Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb.
Biləsuvar rayon Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlunun doğum günü qeyd olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və bir qrup digər rəsmi şəxslər II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Məmmədov Elyar Elbəyi oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşərək ailənin qayğıları ilə maraqlanıblar. Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Şəhidin qardaşı Eldar Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Daha sonra ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid Elyar Məmmədovun məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Azərbaycan Ordusunun MAHHXHQ olan şəhid Məmmədov Elyar Elbəyi oğlu 22 avqust 1990-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Elyar Elbəyi oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər