Lerik İntellektual Oyunlar Klubunun təşkil etdiyi "Nə? Harada? Nə zaman? " bilik yarışması
Vətən müharibəsi şəhidləri Altay və Elgün Tahir oğlu Mövlanov qardaşlarının əziz xatirəsinə həsr olunmuşdu. Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbinin akt zalında baş tutan bilik yarışması Azərbaycan Respublikasının Dövlət Himni oxunması, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov, Şəhidlərin atası Tahir Mövlanov, anası Sevda xanım, bacısı Əminə və Lerik rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Murad İskəndərov çıxışlarında Zəfər tariximizi yazan igidlərimiz haqqında danışdılar. O da bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Altay Mövlanov şəhadətindən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə", Elgün Mövlanov isə "Vətən uğrunda" medallarına layiq görülüblər.
Daha sonra 11 komandanın qatıldığı Şəhid qardaşların xatirəsinə həsr olunmuş yarışa start verildi.
Maraqlı və gərgin keçən bilik yarışmasında münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdi. Onlar fəxri fərman və diplomlarla təltif olundular.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü