24 avqust 2022 14:46
583

Şəhid Elçin Quliyevin doğum günündə xatirəsi anılıb FOTO

2001-ci ilin avqust ayının 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gələn şəhid Quliyev Elçin Etibar oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin doğum günündə ailəsi ilə bərabər İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev şəhidin ailəsinə baş sağlığı verərək, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanların lazımi qayğı ilə əhatə olunmasından, şəhidlərimizin xatirəsinin daim əziz tutulmasından, onların adının əbədiləşdirilməsindən danışıb.

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Natiq vurğulayıb ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Şəhidin doğmaları Elçin Quliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.