bakı-Novorossiysk neft kəmərləri tankerlə neftin daşınmasını nəzərdə tuturdusa, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin icrası Azərbaycan neftinin dünya bazarına çıxarılması baxımından mühüm tarixi hadisə oldu. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi. İllər ərzində cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən sistematik, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi zamanında bir çox dairələr tərəfindən mümkünsüz kimi görünsə də bu gün artıq reallıqdır və Azərbaycan Avropanın yeni, alternativ enerji mənbəyi qismində çıxış edir.  Bu mühüm tarixi fakt məhz ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsidir. Enerji resurslarının mövcudluğu qədər təminatçıların etibarlılığı da olduqca mühüm məsələdir. Məhz bu amil dünyanın başqa bölgələrində enerji resurslarının mövcudluğuna baxmayaraq Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Avropa İttifaqı kimi güclü beynəlxalq aktorların diqqətini məhz Azərbaycana yönəltdi. Bu isə heç təsadüfi deyil. Azərbaycan dövləti illər ərzində üzərinə götürdüyü öhdəliklərə böyük bir məsuliyyətlə yanaşdı. Bizi bu öhdəliklərə sadiqliyimizdən ölkə ərazisində müharibənin getməsi də yayındırmadı, nə də hər hansı gecikmələrə şərait yaradılmadı. Belə ki, Vətən müharibəsinin bitməsindən sonra 31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizinin sonuncu seqmenti hesab olunan Trans Adriatik Boru Kəməri istifadəyə verildi.

Daha mühüm bir məsələ enerji təhlükəsizliyinin təmin olunmasına olan tələbat və zərurət sübut edir ki, bu məsələ klassik başlanğıclardan başlayaraq müxtəlif enerji sektorlarını və getdikcə daha çox müxtəlif məsələləri əhatə etmək üçün genişlənir. Belə ki, dünyada hökm sürən çalxantılı siyasi və iqtisadi proseslər, Rusiya-Ukrayna münasibətləri fonunda Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələlərinin xüsusi aktuallıq kəsb etdiyi bir vaxtda milli maraqlarımızın rəhbər tutularaq yürüdülən uğurlu xarici siyasətin nəticəsidir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanı sadiq tərəfdaşı görməkdə davam edir.

Nüfuzlu tədbirlərə evsahibliyi edən Bakının indi də Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi etməsi, nüfuzlu siyasilərin, şəxslərin burada iştirakı, dövlətimiz haqqında səsləndirilən fikirlər, qlobal güclərin liderlərinin məktublarında ehtiva olunan məsələlər beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövcud gücündən xəbər verirsə, eyni zamanda səsləndirilən hər bir fikir dövlət başçımızın qlobal müstəvidə nüfuzlu Lider olmasının əyani sübutudur.

Davamlılığa doğru transformasiya iqtisadi strukturların, texnologiyaların və institutların dərindən yenilənməsini tələb edir. Ölkənin enerji sektorunun strukturunu müəyyən edilmiş planetar sərhədlər daxilində davamlı inkişaf ehtiyaclarına uyğunlaşdırmağa yönəlmiş istənilən siyasət tədbirini əhatə edən yaşıl enerji siyasəti konsepsiyası bu məqsədlə çox vacibdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin əsas komponentlərindən biri də “yaşıl enerji”dir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərimiz ilkin olmaqla Azərbaycan dövləti qarşısında uzunmüddətli hədəflər müəyyənləşdirib. Tarixə dönüb baxarkən zamanında reallaşdırılan enerji layihələri olmaqla indiki mərhələdə də dövlət başçımızın qlobal çağırışlara zamanında və adekvat cavab verməsi mövcud potensialın düzgün dəyərləndirilməsi ilə paralellik təşkil etdiyi üçün, tam əminliklə deyə bilirik ki, Azərbaycan bütün hədəflərinə çatdığı kimi “yaşıl enerji” ölkəsinə çevrilmək hədəfinə də çatacaq.

Şəbnəm HƏSƏNOVA,

Politoloq