25 avqust 2022 00:09
703

Lerikdə “Şəhidlər ölməz” abidə kompleksinin açılışı olub FOTO

Siyov Lerik rayonunun ucqar dağ kəndidir.  Təbiətin buraya bəxş etdiyi saflıq insanların qanına da köçübdür. Burada torpağını sevmək, Vətənə məhəbbət göstərmək, halal, mehriban dolanmaq ululardan qalma ən müqəddəs adətdir. Bu diyarın Azərbaycanımızın bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğulları çoxdur. Kəndin ən səfalı guşəsində   Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların  şərəfinə  “Şəhidlər ölməz” abidə kompleksi inşa edilibdir.  

Siyovluların müqəddəs and yerinə döyən “Şəhidlər ölməz” abidə kompleksinin açılış  mərasimi keçirildi.   Dövlət Himninin oxunması  ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Abidə kompleksinin üzərindən örtük Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və şəhid valideynlərlə birgə  götürüldü, önünə tər-təzə gül-çiçək dəstələri düzüldü.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid ailələrini, kənd sakinlərini salamlayıb dedi:-  Əvvəla  möhtəşəm  abidə kompleksinin tikintisində dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Azərbaycanımızın əbədi, əzəli  torpaqlarının azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi daim əziz tutulur, onların adının əbədi qalması üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin bu istiqamətdə xalqımızın mərd övladları, ictimaiyyət nümayəndələri, eləcə  sahibkarlar  müəyyən işlər görürlər.  Bu istiqamətdə respublikada olduğu kimi, qartalı dağlardan vüqar, qürur alan Lerikdə də müxtəlif işlər icra edilibdir. Dediyim tədbirlər silsiləsindən olmaqla sizin kəndinizdə  ictimaiyyət nümayəndələrinin maliyyə dəstəyi, ərazidən olan sahibkarların, həm  rayon icra hakimiyyətinin təşkilatçılığı sayəsində Vətən şəhidlərin adına  belə abidə kompleksi ucaldılıb. Bəli, şəhidlər ölməz, Vətən bölünməz...

Siyov kəndinin ağsaqqalı Ə. Zeynalov, ehtiyatda olan polkovnik H. Ağayev, Vətən müharibəsi şəhidi Vidadi Cabbarovun atası Cəbrayıl Cabbarov çıxış edib ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə həmişə ehtiram göstərdiyini , xalqımızın şəhidlər ilə qürur duyduğunu dedilər. Şəhid qardaşı Bəxtiyar Bayramov  isə çıxışında şəhid ailələrinə ölkədə yüksək  səviyyəli qayğıya görə  dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Çıxışlar bitdi, söz  Mehman Qafarov adına Siyov kənd tam orta məktəbinin şagirdlərinə verildi. Onların Vətən və şəhidlərlə bağlı hazırladığı   kompozisiya sözün əsl mənasında ürəkləri qürurla doldurdu.

 Zəfər  Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü