20 iyul 2022 01:45
988

Şəhid adına bulaq

30 il yağıya  əsir düşən əzəli yurd yerimiz  Qarabağın azadlığı uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonunun Laman kəndində dünyaya göz açan bu dağlar qartalın ömür yolu cəmi 18 il oldu. Qaldı ki, Vətəninə, xalqına ilahi bir məhəbbət hissi yaşatmaqla  əbədi olaraq  milyonların yaddaşına yazıldı. İndi doğma Laman kəndində böyük də, kiçik də  Orxanı özlərinə iftixar  mənbəyi  bilir, həmişə onun adını uca tuturlar. Burada şəhidin xatirəsinə bulaq kompleksi də inşa edilibdir. Kəndin ən yaraşıqlı guşəsində yerləşən bu saf sulu çeşmə insanların ən çox olduğu yerdir. Bulaq kompleksin açılış mərasımi çox möhtəşəm  keçdi. Əvvəlcə   Dövlət Himni oxundu, buraya toplaşan yüzlərlə ziyarətçi Vətən naminə canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidə ehtiram   əlaməti olaraq bulaq kompleksin önünə düzülən əkil və gül-çiçək dəstələrin sayı bilinmirdi...

Tədbirdə  rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  çıxışında dedi:-  Vətən müharibəsində  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı 44 günə azad etdi. Bu möhtəşəm qələbə  şəhid övladlarımızın   qanı, canı bahasına qazanıldı. İndi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş qəhrəman oğlanların  xatirəsini  xalqımız həmişə ehtiramla yad edir.  Həm Birinci, həm  İkinci Qarabağ müharibəsində  lerikli   igidlər də hərbi əməliyyatlarda misilsiz rəşadət göstəriblər.  Cənab Prezidentin müvafiq sərəncamları əsasında  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif olunmuş hərbi qulluqçuların arasında leriklilərin  adları çoxdur. O, cümlədən bu kəndin qəhrəman oğlu, Vətən müharibəsi şəhidi Orxan   “Vətən uğrunda”, Suqovuşanın və  Ağdamın azad olmasına görə medallar layiq  görülübdür .  Dağlar qartalımız  Vətən uğrunda şəhid olduğu üçün keçdiyi qısa həyat yolu qəhrəmanlıq məktəbi kimi tarixə yazıldı.

Kənd ağsaqqalı, şəhidin müəllimi Babalı Quliyev,  Nəbi Mirzəyev, Əkrəm Abdullayev  öz çıxışlarında şəhid haqqında xatirələrini bölüşdülər və  Orxanın əbədi ürəklərə yurd-yuva qurduğunu dedilər.  Şəhidin atası Mübariz  və əmisi Nağdəli Dənziyevlər  də qürurlu danışdılar. Axırda  ölkədə  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə tədbir iştirakçılarına minnətdarlığını  bildirdilər.

Açılışında Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərlərin, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələrin iştirak etdi mərasım  məktəblilərin ifasında şəhidə həsr olunmuş şerlər və mahnılarla   tamamlandı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü