11 avqust 2026 15:49
291

Bir ömrün geoloji xəritəsi

Bağır Bağırov haqqında oğlunun, tələbələrinin və həmkarlarının yaddaşından

Bəzi insanların ömrünü tarixlərlə danışmaq olmur. Doğum tarixi, ali məktəbi bitirdiyi il, ilk iş yeri, elmi dərəcəsi, müdafiə etdiyi dissertasiya, yazdığı kitabların sayı... Bunların hamısı vacibdir. Amma insanın həqiqi portreti bu rəqəmlərin arasında görünmür. İnsanı tanımaq üçün onun haqqında danışanların səsinə qulaq asmaq lazımdır. Bir oğulun yaddaşlarında atasının necə həkk olunduğuna... Bir tələbənin müəlliminin hansı cümləsini illər keçsə də unutmadığına... Bir həmkarın onunla bağlı yaddaşında hansı epizodu saxladığına. Bağır Əli oğlu Bağırov haqqında da belə danışmaq istəyirik. Çünki onun 90 illik ömrü yalnız Azərbaycan neft-qaz geologiyasının bir parçası deyil. Bu ömür həm də bir ailənin, bir elmi məktəbin, yüzlərlə tələbənin və bütöv bir geoloqlar nəslinin yaddaşından keçir.

“Mən geoloqlar ailəsində böyümüşəm...”

Elçin müəllim atasından danışanda ilk cümlələrindən biri belə olur: - “Mən geoloqlar ailəsində böyümüşəm”. Bu, sadə bir cümlə kimi görünsə də, həmin cümlənin arxasında bütöv bir uşaqlıq dayanır. Geoloji xəritələr, kitablar, əlyazmalar, atasının masasında üst-üstə yığılan elmi məqalələr... Elçin müəllim deyir ki, onun uşaqlığında geologiya ayrıca bir fənn deyildi. Evdə eşidilən söhbətlərin, görülən işlərin, atasının həyatının bir hissəsi idi.  Üstəlik, geologiya onların ailəsində yalnız ata peşəsi də deyildi. Anası Raufa xanım da geoloq olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib. Elçin müəllimin ana tərəfdən babası da, nənəsi də  geoloq olublar. Beləliklə, Elçin müəllim geologiyaya gəlməmişdən əvvəl geologiya onun həyatına gəlmişdi. Sonralar o da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alanda özünü bir addım öndə hiss edib.

Ərkivandan başlayan cığır

Bağır Bağırov 1936-cı il avqustun 12-də Masallı rayonunun Ərkivan kəndində müəllim ailəsində dünyaya gəlib. Müharibə illərinin uşağı olub. Böyük ailədə böyüyüb. Uşaqlıqdan zəhməti tanıyıb. Atası onun müəllim olmasını istəyirdi. Amma gənc Bağır kənddə qalıb müəllimlik etməyi yox, başqa bir yol seçdi. Sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinə verdi. İnstitutda oxuyan zaman atam qohumumuzun – evdə tək qalan yaşlı qadının mənzilində yaşayıb, bu balaca otaqda yazıb, araşdırıb, elm öyrənib. Atam deyir ki, tələbə vaxtı səhər tez saatlarında oyanar, Qubernator bağına gedər, orada kitablarını oxuyar, daha sonra dərsə gedərdi. Beləcə bütün gününü kitablara, elmə həsr edərdi.

Balaxanı mədənlərindən elmə doğru

1958-ci ildə institutu bitirdi. Və həmin il onun neft geologiyasındakı uzun yolu başladı. İlk dayanacaq Balaxanı neft mədənləri oldu. Orada Bağır müəllim əvvəlcə operator kimi çalışdı. Sonra ixtisası üzrə geoloq, böyük geoloq vəzifələrinə qədər yüksəldi. Bu mərhələ onun həyatında çox mühüm idi. Çünki Bağır Bağırov geologiyanı əvvəlcə kitabdan yox, mədəndən öyrəndi. Yeraltının sirlərini laboratoriyadan əvvəl istehsalatda gördü. Geoloqun səhvinin bəzən bir hesabat səhvi olmadığını, bütöv bir yatağın taleyinə təsir edə biləcəyini orada anladı. Sonralar alim kimi formalaşanda bu istehsalat məktəbi onun elmi düşüncəsinin əsas dayaqlarından birinə çevrildi.  

“Atam işdən gələndə...”

Elçin müəllim atasının Balaxanıdakı iş illərindən danışanda elmi terminlərdən yox, bir uşaqlıq xatirəsindən söz açır.  Atası işdən yorğun qayıdanda belə, evə gələndən sonra yorğunluğunu uşaqlarına göstərməməyə çalışıb. Bakıxanov qəsəbəsindəki evlərindən tez-tez oğlunu yanına salıb bulvara gedirdi. Bu mənzərə Elçin müəllimin yaddaşında əbədi qalıb. Bir tərəfdə ağır mədən işi, bir tərəfdə elmi axtarışlar,  bir tərəfdə ailə. Bağır Bağırovun həyatında bu üç xətt heç vaxt bir-birindən ayrılmadı.

“Atam çox oxuyurdu”

Elçin müəllim atasının başqa bir xüsusiyyətini də xüsusi vurğulayır: — Atam çox oxuyurdu. Bəlkə də Bağır Bağırovun alim kimi yolunu izah edən ən sadə cümlə budur. Çox oxumaq. Amma sadəcə çox kitab oxumaq yox. Yeni fikrin arxasınca getmək. Başqasının düşündüyünü araşdırmaq. Onu öz sahənə gətirmək. XX əsrin ikinci yarısında dünya geologiyasında yeni riyazi metodlar və kompüter texnologiyaları tətbiq olunmağa başlayanda Bağır Bağırov bu istiqamətə xüsusi maraq göstərdi. Riyazi geologiya ilə bağlı əsərləri araşdırdı. Dmitri Rodionov kimi alimlərin işləri ilə tanış oldu. Və bir müddət sonra həmin yanaşmaların neft geologiyasında ilk dəfə tətbiqinə başladı. Bu, onun elm yolunda dönüş nöqtələrindən biri idi. Geoloji məlumatın yalnız təsviri deyil, riyazi üsullarla işlənməsi... Statistik təhlil... Modelləşdirmə... Kompüter texnologiyalarının geologiyaya gətirilməsi... Bu gün bunlar adi görünə bilər. Amma o illərdə belə yanaşmalar yenilik idi. Bağır Bağırov həmin yeniliyin Azərbaycandakı banisi oldu.

“15 noyabr 1968-ci il ...”

Elçin müəllim atasının namizədlik müdafiəsini də xatırlayır. 1968-ci ilin 15 noyabrı. O vaxt Elçin müəllim birinci sinifdə oxuyurdu. Atası ilə birlikdə müdafiəyə getmişdi. Uşaq üçün bəlkə də elmi müdafiənin nə demək olduğunu tam anlamaq çətin idi. Amma illər sonra həmin günün mənası dəyişdi. Çünki o, atasının elmi yolunun başlanğıc mərhələlərindən birinə öz gözləri ilə şahid olmuşdu. 1984-cü ildə isə artıq özü aspirant idi. Bu dəfə atasının doktorluq müdafiəsini Moskvada izlədi. Bağır müəllim İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində doktorluq dissertasiyasını müdafiə etdi. Ata elm yolunun mühüm mərhələsində idi. Oğul isə artıq həmin yolun davamını seçmişdi.

“Laboratoriyaya gedən yol”

1969-cu ildə Bağır Bağırov Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda fəaliyyətə başladı. Burada elmi işçi kimi başlayan alim sonralar institut rəhbərliyinin məsul vəzifələrinə qədər yüksəldi. Köhnə yataqlarda işlənmənin son mərhələsini tədqiq edən laboratoriyanın rəhbəri oldu. Onun elmi fəaliyyəti neft və qaz yataqlarının işlənilməsinin geoloji əsasları, geoloji məlumatların sistemləşdirilməsi və təhlili, riyazi modelləşdirmə və digər istiqamətləri əhatə etdi. Bu tədqiqatların bir xüsusiyyəti vardı: Onlar yalnız kağız üzərində qalmırdı. Azərbaycanın neft yataqlarında tətbiq edilirdi. Elmi ideya istehsalata gedib çıxırdı.

Müəllim

Bağır müəllimin həyatında elm qədər mühüm başqa bir sahə də var: müəllimlik. 1989-cu ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Neft-qaz mədən geologiyası” kafedrasına rəhbərlik etdi. Auditoriyada onun üçün əsas məsələ tələbəyə hazır cavab vermək deyildi. O, tələbəyə sual verməyi öyrədirdi. Nəticəyə necə gəldiyini soruşurdu. Geoloji nəticənin hansı fakta söykəndiyini araşdırırdı. Tələbələri onu tələbkar, ədalətli, vicdanlı müəllim kimi xatırlayırlar. Amma bu tələbkarlığın içində bir müəllim qayğısı vardı. Çünki Bağır müəllim tələbənin səhvindən çox, öyrənmək istəməməsindən narahat olurdu. Onun elmi rəhbərliyi ilə 16 fəlsəfə doktoru və bir elmlər doktoru hazırlanıb. Onlarla tələbəsi bu gün neft-qaz sənayesində uğurla çalışır. Bu rəqəmlər onun elmi məktəbinin ölçüsünü göstərir. Amma onun tələbələri üçün əsas məsələ say deyil, müəllimindən aldıqları düşüncə tərzidir.

Yəməndən Vyetnama qədər

Bağır Bağırovun tələbələri yalnız Azərbaycandan deyildi. O, Yəmən, Tunis, Rusiya, Əfqanıstan, Vyetnam və digər ölkələrdən gələn gənc mütəxəssislərin hazırlanmasında iştirak edib. Bu, sovet dövründə Azərbaycanın neft geologiyası məktəbinin beynəlxalq miqyasda tanınmasının da göstəricilərindən biri idi. Vyetnamlı mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərə görə Bağır Bağırovun bu ölkə tərəfindən ordenlə təltif edilməsi onun beynəlxalq elmi-pedaqoji fəaliyyətinin yadda qalan səhifələrindəndir.  Amma bir fakt aydındır: Bağır müəllim üçün müəllimlik yalnız auditoriya sərhədləri ilə bitməyib. O, bilik paylaşmağı elmə xidmətin bir forması hesab edib.

Bahar

Neftçi geoloq üçün yataqların adları bəzən tarixlərin özündən daha çox şey deyir. Bahar. Bu ad Bağır Bağırovun peşəkar həyatında da xüsusi məna daşıyır. Onun sənədləri arasında Xəzərin “Bahar” yatağının kəşfində iştirakını təsdiqləyən sertifikat da var. Yatağın kəşfi kollektiv əməyin nəticəsi idi. Bağır Bağırov da həmin böyük elmi-istehsalat prosesinin iştirakçılarından biri idi. Bəlkə də geoloq üçün bundan böyük mükafat yoxdur: illər sonra xəritəyə baxanda öz əməyinin izini görmək. 

1981-ci ildə Bakı

Bağır Bağırovun elmi təşkilatçılıq qabiliyyəti də onun fəaliyyətində mühüm yer tutur. Beynəlxalq və ümumittifaq elmi tədbirlərdə fəal iştirak edən alim Bakının geologiya, geofizika və seysmologiya sahəsində elmi toplantılarında da iştirak edib. 1981-ci ildə isə paytaxtda geoloji məlumatların riyazi üsullarının tədqiqinə həsr olunmuş beynəlxalq konfrans onun fəaliyyətinin həmin dövrdəki mühüm səhifələrindəndir.  Bağır müəllim üçün elmi konfrans sadəcə məruzə dinləmək yeri deyildi. Orada yeni fikir yaranırdı. Həmkarlar görüşürdü. Gənc alimlər özlərini sınayırdı.

Bir həmkarın gördüyü Bağır müəllim

Onu illərlə tanıyan həmkarları başqa bir Bağır Bağırovdan danışırlar.  Prinsipial alim, məsələdə tələbkar, münasibətdə səmimi. fikrinə əmin olanda geri çəkilməyən, amma qarşısındakının fikrini də dinləməyi bacaran... Onun həmkarları arasında uzun illər davam edən dostluqlar var. Elçin müəllim deyir: “Atam tələbəlik illərindən tanıdığı insanlarla əlaqəni qoruyub saxlayıb. Qrup yoldaşları ilə mütəmadi görüşürlər, telefonla hal-əhval tuturlar”. Bu da onun xarakterinin başqa bir cəhətini göstəriri: Bağır Bağırov insan münasibətlərini də uzunömürlü elmi əlaqələr qədər qiymətləndirir.

Elm onun üçün vəzifə deyildi

Bağır Bağırovun elmi irsi yüzlərlə əsərdən ibarətdir. 312 elmi əsər. 59 xarici nəşr. 22 beynəlxalq bazalarda indeksləşdirilən məqalə. Monoqrafiyalar. Dərsliklər. Metodik vəsaitlər. Beynəlxalq konqres və simpoziumlardakı məruzələr. "UNESCO"nun Riyazi Geoloqlar Cəmiyyətinin üzvü. Azərbaycan Neftçi Geoloqları Cəmiyyətində fəaliyyət. Elmi jurnalların redaksiya heyətlərində iştirak. AMEA-nın müxbir üzvlüyü. Əməkdar elm xadimi fəxri adı. Bunların hər biri bir alim ömrünün rəsmi göstəriciləridir. Amma Bağır Bağırovun həyatını yalnız bunlarla ölçmək ədalətsizlik olar. Onun elmi fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycanda geoloji-riyazi istiqamətin inkişafına verdiyi töhfə və bu istiqamətdə elmi kadrların yetişdirilməsidir.

Bir alimin ən böyük əsəri

Bağır Bağırovun adına yüzlərlə elmi əsər yazılıb. Onun haqqında yeni yazılar da yazılacaq. Kitabları oxunacaq. Alimin elmi ideyaları xatırlanacaq. Amma bütün bunların içində bir həqiqət var: Alimin ən böyük əsəri həmişə kitab olmur. Bəzən onun ən böyük əsəri bir tələbədir. Bağır Bağırovun ömrünə müxtəlif tərəflərdən baxırıq: Ərkivan. Balaxanı. Bakı. Moskva. Xəzər. Bahar. Auditoriyalar. Laboratoriyalar. Konfrans salonları. Və dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn tələbələr... Bu, bir insan ömrünün xəritəsidir. Geoloji xəritə kimi dəqiq, insan yaddaşı kimi canlı.

Onun tələbələri idi...

Bağır Bağırovun yetirmələri arasında uzun illər neft-qaz sənayesində çalışan alim və mütəxəssislər var. “Neftqazelmitədiqatlayihə” İnstiunun baş geoloqu Əhməd Salmanov, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Məhyəddin Həsənəliyev, fəlsəfə doktoru Fuad Məhərrəmov, Geologiya-mineralogiya üzrə elmlər namizədi Samirə Nəzərova, Bibiheybətneft NQÇİ-nin rəisi Nasir Xalıqov, SOCAR-ın Baş ofisində şöbə rəisi Elvin Əhmədov, şöbə rəisinin müavini Aytəkin İsmayılova, “Neftqazelmitədiqatlayihə” İnstiununda laboratoriya müdürü Ağarza Hacıyev, “SOCAR Upstream Management International” MMC-də Aktivlərin İdarəedilməsi üzrə rəhbər Eynulla Məmmədov və başqaları... Belə tələbələr haqqında danışanda Bağır müəllimin elmi məktəbinin mahiyyəti daha aydın görünür. Çünki məktəb yalnız kafedra və ya laboratoriya deyil.  Məktəb bir müəllimin düşüncə tərzinin tələbəsinə keçməsidir. Sonra həmin tələbənin özündən başqasına ötürməsidir. Beləcə, elm nəsildən-nəslə keçir.

“Bağır müəllim üçün elm sadəcə iş deyil, həyat tərzidir”

 “Neftqazelmitədqiqatlayihə” institutunda laboratoriya müdirinin müavini Vəfa Süleymanovanın xatirəsində Bağır müəllim hər zaman belə qalacaq. Bağır müəllimin rəhbərlik etdiyi “Neft-qaz mədən geologiyası” kafedrasında 25 il çalışmışam. Bu illər ərzində ondan təkcə peşəkar bilik və təcrübə deyil, dürüstlük, məsuliyyət, vicdan və insanlara hörmət kimi dəyərləri də öyrənmişəm. Bağır müəllim mənim həm müəllimim, həm elmi rəhbərim, həm də uzun illər kafedra müdirim olub. O, yüksək elmi biliyi və zəngin təcrübəsi ilə yanaşı, sadəliyi, obyektivliyi və insanlara münasibəti ilə seçilən bir alimdir. Tələbələri üçün həmişə mənəvi dayaq olub, onları düşünməyə, araşdırmağa və yenilik axtarmağa həvəsləndirib. Hər zaman savadlı, bilikli tələbələrin işlə təmin olunması üçün böyük səy göstərib, təşəbbüsü tələbənin özündən əvvəl Bağır müəllim irəli sürüb. Onun yaratdığı kafedra mühiti bir çoxumuz üçün əsl həyat məktəbi olub. Bağır müəllimin tez-tez dediyi bir fikir bu gün də yadımdadır: “Əgər gecə rahat və vicdanla yatmaq istəyirsənsə, gündüz gördüyün işlər və əməllərin dürüst və doğru olmalıdır.” Bu sözlər mənim üçün sadəcə bir nəsihət deyil, həyat prinsipinə çevrilib. Çünki Bağır müəllim özü də həmişə bu prinsiplə yaşayıb. Onun elmə bağlılığı isə xüsusilə yaddaqalandır. Bir dəfə birlikdə məqalə üzərində işləyirdik. Səhər işə gələndə dedi ki, yolda avtomobil idarə edərkən məqalə haqqında düşünüb və yeni bir elmi yanaşma yadına düşüb. Onda bir daha anladım ki, Bağır müəllim üçün elm sadəcə iş deyil, həyat tərzidir. O, daim düşünür, axtarır və yeni ideyalar yaradıb.

Bu gün qazandığımız elmi və peşəkar uğurlarda onun böyük əməyi var. Bizə verdiyi bilik, göstərdiyi yol və aşıladığı dəyərlər həmişə bizimlə qalacaq. Mən onun həm tələbəsi, həm də işçisi olduğum üçün özümü çox şanslı hesab edirəm.

Tələbəsinin gələcəyini görməyi bacaran alim

Neft-qaz yataqlarının kəşfiyyatı, işlənmə strategiyalarının hazırlanması, hasilatın artırılması, layihələrinin  planlaşdırılması istiqamətləri üzrə məsləhətçi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dossenti Elmir Qaragözov deyir ki, Bağır müəllim onun üçün sadəcə müəllim olmayıb. O, tələbəsinin biliyini yox, gələcəyini də görməyi bacaran insan olub. Verdiyi məsləhətlərdə həmişə bir neçə addım qabağı düşünüb. Elmi işə, inteqrə olunmuş yanaşmaya və o vaxt hələ geniş yayılmayan süni neyron şəbəkələrinə yönləndirməsi bunun ən yaxşı nümunəsidir. Sonradan anladım ki, onun tövsiyələri təkcə elmə deyil, mənim bir mütəxəssis kimi formalaşmağıma hesablanıb. Mənim üçün Bağır müəllimin ən böyük xüsusiyyəti də məhz bu idi: o, tələbəyə dərs keçməyib, onun yolunu görməyə və doğru yolu seçməyə kömək edib.

“Bağır müəllim üçün tələbə hər şeydən əvvəl insan idi”

“Bibiheybətneft” NQÇİ-nin rəisi Nasir Xalıqov Bağır müəllimi böyük hörmətlə xatırlayır. Onun sözlərinə görə, Bağır müəllim hər zaman tələbələrə diqqət və qayğı göstərib, onların biliyinə və zəhmətinə qiymət verib. Nasir Xalıqov xüsusilə onun dürüstlüyünü və prinsipiallığını vurğulayır. Deyir ki, Bağır müəllim uzun illər müəllimlik fəaliyyəti dövründə heç vaxt şəxsi maraqları üstün tutmayıb, hər zaman müəllim adına layiq davranıb. Tələbələrə yalnız dərs deməyib, həm də onlara yol göstərib, çətinliklərində dayaq olub. Bu gün onun yetirmələrinin müxtəlif sahələrdə qazandığı uğurlar Bağır müəllimin tələbələrinə verdiyi zəhmətin və diqqətin ən yaxşı göstəricisidir.

Son söz əvəzinə

90 il böyük rəqəmdir. Amma elm adamının ömrünü illərlə ölçmək bəzən haqsızlıqdır. Bağır Əli oğlu Bağırovun ömrünü onun yetişdirdiyi insanlarla ölçmək daha doğrudur. Onun tələbələri ilə. Onun həmkarları ilə. Onun əsərləri ilə. Onun elmi ideyalarının davamı ilə. Və ən sonda — onun oğlunun yaddaşında yaşayan ATA obrazı ilə. Çünki insan onun titulları bir müddət sonra tarixə çevrilir. Kitablarının səhifələri saralır. Diplomlar arxivlərə gedir. Amma bir müəllimin tələbəsinə dediyi söz, bir atanın övladına verdiyi tərbiyə, bir alimin yetişdirdiyi insan — bunlar yaşayır. Bağır Bağırovun da ən böyük mirası elə budur. O, yalnız geologiyanı öyrənməyib. Geologiyanı öyrədən insanlar yetişdirib. Və bəlkə də bir alimin ömrünə verilə biləcək ən böyük qiymət budur.

Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyi münasibətilə görkəmli alimimizi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Onun elmə və Vətənə həsr etdiyi mənalı həyat yolu, zəngin  fəaliyyəti və dəyərli xidmətləri gələcək nəsillər üçün gözəl bir örnək olaraq qalacaqdır.

Qələmə aldı
Vüqar Həsənov,
araşdırmaçı-jurnalist