Heykəllər yalnız tarixi şəxsiyyətlərin, siyasətçilərin, sərkərdələrin, şairlərin, yazıçıların , bədii əsər qəhrəmanlarının deyil , həmçinin insanlar tərəfindən müqəddəs sayılan heyvanların şərəfinədə ucaldılıb. Bir çoxları bu heykəllərin uğur gətirəcəyinə şübhə ilə yanaşsa da, bəziləri isə buna çox inanırlar. Bu yazıda dünyanın müxtəlif ölkələrində ucaldılan və bir çox insanların düşüncələrinə görə, onlara uğur gətirə biləcək abidələrdən danışacağıq.
Girona aslanının heykəli ( İspaniya, Girona)
İspaniyanın Girona şəhərində heyrətamiz bir aslan heykəli mövcuddur. Bu heykəldə heyvan sanki sütuna dırmaşarkən əks olunub. İspanların müqəddəs hesab etdiyi bu heyvanın heykəli XII əsrdə inşa edilmişdi. Belə ki, yerli sakinlər dəfələrlə şəhər sakinlərini təhlükələrdən xilas edən şirə öz minnətdarlıqlarını bildirmək qərarına gələrək onun şərəfinə heykəl qoyublar. Qeyd edək ki, həmin heykəlin orijinalı indi muzeydədir. Küçədə duran isə sadəcə heykəlin sürətidir. Girona aslanının arzuların yerinə yetirilməsinə kömək edə biləcəyinə inanılır. Bunun üçün yalnız onun quyruğunun ucundan öpmək lazımdır. Bu qəribə səslənsə də, lakin bunu həyata keçirmək istəyənlərin sayı heç də az deyil.
Ostap Benderin heykəli (Rusiya, Sankt-Peterburq)
Bu ad gənc nəslə o qədər tanış olmasa da yaşlı nəslin sevimli qəhrəmanlarından idi. İlya İlf və Yevqeni Petrovun “12 stul” və “Qızıl dana” əsərlərinin baş qəhrəmanı Ostap Bender özünün fırıldaqçılığı ilə bütün dünyada məşhurdur. Belə bir inam var, kimin bir gizli işi varsa, ya da imtahana gedəcəksə, Ostap Benderin burnuna əlini çəksə onda onun işi mütləq alınacaq .
Abraham Linkolnun burnu ( ABŞ)
ABŞ-nı 16-ci prezidenti olmuş Abraham Linkolnun ABŞ-ın paytaxtı Vaşinqtonda dəfn olunduğu qəbiristanlıqlarından birində onun şərəfinə abidə ucaldılıb. Bu abidə dözümlülüyü, dəqiqliyi və qətiyyəti simvollaşdırır. Çox maraqlıdır ki, bu abidənin burun hissəsi nədənsə parlaqdı. Abidəni ziyarət etməyə gələn ziyarətçilər onu daim ovuşdururlar. Bir çox turist abidənin burnuna toxunmağın uğur gətirə biləcəyinə inanır.
İgid əsgər Yozef Şveykin heykəli (Polşa, Sanok)
Şveyk çex yazıçı Yaroslav Qaşekin satirik romanının baş qəhrəmanıdır. Bu romanda ağıldan kəm olan Şveykin Birinci Dünya müharibəsi zamanı başına gələn hadisələrdən bəhs olunur.
Maraqlıdır ki, 2005-ci ilə kimi vətəni Çexiyada Şveykə heç bir abidə ucaldılmayıb. Qeyd edək ki, bu abidə Polşanın Sanok şəhərində baş verən hadisənin şərəfinə ucaldılıb. Qədim rəvayətə görə, kim cəsur əsgər Şveykin burnuna əlini sürtərsə sevgidə mütləq bəxti gətirəcək.
Baron Münhauzen (Almaniya, Bodenverder)
Alman yazıçısı Rudolf Erich Raspenin 1785-ci ildə nəşr edilmiş “Baron Münhauzenin Rusiyada Möhtəşəm Səyahətləri və Mübarizələri” adlı kitabında yaratdığı uydurma Almaniya zadəganıdır. “Dünyanın ən dürüst adamı”nın şərəfinə ucaldılan bu abidə bir illüstrasiya formasında hazırlanıb. Abidə elə müəllifin doğulduğu Bodenverder şəhərində ucaldılıb. Deyirlər ki, əgər kimsə baronun atının qulaqlarına toxunsa düşdüyü çıxılmaz vəziyyətdən asanlıqla canını qurtarar.
