Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun dağlar diyarı Orand kənd sakinləri ilə səyyar görüş-qəbulu hər iki tərəfin ürəyincə oldu. Adəti üzrə icra başçısı öz çıxışına vətəndaşları salamlamaqla başladı. Bildirdi ki, keçirilən səyyar görüş-qəbullarda əsas məqsədin yerlərdəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda digər məsələlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaqdır. Daha sonra dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada, rayonda, eləcə Orand kənd inzibati ərazi dairəsində görülmüş işləri diqqətə çatdırdı, qarşıda duran vəzifələri göstərdi.
Rayon icra hakimiyyəti başçısının Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi də çıxış etdi. O, ərazidə son vaxtlar görülən işlərdən danışdı, qalan problemləri aradan qaldırmaqdan ötrü kömək istədi.
Kənd sakinlərin göstərdiyi ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və tədbirə qatılan rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarına, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinə tapşırıqlar verildi.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü