20 iyul 2022 11:57
725

Azərbaycanın xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam edir

15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında bu ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə cənab Prezident Azərbaycanın hesabat dövrü ərzində qazandığı uğurları ətraflı şəkildə ictimaiyyətə və beynəlxalq auditoriyaya çatdırıb. Dövlətimizin başçısı müşavirədəki nitqində sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövründə quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli nüanslara diqqət yetirmiş, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açmışdır. Ölkə başçımız nitqinin ilk hissəsində xarici siyasətdən danışaraq, ölkəmizin son dövrlərdə həm Qoluşmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı kimi təşkilatarla, həm qonşu dövlətlərlə, həm də dünyanın güc mərkəzi olan Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrindən söz açdı. Nitqi zamanı ölkə başçımızın bu aspektdə söylədiyi fikri diqqətə çatdırmaq istərdim: “Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.

Xarici siyasətdən danışarkən ilk öncə Azərbaycanın hazırda sədri olduğu Qoşulmama Hərəkatından söz açmaq lazım gəlir. Danılmaz faktdır ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına yeni bir stimul verildi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının bütün üzvlərinin sistemli şəkildə ortaq problemlərinin ortaya çıxarılmasına nail olundu. Yəni Azərbaycanın təsisata sədrliyinin ən böyük uğuru ondan ibarət idi ki, istər pandemiya dövründə, istərsə də digər zamanlarda üzv ölkələrin üzləşdiyi ayrı-seçkiliklər və buna qarşı hansı islahatların həyata keçirilməsinə ehtiyac olduğu qabardıldı. Bu fəaliyyətin fonunda, təşkilatın üzvləri tərəfindən yekdil səslə Azərbaycanın sədrlik dövrü daha 1 il uzadıldı. Bu gün bu hərəkat digər beynəlxalq təşkilatlara nümunə olacaq bir platformadır. Qoşulmama Hərəkatı məhz obyektlivlik, ədalət, beynəlxalq hüququn norma və prinsiplərinin hər şeydən üstün tutulması, ikili yanaşmaya son, qlobal problemlərə açıq münasibəti tərənnüm etdirən bir təsisatdır. Qeyd etmək lazımdır ki, Azərbaycan QH ilə yanaşı digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparır. O cümlədən,  Türk Dövlətləri Təşkilatı ilə. Bu il ölkə başçımızın Təşkilata üzv olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla 3 dəfə görüşməsi, Özbəkistana rəsmi səfərə yollanması, Qırğızıstan Prezidentinin ölkəmizə səfəri əlaqələrin inkişafı üçün əsaslı sübutdur. Bununla yanaşı, müvafiq dövr ərzində İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Avropa İttifaqı ilə əlaqələrimiz də hazırda ən yüksək səviyyədədir desək yəqin ki yanılmarıq. Ötən gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da deyilənlərin təsdiqidir. Avropa İttifaqı ilə qurulan əlaqələr qurumun ölkələrinin dövlətimizə olan güvəninin və dövlətimizin dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində rolunun əhəmiyyətini də göstərməkdədir. Avropa İttifaqının ölkəmizlə əlaqələrini genişləndirməsində maraqlı olması Prezident İlham Əliyevin dediyi kimi, “bizim sözümüz, imzamızdır” şüarının onlar tərəfdən də qəbulu deməkdir. Beləliklə hazırda ölkəmizin xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam etməkdədir.

Azərbaycan həmçinin dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığı getdikcə genişləndirir. Azərbaycan həm də öz regionunun söz sahibi ölkəsinə çevrilib. Qonşu dövlətlərlə münasibətlər və əməkdaşlığın səviyyəsi dövlətimizin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyir. Təbii ki, regionla bağlı danışarkən Ermənistanı istisna kimi qeyd etmək gərəkdir. Əslində, Azərbaycan tərəfi Ermənistanla əlaqələrin normallaşdırılması üçün səy göstərir, sülh təşəbbüsü ilə çıxış edir. Ancaq rəsmi İrəvanın qeyri-konstruktiv yanaşması və öz öhdəliklərindən yayınmaq cəhdləri Cənubi Qafqazın dinc inkişaf mərkəzinə çevrilməsinin qarşısında əsas əngəl olaraq dayanır. Rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və prosesi ləngitmək cəhdləri təbii olaraq Bakıda narahatlıq və qıcıq doğurur. Bir tərəfdən erməni silahlı birləşmələrinin tör-töküntülərinin Azərbaycanın suveren ərazisində hələ də mövcudluğu, digər tərəfdən Zəngəzur dəhlizinin icrasının ləngidilməsi, tamamilə mənasız “status” iddialarının səslənməsi və artıq faktiki olaraq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun prosesə cəlb edilməsi cəhdləri Ermənistanın sülh prosesini provakasiya etmək istəyindən başqa bir şəkildə qəbul edilə bilməz. Ancaq hər halda tez və ya gec amma mütləq Azərbaycan öz istəyinə nail olacaq. Necə ki, indiyə qədər olub. Unutmaq olmaz ki, bu gün Azərbaycanın qurduğu siyasi, iqtisadi və hərbi əlaqələr, beynəlxalq münasibətlərdə oynadığı rol, iqtisadi və hərbi gücü istənilən təhlükəni zərərsizləşdirməyə, öz marağına uyğun siyasi şəraiti formalaşdırmağa yetəcək qədərdir. Buna görə də Ermənistan ağılla hərəkət etməli və öz xalqı üçün ən doğru qərarı verməyə çalışmalıdır. Əks təqdirdə “dəmir yumruğ”un yerində olduğu Ermənistana da, onun havadarlarına da xatırladılacaq.

Yekunda qeyd edək ki, iyulun 15-də keçirilən müşavirə birmənalı olaraq Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində inşası üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını nümayiş etdirdi. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən uzaqgörən siyasətin hətta qlobal miqyasda problemlərin geniş vüsət aldığı bir dövrdə belə ölkəmizdə inkişafı təmin etdiyini, gələcək planların, strategiyaların isə bu inkişafı sürətləndirəcəyini sübut etdi.

Rauf Əliyev,

Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi