Süni intellektin inkişafında ən çox müzakirə olunan ssenarilərdən biri texnologiyanın bir gün insan zəkasını üstələməsidir. Belə bir mərhələyə çatacağı təqdirdə, gələcək elmi kəşflərin və texnoloji yeniliklərin əhəmiyyətli hissəsinin insanlar deyil, maşınlar tərəfindən həyata keçirilə biləcəyi ehtimal olunur.
Bu ssenari “süni intellekt sinqulyarlığı” adlandırılır. Anlayış süni intellektin özünü təkmilləşdirə biləcək səviyyəyə çatması və bunun nəticəsində inkişaf tempinin insan nəzarətindən kənara çıxacaq qədər sürətlənməsi ideyasına əsaslanır. Sinqulyarlığın nə vaxt baş verəcəyi ilə bağlı proqnozlar isə bir-birindən ciddi şəkildə fərqlənir. Məşhur futurist Rey Kurtsveyl bu mərhələnin 2045-ci ildə baş verəcəyini proqnozlaşdırır. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei isə daha yaxın tarixdən, 2027-ci ildən danışır. “OpenAI” şirkətinin həmtəsisçisi və baş direktoru Sem Altman isə prosesin artıq başladığını düşünür. O, bu mərhələnin gəlməsini bütün həyatı boyu gözlədiyini və nəticələrinin dünya üçün son dərəcə müsbət ola biləcəyini bildirib. Lakin bu məsələyə münasibət birmənalı deyil. Bəzi tədqiqatçılar süni intellektin inkişafının insan həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini düşünür, digərləri isə nəzarətsiz inkişafın gələcəkdə ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Sinqulyarlıq artıq başlayıb?
Süni intellekt sahəsində son illərdə baş verən sıçrayışlar, özünü təkmilləşdirə bilən sistemlərin hazırlanması və müxtəlif tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirən avtonom agentlərin yayılması sinqulyarlıqla bağlı müzakirələri daha da aktuallaşdırıb. Ancaq bu inkişafların həqiqətən sinqulyarlığın başlanğıcı olub-olmadığı anlayışın necə müəyyənləşdirilməsindən asılıdır.
Bu ideyanı 1965-ci ildə britaniyalı riyaziyyatçı İrvin Con Qud geniş şəkildə gündəmə gətirmişdi. Onun nəzəriyyəsinə görə, insan səviyyəsindən daha yüksək intellektə malik maşın özünü yenidən layihələndirərək əvvəlki versiyasından daha ağıllı və bacarıqlı sistem yarada bilər. Bu proses təkrarlandıqca süni intellektlə insan zəkası arasındakı fərq sürətlə arta bilər.
Hazırkı süni intellekt sistemlərinin bu mərhələyə çatdığına dair isə elmi konsensus yoxdur. Müasir modellər ayrı-ayrı sahələrdə insanı geridə qoya bilsələr də, hələ də əsasən insanların müəyyən etdiyi məqsədlər və nəzarət mexanizmləri çərçivəsində fəaliyyət göstərirlər. Onların müstəqil şəkildə tamamilə yeni elm sahələri yaratması və ya özlərini insan müdaxiləsi olmadan yenidən qurması barədə etibarlı sübut yoxdur. Bununla belə, sərhədlərin tədricən dəyişdiyi də müşahidə olunur. Yeni nəsil süni intellekt modelləri daha mürəkkəb tapşırıqları yerinə yetirir, elmi araşdırmalarda və texnologiyanın inkişafında istifadə olunur.
Altmanın fikrincə, sinqulyarlıq bir anda baş verən kəskin hadisədən daha çox, tədricən inkişaf edən proses ola bilər. Cəmiyyət süni intellektin fərziyyələr irəli sürməkdən tutmuş müxtəlif intellektual işləri avtomatlaşdırmağa qədər daha çox sahədə istifadə edildiyi reallığa mərhələli şəkildə uyğunlaşa bilər. Bəzi tədqiqatçılar isə böyük dil modellərinin mövcud texniki quruluşunun onların imkanlarını məhdudlaşdırdığını düşünür. Onların fikrincə, belə sistemlərin insanın düşünmə qabiliyyətinə bərabər həqiqi mühakimə, yaradıcılıq və müstəqil zəka nümayiş etdirib-etdirmədiyi hələ açıq sualdır.
Altman süni intellekt sinqulyarlığının artıq başladığını düşünən yeganə tanınmış texnologiya rəhbəri də deyil. “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da bu ilin əvvəlində süni intellekt sahəsində sinqulyarlıq mərhələsinə daxil olunduğunu bildirib. Mask uzun illərdir süni intellektin mümkün təhlükələri barədə xəbərdarlıq edir. O, inkişaf etmiş süni intellektin ciddi nəzarət mexanizmləri olmadan inkişaf etdirilməsinin bəşəriyyət üçün risk yarada biləcəyini dəfələrlə vurğulayıb.

Nəzarətdən çıxan süni intellekt nə edə bilər?
Nəzarətsiz süni intellektin mümkün təhlükələrini izah etmək üçün ən çox istifadə olunan nümunələrdən biri “kağız sancağı maksimumlaşdırıcısı (Paperclip maximizer)” düşüncə təcrübəsidir.
Filosof Nik Bostromun 2003-cü ildə irəli sürdüyü bu ssenaridə superintellektual sistemə mümkün qədər çox kağız sancağı istehsal etmək kimi sadə məqsəd verilir. Sistem məqsədinə çatmaq üçün qarşısındakı bütün maneələri aradan qaldırmağa çalışarsa, nəticədə insan maraqları ilə ziddiyyət yarana bilər. Bu düşüncə təcrübəsinin əsas mesajı ondan ibarətdir ki, süni intellektə verilən məqsəd düzgün müəyyənləşdirilmədikdə, sistem həmin məqsədə çatmaq üçün insanların nəzərdə tutmadığı və təhlükəli üsullara əl ata bilər.
Son dövrlərdə aparılan təhlükəsizlik sınaqları da bu narahatlıqları yenidən gündəmə gətirib. “Anthropic” və “OpenAI” tərəfindən hazırlanmış bəzi süni intellekt modellərinin xüsusi sınaq mühitlərində verilmiş tapşırıqları yerinə yetirmək üçün gözlənilməz davranışlar göstərdiyi barədə məlumatlar yayılıb. Lakin bu hadisələri real dünyada nəzarətdən çıxmış superintellektin ortaya çıxması kimi qiymətləndirmək düzgün olmaz. Söhbət xüsusi hazırlanmış test mühitlərində müşahidə edilən davranışlardan gedir.
Sem Altman da süni intellekt sahəsində hələ həll edilməmiş ciddi təhlükəsizlik və uyğunlaşdırma problemlərinin olduğunu etiraf edib. Onun fikrincə, ən böyük risklər superintellektin yaranmasından əvvəl də özünü göstərə bilər: “Bunların arasında əmək bazarında kəskin dəyişikliklər, bəzi peşələrə tələbatın azalması, iş yerlərinin itirilməsi və iqtisadi sistemlərdə ciddi dəyişikliklər xüsusi yer tutur. Bu baxımdan “süni intellekt sinqulyarlığı”nın bir gündə baş verən texnoloji sıçrayış, yoxsa tədricən formalaşan proses olması əsas məsələ olmaya bilər. Maşınların bütün sahələrdə insanlardan daha ağıllı olması reallığı baş tutmadan da süni intellekt sənayeni, dövlət idarəçiliyini, təhsil sistemini və əmək bazarını köklü şəkildə dəyişə bilər. Əsas sual isə artıq yalnız “Süni intellekt insanı nə vaxt ötəcək” deyil. Daha vacib məsələ bu texnologiyanın inkişaf tempi sürətləndikcə onun hansı qaydalarla idarə olunacağı və insan maraqlarına uyğun istiqamətdə inkişafının necə təmin ediləcəyidir.”
Şahnigar Əhmədova, “İki sahil”