Ağlayan Sütun ( Türkiyə, İstanbul)
İstanbula səfər edən hər bir turist mütləq Ayasofya məscidinə baş çəkir. Bu bina əvvəllər kilsə kimi fəaliyyət göstərsə də, İstanbulun fəthindən sonra məscidə çevrilib. Hazırda Ayasofya muzey kimi fəaliyyət göstərir və özündə islam dini ilə xristianlığın üslubunu birləşdirir.
Müqəddəs Sofiya kilsəsi İstanbulda VI əsrdə inşa edilib. Bir memarlıq incisi olan kilsə mərmərdən inşa edilib. Bu gün isə belə sənət əsərləri inşa edilmir.
Məbəddəki bəzi mistik möcüzələri məntiq və elmi izahla başa salmaq mümkün deyil. Məsələn, turistlərin "müqəddəs daş" adlandırdığı mərmər plitə səhərlər gün işığını udur, axşam isə əks etdirir.
Bundan başqa məbəddə "ağlayan sütun" var və bu sütun mislə örtülüb. Onun üzərində kiçik deşik var. Çox maraqlıdır ki, bu kiçik deşikdən dayanmadan su gəlir, sanki sütün ağlayır.Turistlər bura barmaqlarını salıb arzu tuturlar və beləliklə bütün problemlərinin həll olunmasını düşünürlər. Eyni zamanda, deyilənə görə, bu sütun xəstələrə də şəfa verir.
Cülyettanın abidəsi ( İtaliya, Verona)
Məşhur “ Romeo və Cülyetta” əsərinin qəhrəmanının heykəli uzun müddətdir ki, Veronanın əsas uğur simvollarından biri hesab olunur. Deyilənlərə görə, uğuru cəlb etmək üçün heykəlin sinəsinə toxunmaq lazımdır. Belə ki, hesab olunur ki, Cülyettanın sinəsinə toxunan insanın sevgidə mütləq bəxti gətirəcək. Hər il bu heykələ minlərlə insan toxunur. Lakin bir müddət əvvəl turistlərin daimi toxunuşlarından zərər aldığı üçün orijinal heykəlin yerinə onun surəti qoyulmuşdu.
Limon satıcısının sehirli barmağı ( Almaniya, Hamburq)
Almaniyanın Hamburq şəhərində ötən əsrinin ikinci yarısında limon satan qadının şərəfinə heykəl ucaldılmışdı. Bu qadın həqiqətən də bu şəhərdə yaşayırdı və ekzotik meyvələr satırdı. Əqli çatışmamazlıqdan əziyyət çəkən qadının həyatı heç də asan deyildi. Buna baxmayaraq hər kəsin üzünə gülümsəyən bu qadın Hamburqda çox sevilirdi. Özu həyatda bir xoş gün görməsə də , hər kəsin xoşbəxt olmasını istəyirdi. Məhz buna görə, bu gözəl qəlbli xanımın şərəfinə abidə ucaldılmışdı. Rəvayətlərə görə, onun barmağını ovuşduran insanın arzusu yerinə yetəcəkdi.
Nilsin şərəfinə ucaldılan abidə (İsveç, Stokholm)
Bu heykəl Nobel mükafatı almış ilk qadın yazıçı Selma Laqerlefin “Nilsin vəhşi qazlarla səyahəti” nağıl-povestinin qəhrəmanı Nislin şərəfinə ucaldılıb. Heykəl rəsmi şəkildə “Aya baxan dəmir oğlan” adlansa da turistlərin sözlərinə görə , bu xanım Laqerlefin əsərindəki həmin Nilsdir. Heykəl dünyanın ən kiçik abidəsidir, heykəlin hündürlüyü cəmi 15 sm-dir. Qışda heykəlin başına şapka geyindirilir, boğazına şərf dolanır. Belə bir inam var ki, kim Nilsin başına sığal çəkib, ovcuna qəpik qoysa arzusu yerinə yetər.
Trevi fəvvarəsi ( İtaliya, Roma)
Romada yerləşən ən böyük fəvvarənin hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.
Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərcümədı üç yol) adlandırılmışdır. Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir.
Deyilənlərə görə, Trevi fəvvarəsinə dəmir pul atan insanın bütün arzuları çin olur. Turistlər tərəfindən atılan pullar xeyriyyə məqsədi ilə istifadə edilir.
Samirə Tağıyeva, “İki sahil”